• Təqvim

  • Unutma

  • Maraq



Qazax RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, bildiyiniz kimi, hər il görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat yığıncaqları keçirilir. İstər şəhər, istərsə də kənd İnzibati Ərazi Dairələri üzrə keçirilən bu hesabat yığıncaqlarının əsas məqsədi rayonda görülmüş işlərə qiymət vermək, mövcud vəziyyəti öyrənmək və nəzərdə tutulan işlərə öz münasibətimizi bildirməkdir. Görüləcək işlərə öz təklif və istəklərimizi əlavə etməklə rayonumuzun inkişafı naminə daha böyük işlər görməkdir. İcra başçısı vurğulayıb ki, bu gün Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü - müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Bu il aparılan iqtisadi islahatlar gələcəkdə inkişafımız üçün gözəl üfiqlər, perspektivlər açmışdır. İcra başçısı qeyd edib ki, ölkəmizdə olan dinamik inkişafı yanvarın 13-də cənab Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə başçısının söylədiyi fikirlərdən də aydın şəkildə bir daha gördük. Müşavirədə ölkə başçısı 2019-cu il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir. İcra başçısı bildirib ki, cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi. Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Bu onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının qayğısı ilə yaşayır və çalışır ki, onların sosial rifah halı durmadan yaxşılaşsın.

 

Rayon rəhbəri qeyd edib ki, hər il olduğu kimi, yola saldığımız 2019-cu il ölkəmiz və xalqımız üçün uğurlu bir il olmuşdur. Rayon rəhbəri qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin olduğu Azərbaycanın ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. İcra başçısı qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı bir daha sübut edir ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük nailiyyətlərə imza atmasına geniş imkanlar yaradacaq. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə görülmüş işlərin 2020-ci ildə də daha geniş vüsət alacağını diqqətə çatdırıb.

2019-cu ildə görülmüş işlərin geniş miqyas aldığını qeyd edən icra başçısı həmin işlərə bağçaların əsaslı şəkildə yenidən qurulmasını, çoxmənzilli binaların təmir olunmasını, yeni avtomobil yollarının çəkilməsini, yeni sosial obyektlərin inşa olunmasını və s. nümunə göstərib.

2019-cu ildə rayonda keçirilən mədəni-kütləvi tədbirlərdən söz açan rayon rəhbəri 2020-ci ildə də bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini, bütün tədbirlərin yüksək səviyyədə təşkil olunacağını qeyd edib. İcra başçısı bildirib ki, yola saldığımız 2019-cu il İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə yaddaşlara yazıldı. Bu Sərəncam təkcə 2019-cu ili əlamətdar etmədi, eyni zamanda, ölkə başçısının qazaxlılara, ziyalılarımıza həmişə qayğı ilə yanaşdığını bir daha nümayiş etdirdi. Bundan başqa, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi respublikamzıın hər yerində olduğu kimi, Qazaxda da böyük təntənə ilə qeyd olundu. Hər iki əlamətdar tədbirin yüksək səviyyədə təşkil olunması üçün il ərzində lazımi işlər həyata keçirildi və il uğurla başa çatdırıldı.

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi göstərib. Qeyd edib ki, bu Sərəncam ölkə başçısının gənclərə yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatının sosial-ictimai həyatın bütün sahələrində aktiv və səmərəli fəaliyyətinin təşkilində mühüm rol oynayacaq və gənclərə geniş imkanlar yaradacaq. 


2016-2019-cu illərdə rayonda aparılan abadlıq və quruculuqdan söz açan icra başçısı bu sahədə görülən işlərin ildən-ilə daha geniş miqyas aldığını vurğulayıb. 2019-cu il üçün yaddaqalan hadisələri çatdıran icra başçısı rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin yüksək səviyyədə başa çatmasını, yenə də böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərini rayonumuz üçün əlamətdar hadisə kimi qeyd edib.

Rayon rəhbəri Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib.

