• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədovun 85 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon turniri keçirilib

 


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Respublika Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Qırmızı Əmək Bayrağı Ordenli, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim Əhmədov Kamal Məhəmməd oğlunun 85 illik yubileyinə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində baş tutan turnirə şəhər və rayon olmaqla 7 komanda qatılıb. Qazax (4), Ağstafa (1), Tovuz (1), Şəmkir (1) şəhər və rayonlarından ümumilikdə 110 idmançı öz məharətlərini nümayiş etdiriblər.

Turnirin rəsmi açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, məktəb direktorları, titullu idmançılar, turnirin hakimləri və yarış iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov yarışın rəsmi açılışını elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yubilyarı təbrik edib, səmimi arzularını çatdırıb. Ulu öndər Heydər Əliyevin vaxtilə idman sahəsinə, idmançılara daim xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Ümummilli liderin Azərbaycanda idman sahəsinin ən yüksək səviyyədə inkişaf etməsi üçün uğurlu idman siyasətinin əsasını qoyduğunu diqqətə çatdırıb. Bu gün həmin siyasətin ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra edildiyini bildirib. Azərbaycanda idmanın bütün sahələrinə olduğu kimi, sərbəst güləşə də daim qayğı göstərildiyini vurğulayıb. İstər Avropa, istərsə də dünya çempionlarının yetişməsində Qazax güləş məktəbinin, xüsusilə də Əməkdar məşqçi Kamal Əhmədovun böyük xidmətləri olduğunu söyləyib. Hazırda ölkəmizdə keçirilən XV Avropa Gənclər Olimpiya Festivalından söz açan icra başçısı istər həmin festivalda, istərsə də bugünkü turnirdə mübarizə aparan idmançılara uğurlar arzulayıb.

 

Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Azərbaycan idmanının inkişafında əməyi olan, Qazaxda sərbəst güləş idman növünün əsasını qoyan Kamal Əhmədovu 85 illik yubileyi münasibətilə təbrik edib. Qazax güləş məktəbinin formalaşmasında göstərdiyi misilsiz xidmətlərindən söz açaraq onun verdiyi tapşırıq və tövsiyələrə bu gün də idmançılarımızın əməl etdiklərini qeyd edib.

 

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, bu günlərdə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunan Ramiz Tağıyev çıxış edərək yubilyara ürək sözlərini çatdırıb. Qazax güləş məktəbində saysız-hesabsız dünya şöhrətli güləşçilərimizin yetişməsində Kamal Əhmədovun böyük əməyinin olduğunu, onun Azərbaycan idmanını, o cümlədən də sərbəst güləşi daim yüksəklərdə tutduğunu bildirib.

 

Respublika Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədov çıxış edərək idman sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya, idmançılara verilən yüksək dəyərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. 85 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və əməyi keçən bütün insanlara sonsuz təşəkkürünü çatdırıb. Bu gün turnirdə iştirak edən yeniyetmələrin arasından gələcəyin Avropa və dünya çempionlarının yetişəcəyini, hər birinin dünya şöhrətli idmançılar olacağını qeyd edib.


Tədbirdə yubilyar Kamal Əhmədova idmanın inkişafında göstərdiyi xidmətlərə və 85 illik yubileyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.


Rəsmi hissə başa çatdıqdan sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və medallarla təltif olunublar.






GOYEZEN.AZ



Facebook-da paylaş