Qazaxda "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən icra başçısı bunun bariz nümunəsi olaraq ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini göstərib. Bundan əlavə, S.Əfəndiyev adına şəhər 1, İ.Qayıbov adına şəhər 3 və N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəblərdə cari təmir işlərinin aparıldığını diqqətə çatdırıb. Bağçalarda aparılan əsaslı yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız 2019-cu ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi göstərib. Vurğulayıb ki, son 3 ildə rayon üzrə olan 25 bağçadan 22-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb ki, həmin təmirli bağçalardan 6-sı məhz şəhərdə yerləşir.

Qazax RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəsi Akif Vəliyev çıxış edərək bildirib ki, əgər 2018-ci ili dərin islahatlar ili adlandırmışdıqsa, 2019-cu ili həm böyük sosial və struktur, kadr islahatları ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi qiymətləndirməliyik. İnqilabi sosial islahatlar dövlət başçısının hər zaman adına və vədinə sadiqliyinin bariz təcəssümü idi. Bununla da bütün sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müavinətlər orta hesabla 50%, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70%-dən çox artdı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir.

İcra nümayəndəsi geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, şəhərin əhalisi 22060 nəfər, təsərrüfatı 4841 ailə, çoxmərtəbəli yaşayış binalarının sayı 158, ümumi torpaq sahəsi 804 hektar, xüsusi mülkiyyət 242 hektar, dövlət mülkiyyəti 234 hektar, bələdiyyə torpaqları 328 hektardır. Şəhər ərazisində ali təhsil müəssisəsi - Bakı Dövlət Universitetinin Qazax filialı, orta ixtisas məktəbi – Qazax Dövlət Sosial-iqtisadi Kolleci, 1 məktəb-lisey, 5 tam orta, 1 ümumi orta məktəb, 6 uşaq bağçası, əsrin əvvəlində İsrafil ağa tərəfindən inşa edilmiş Məscid, hamam fəaliyyət göstərir. 1918-1959–cu illərdə fəaliyyət göstərmiş Qazax Müəllimlər Seminariyasının inzibati binası vardır. Çingiz Ağa tərəfindən inşa etdirilmiş hazırda isə rayon poliklinikası kimi fəaliyyət göstərən tarixi bina, şəhərdə görkəmli şəxsiyyətlərin, şair və yazıçıların büstləri olan Mütəfəkkirlər parkı, şəhərdə şəhidlərin xatirə kompleksi, şəhərdə 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksi, şəhidlərin xatirəsinə inşa edilmiş 15 bulaq kompleksi vardır.

Qeyd edib ki, 2019-cu il Qazax şəhəri üçün əlamətdar olmuşdur. Rayon rəhbərliyinin göstərişi ilə ötən müddət ərzində Qazax şəhərinin abadlığı, kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin, həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətlərində mühüm işlər həyata keçirilmişdir. Hesabat ilində Qazax şəhərində bir çox işlər görülmüşdür. Qazax şəhər əhalisini uzun illərdir narahat edən su və kanalizasiya sisteminin yenidən qurulması ölkə başçısının və rayon rəhbərliyinin qayğısı sayəsində öz müsbət həllini tapdı. Demək olar ki, su və kanalizasiya sisteminin çəkilməsi işləri 50%-ə qədər görülübdür.         

Şəhərdə yerləşən çoxmənzilli binaların blok və fasadlarındakı köhnə suvaqların qaşınaraq tökülməsi, yenidən suvanaraq rənglənməsi, dam örtüklərinin dəyişdirilməsi, həyətlərinin abadlaşdırılması 2019-cu ildə görülən işlərin əsasını təşkil etmişdir. Bunlar şəhərin Bakı küçəsi 1, H.Əliyev pr-ti 175, 173, Azadlıq küçəsi 107, 92, Şəhidlər xiyabanı küçəsi 12, 14, 25, 27 ünvanlarda yerləşən 4 bloklu, 5 mərtəbəli, H.Əliyev pr-ti 179-da yerləşən 2 bloklu, 9 mərtəbəli, Ə.Qədirov küçəsi 2, 3, 4 ünvanlarında yerləşən 2 bloklu, 2 mərtəbəli, H.Əliyev pr-ti 171, 127 saylı 2 mərtəbəli, 1 bloklu, M.V.Vidadi küçəsi 14-də 1 bloklu, 2 mərtəbəli binaların, cəmi 16 binanın blok və fasadlarında əsaslı təmir işləri aparılmış, bloklara dəmir qapılar qoyulmuş, bloklarda olan pəncərələr plastik pəncərələrlə əvəz edilmişdir. Ümumilikdə, Qazax şəhəri üzrə 2019-cu ildə Mənzil İstismar Sahəsinin balansında olan 158 binadan təmir edilməmiş 38 binanın 18-də dam örtüyü dəyişdirilmiş, 16 binanın fasad və blokunda, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir işləri görülmüş, binalarda rənglənmə və həyətlərində abadlıq işləri aparılaraq 1 ədəd xeyir-şər evi yüksək səviyyədə tikilərək sakinlərin istifadəsinə verilmişdir. 2019-cu il ərzində Qazax şəhəri H.Əliyev prospektində, Azadlıq, S.Vurğun, M.P.Vaqif, Z.Tağıyev, Ə.Dilbazi, M.V.Vidadi, H.Arif, Ə.Şıxlinski küçələrində və N.Nərimanov yaşayış massivi də olmaqla, cəmi 11 küçədə asfalt beton örtüyü əsaslı təmir olunmuş və yolun hərəkət zolaqlarının və piyada keçidlərinin xətlənməsi işləri görülmüşdür. Ümumiyyətlə, 2019-cu ildə uzunluğu 18 km olan 12 küçədə yollar çınqıl örtüyü ilə təmir olunmuşdur. Hazırda uzunluğu 8 km olan 10 küçədə yolların çınqıl örtüyü ilə təmir olunması davam etdirilir. 2019-cu ildə şəhər üzrə 6 uşaq bağçasında cari təmir işləri aparılmışdır. 6 saylı körpələr evi-uşaq bağçasında uşaqların istirahəti üçün 139 kv.m dəmir çardaq tikilərək körpələrin istifadəsinə verilmişdir. 3 saylı körpələr evi-uşaq bağçasının həyətində uşaqlar üçün əyləncə mərkəzi düzəldilmişdir.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 30 dekabr 2012-ci il tarixli 374 saylı Sərəncamına uyğun olaraq köhnə mərkəzi rayon xəstəxanası sökülərək yerində yeni 145 çarpayılıq mərkəzi rayon xəstəxana kompleksinin tikintisi 2019-cu ildə başa çatmışdır. Açılışa tam hazırdır.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə və Gənclər Mərkəzində təmir işləri aparılmışdır.

Hesabat ilində Qazax şəhəri H.Əliyev pr-də 1, M.Ə.Rəsulzadə küçəsində 1, cəmi 2 ədəd bulaq kompleksi tikilərək şəhidlərimizin adları əbədiləşdirilmişdir. Qazax şəhərində görülmüş geniş quruculuq, abadlıq işləri şəhərin demək olar ki, hər yerində aparılmış, şəhərin H.Əliyev prospektində 2018-ci ildə yarımçıq qalmış işlər davam etdirilmiş, yaşıl ağac və gül kolları əkilmiş, prospekt boyu hasarlar sökülərək yenidən tikilmiş, suvanaraq rənglənmiş, 18 çoxmənzilli binanın dam örtüyü dəyişdirilmişdir. Bundan başqa, şəhərin giriş hissəsində, Mütəfəkkirlər parkında, Ş.Xiyabanı və S.Vurğun küçələrində abadlıq-quruculuq işləri aparılmışdır.

Azadlıq küçəsində yerləşən Qazax Rayon İcra Hakimiyyətinin binasının dam örtüyü dəyişdirilərək xüsusi forma verilərək, binanın ətrafına işıqlanma sistemi quraşdırılmış, İsmayıl Şıxlı parkının ətrafı taxta hasarlarla əhatə olunmuşdur. Şəhərin ərazisində yaşayan şəhid ailələrinə, müharibə veteranlarına, imkansız ailələrə tikinti, abadlıq-quruculuq işlərində lazım olan köməkdarlıq edilmişdir.

Hesabat ilinə ümumilikdə nəzər salsaq görərik ki, şəhərdə il ərzində 19212 kv.m dam örtüyü dəyişdirilmiş, 12520 kv.m evlərin və hasarların fasad hissələri suvanaraq rənglənmiş, 260 kv.m hörük işləri aparılmış, 1 ədəd yeni darvaza qoyulmuş, 15 ədəd dəmir darvazalar təmizlənərək yenidən rənglənmiş, 2562 ədəd ağac və gül kolları əkilmiş, 3800 kv.m küçə və parklarda yaşıl ot örtüyü düzülmüşdür. Şəhərin Azadlıq 6, Bakı 2, H.Əliyev 2, M.V.Vidadi 2, Ş.Çobanov 2, Ə.Dilbazi 3, N.Nərimanov yaşayış massivi 1, cəmi 18 çoxmənzilli binada dam örtüyü dəyişdirilmiş, 16 çoxmənzilli binanın fasad və bloklarında, cəmi 25 binaya qarşı 33 binada əsaslı təmir işləri aparılmışdır. Həyətlərində abadlıq işləri görülmüş, sakinlərin istirahəti üçün oturacaq stolları qoyulmuşdur. Binaların qaz, işıq, su xətləri təmir edilmiş, bina sakinlərinin istək və arzuları tam şəkildə yerinə yetirilmişdir. Bloklara yeni 43 ədəd dəmir seyf qapılar qoyulmuşdur. Ş.Xiyabanı 25 və 27 ünvanında yerləşən binaların bloklarında olan 28 ədəd taxta pəncərələr plastik pəncərələrlə əvəz edilmişdir. Ş.Xiyabanı 27 ünvanında yerləşən binanın sakinlərinin 48 ədəd yararsız pəncərələri dəyişdirilərək plastik pəncərələrlə, 32 ədəd pəncərələr isə yeni taxta pəncərələrlə dəyişdirilərək rənglənmişdir. Həyətlərə asfalt beton örtüyü qoyularaq binaların tikildiyi gündən heç vaxt təmir olunmamış binalara yeni görkəm verilmişdir.

Hesabat dövründə Qazax şəhərinin yaşıllıq və təmizlik sahəsinə xidmət göstərən Kommunal Müəssisələri Kombinatı öz işlərini günün tələbləri səviyyəsində quraraq gündəlik şəhərin təmizlik işləri ilə məşğul olur. Ümumilikdə Kommunal Müəssisələri Kombinatında təmizlik sahəsində 57, yaşıllıq sahəsində isə 12 nəfər işçi çalışır. Bundan başqa, ölkə prezidentinin göstərişi ilə "DOST İŞ” MMC yaradılmış və həmin mərkəzin 238 nəfər işçisi kömək məqsədilə işləmək üçün KMK-na verilmişdir. Bütün bu işçilərin hər biri şəhərin yaşıllıq və təmizlik işləri ilə məşğul olurlar. Ən önəmli işlərdən biri şəhərdə gündəlik növbətçiliyin təşkilidir. Belə ki, növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 24:00-dək təmizliyin qorunub saxlanılması işləri diqqət mərkəzində olur. Zibil poliqonunda həftədə bir dəfə traktorla təmizlik işləri aparılır ki, bu da işlərin gedişinə öz təsirini göstərir.

Qazax şəhər ərzisində xidmət göstərən təşkilatlardan Mənzil İstismar Sahəsi 158 binaya xidmət edir. Həmin binalarda 1931 mənzil vardır. 2019-cu ildə balansda olan binalardan 16 ədəd çoxmənzilli binanın fasad və blokları rənglənmiş, 18 ədəd binanın dam örtüyü dəyişdirilmişdir. Ümumilikdə, 2019-cu ildə Qazax şəhər Mənzil İstismar Sahəsinin balansında olan 158 binadan balansda olmayan 5 ədəd, ümumilikdə cəmi 163 çoxmənzilli binada bu günə kimi 131 binada əsaslı təmir işləri aparılmışdır. Bütün bu görülmüş işlərə baxmayaraq şəhərdə yerləşən çoxmənzilli binalardan hələ də 27 ədədində heç bir iş görülməmişdir. Bu işlər 2020-ci ildə tam başa çatacaqdır.

Əhalinin qaz yanacağı və elektrik enerjisi ilə təmin edilməsi sahəsində də hesabat ilində məqsədyönlü işlər görülmüşdür. Şəmkir RQİS-nin Qazax rayonu üzrə əhali abonentlərinin sayı 21325 nəfər, qeyri-əhali abonentlərinin sayı 366 nəfərdir. 2019-cu ildə Qazax rayon Qaz İstismar İdarəsi istehlakçılara 114 536 436 kubmetr təbii qaz satmışdır. Əhali abonentlərindən 3 771 299 manat qaz pulu yığılaraq plana 108,10 % əməl edilmişdir ki, bu da 2018-ci ildəkindən 14,5% çox olmuşdur. 2019-cu ildə 2024 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz edilmişdir. 2019-cu ildə 320 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. Qazax şəhərinin Q.Kərəm, N.Nərimanov, Ə.Süleymanov küçələri, N.Nərimanov qəsəbəsinin korroziyaya uğrayan müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Qazax şəhər ətrafı Bakı küçəsi (Göy binanın yanı), N.Tusi küçəsi "Ərik bağı” adlanan ərazidə, N.Nərimanov qəsəbəsi yeni massivdə və Ağstafa çayının sağ sahilində, ümumilikdə, 4 yaşayış massivi qazlaşdırılmış, müasir qaz tənzimləyici qurğular qoyulmuşdur.

Qazax Elektrik Şəbəkəsi üzrə 2019-cu il ərzində əhalini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün Qazax şəhərində bir sıra işlər görülmüşdür. Şəhərin Ə.Qədirov küçəsində (Dəmiryolunun alt hissəsi) həyətyanı sahələrdən keçən, böyük təhlükə yaradan 10 kv-luq Qazax-4 H/X-də yenidənqurma işləri aparılmış, 8 ədəd 10 kv-luq metal dayaq quraşdırılmaqla 400 m uzunluqda yeni 10 kv-luq H/X-i çəkilməklə həyətyanı sahələrdən kənara çıxardılmışdır. 0,4 kv-luq H/X-lərində 10,2 km uzunluğunda cari təmir işləri aparılmış, 62 ədəd ağac dayaq metal dayaqla əvəz edilmişdir. Qazax şəhərinin "Ərik bağı” deyilən yerdə 2 ədəd 100 kv-luq transformatorlar 250 kv-luq transformatorlarla əvəz edilmişdir. Qazax şəhərinin enerji təchizatı əsasən 35/10 kv-luq Qazax-1 №-li y/st-dan həyata keçirilir. Şəhəri qidalandırmaq üçün y/st-dan 5 ədəd 10 kv-luq xətlər çıxır, həmin xətlərin cəmi uzunluğu 51 km təşkil edir. Əhaliyə 152 ədəd müxtəlif gücdə olan 10/0,4 kv-luq transformatorlar xidmət göstərir. Həmin transformatorlardan çıxan 0,4 kv-luq xətlərin uzunluğu 66,6 km-dir.

Qazax Su-kanal İdarəsi 2019-cu ilin 12 ayı 6367 əhali abonentinə, 262 qeyri-əhali abonentlərinə, bunların da 32-si respublika büdcəsi, 40-ı yerli büdcə, 170-i ticarət, 20-si istehsal-sənaye obyektlərinə xidmət göstərmişdir. 2019-cu ilin 12 ayı ərzində 1069324 kubmetr su satılmışdır. Su və çirkabsu xidmət haqqının dəyəri 559373 manat təşkil etmişdir. 2019-cu ilin 12 ayı ərzində ödəniş isə 541791 manat olmuşdur ki, bu da satışın 97%-ni təşkil etmişdir. 2019-cu ilin 12 ayı ərzində Qazax şəhər Su-kanal İdarəsi tərəfindən Qazax şəhərinin Bakı, M.Hüseyn küçələrində olan su nasosları yenisi ilə əvəz olunmuş, H.Əliyev 173, 175 və Ə.Şıxlinski 5A saylı binaları su ilə təmin edən nasos aqreqatları yenisi ilə, H.Əliyev pr. 117 və 81, Azadlıq küçəsi 92 elektrik binalarının nasos hissəsi əsaslı təmir edilmişdir. Şəhərin Azadlıq küçəsi və N.Nərimanov qəsəbəsində mövcud istismar müddəti başa çatmış kanalizasiya boruları yenisi ilə əvəz olunmuşdur. Şəhərin Ə.Qədirov, M.Hüseyn, M.Dilbazi, M.P.Vaqif küçələrində mövcud istismar müddəti bitmiş su boruları yenisi ilə əvəzlənmişdir.

Qazax Poçt filialı 2019-cu ilin 12 ayında plan və tapşırıqlarını 116% yerinə yetirmişdir. Yəni, 504340 manat plana qarşı 583359 manat vəsait toplamışdır. Əhaliyə göstərilən xidmət sahəsi artmış, əsasən elektrik enerjisi, qaz, su və digər kommunal xidmət haqlarının qəbulunu vaxtında yerinə yetirmişdir. Qazax Poçt filialı hesabat dövründə  2 446 620 manat enerji pulu, 2 915 016 manat qaz yanacağı pulu, 184152 manat su pulu, həmçinin 175818 manat vergi, 84298 manat DSMF-na köçürmə pulu, 315 595 manat DİN ödəniş haqqı aidiyyatı üzrə təşkilatların bank hesablarına köçürmüşdür. Poçt filialı il ərzində 37861 məktub göndərilmiş və 61153 məktub qəbul etmişdir. Bütün bu əməliyyatların aparılması üçün filial tərəfindən bayram və istirahət günlərində növbəli iş rejmi təşkil olunmuşdur. Bu da əhaliyə nümunəvi xidmət göstərməyə şərait yaradır. Poçt şöbəsində işin operativ təşkil olunması və yığılan vəsaitin vaxtında xəzinəyə çatdırılması məqsədilə əlavə 1 ədəd inkasator maşın alınmışdır. Bu da işin daha effektiv və operativ yerinə yetirilməsi üçün zəmin yaratmışdır.

Qazax Telekommunikasiya Qovşağı üzrə 2019-cu ilin yekununa görə 1628,000 manat tarif gəliri proqnozuna qarşı 1.742374 manat gəlir əldə edərək proqnoz tapşırığa 107 % əməl olunmuşdur. Proqnoz tapşırığın 1565500 manatı əhaliyə göstərilmiş rabitə xidmətindən olmuşdur. 2018-ci ilin yekunu ilə müqayisədə bu dövrdə 127961 manat artıq gəlir qazanılmışdır. 2019-cu il ərzində "Aztelekom” internet provayderindən 980000 manat vəsait yığılmışdır ki, bu da ümumi gəlirin 56,2% təşkil edir. İl ərzində qovşaq üzrə 364 ədəd yeni telefon çəkilmiş, 59 ədəd telefon bərpa olunmuşdur. Qovşaq üzrə hər 100 ailəyə düşən telefon aparatlarının sayı 60,9%, hər 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı 36,1%, bir telefon aparatına düşən aylıq gəlir 9,51 manat olmuşdur. Şəhərin Bakı küçəsində 1, H.Əliyev pr-də 6, Ş.Xiyabanı küçəsində 4, Azadlıq küçəsində 2, M.V.Vidadi 1, Ə.Qədirov 3, cəmi 17 çoxmənzill yaşayış binasının rabitə kabeli və naqilləri səliqəyə salınaraq texniki normaya gətirilmişdir. Şəhərin Bakı küçəsində 50 m, N.Nərimanov qəsəbəsində 45 m, M.Hüseyn küçəsində 115 m, H.əliyev pr-də 65 m tpp kabellər dəyişərək yenisi ilə əvəz olunmuşdur.

Vətəndaşlarla iş dövlət hakimiyyət orqanlarının, onların yerli strukturlarının fəaliyyətinin mühüm tərkib hissəsidir. 2019-cu ilin hesabat ilində şəhər Nümayəndəliyinə 2871 nəfər vətəndaş müraciət etmişdir. Onların böyük bir qismi, yəni 2860 nəfəri idarə, müəssisə və təşkilatlara təqdim etmək məqsədilə müxtəlif məzmunda arayışların verilməsi tələbi ilə bağlıdır. Qazax RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinə hesabat ilində vətəndaşlardan 1 ərizə, idarə, müəssisə və təşkilatlardan isə 73 məktub və s. sənəd daxil olmuşdur. İdarə, müəssisə və təşkilatlara 80 məktub göndərilmişdir. Vətəndaşların ərizələri əsasən qonşu mübahisələri, su və kanalizasiya, qaz xətlərinin çəkilməsi və s. sosial problemlərlə bağlı olmuşdur. Bu müraciətlər aidiyyatı təşkilatlarla birlikdə araşdırılaraq lazımi tədbirlər görülmüşdür. Nümayəndəlikdə vətəndaşlar təkcə müəyyən edilmiş qəbul saatlarında deyil, nümayəndəliyin məsul işçiləri tərəfindən istənilən vaxtlarda qəbul olunurlar.

Şəhər sakinlərindən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs-baş direktor Sevda Məmmədova, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsti Ələkbərova, Qazax rayonlararası Psixiatriya xəstəxananın baş həkimi Ramiz Mansurov, "Azərpoçt” MMC-nin Qazax Poçt filialının müdiri Ədalət Hüseynov, Fəridə Abulfəti, Vilayət İsgəndərov, şəhərdə təmir olunmuş çoxmənzilli binalarda yaşayan sakinlərdən – N.Nərimanov yaşayış massivində 1 saylı binada yaşayan Cəfər Həsənov, N.Nərimanov qəsəbəsində yaşayan Mustafa Mustafayev, Ə.Şıxlinski küçəsində yaşayan sakinlərdən Nailə Əliyeva, hərbi şəhərcikdə 3 saylı binada yaşayan Tərlanə İbrahimova, şəhid ailələrindən Qəndab Hüseynova, Kifayət Mustafayeva, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, sahibkarlardan Nüsrət Aşırov, Vüqar Kərimov və başqaları söz alaraq şəhərdə görülən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova şəhər sakinlərinin sonsuz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər rayonda təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edərək bu sahədə görülən işləri yüksək qiymətləndiriblər. Respublikamızda, eləcə də rayonumuzda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, məcburi köçkün ailələrinə, sahibkarlara göstərilən diqqət və qayğıdan danışan sakinlər ölkə başçısının imzaladığı Fərman və Sərəncamların bu sahədə atılan uğurlu addımların bariz nümunəsi olduğunu qeyd ediblər.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə RİHB-nin şəhər İƏD-si üzrə nümayəndəsi Akif Vəliyevə, nümayəndəlikdə baş məsləhətçi-baş mühasib Raqif Xasməmmədova, məsləhətçi-mühəndis Lətif Həsənova, Mənzil İstismar Sahəsinin rəisi Seymur Comərdova, Kommunal Müəssisələri Kombinatının rəisi Arif Heydərova, kombinatda mühəndis Cavanşir Musayevə, kadrlar şöbəsinin müdiri Mehriban Balahəsənovaya və şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Aynurə Abbasovaya Fəxri Fərmanlar təqdim edilib. Təltif olunanlar onların əməyinə verilən yükəsk qiymətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq 2020-ci ildə qarşıda daha böyük vəzifələrin olduğunu qeyd edib. Hesabat ilində icra nümayəndəliyinin gördüyü işləri yüksək qiymətləndirən rayon rəhbəri növbəti illərdə də daha böyük səylə çalışmalarını bildirib və şəhər nümayəndəliyinin kollektivinə, aidiyyəti xidmət təşkilatlarına uğurlar arzulayıb.




























 

GOYEZEN.AZ



Facebook-da paylaş