• Təqvim

  • Maraq



Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları tərəfindən Qazaxda maarifləndirici tədbir keçirilib

    

Bu gün Qazaxda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2019-2020-ci tədris ili üçün İnstituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə maarifləndirici tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri,İlahiyyat İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovİnstitutun dekanı Mirniyaz Mürsəlov, magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Rasim Tağıyev, Ceyhun Rüstəmov, rayonda fəaliyyət göstərən din xadimləri, ümumtəhsil məktəblərinin direktorları və XI sinif şagirdləri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, KİV nümyəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra ümummilli liderin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, filmə baxıblar.

Gənclər Mərkəzində keçirilən tədbir İlahiyyat İnstitutunun tanıtım videoçarxının nümayişi ilə başlayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, tədbirin ilk dəfə olaraq Qazaxda keçirilməsinə görə İnstitutun rəhbərliyinə minnətdarlığını bildirib. Tədbir iştirakçılarını müqəddəs Ramazan bayramının başlanması münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.

İcra başçısı Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Hazırda ümummilli liderin layiqli davamçısı İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək, onun inkişafına böyük önəm verdiyini vurğulayıb. Rayon rəhbəri Azərbaycanda dövlət-din münasibətlərinin bu gün ən yüksək səviyyədə tənzimləndiyini bildirib. Ölkəmizdə ulu öndər Heydər Əliyevin dinlə bağlı siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu gün Azərbaycanın multikultural ölkə kimi bütün dünyada tanınmasında dövlət başçısının bu sahədə həyata keçirdiyi işlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycan İlahiyyət İnstitutunun yaradılması haqqında sərəncam imzalamasını bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Rayon rəhbəri qeyd edib ki, bu gün elə bir sahə tapılmaz ki, orada Qurani-Kərimdə olan ayələrə müraciət olunmasın. Çünki müqəddəs kitabdakı ayələrlə tanış olan zaman bir daha əmin oluruq ki, doğrudan da həmin Qurani-Kərim bütün elmlərin şahıdır. İcra başçısı vurğulayıb ki, bizim üçün də sevindirici hal olar ki, İlahiyyat İnstitutunda da qazaxlı tələbələr olsun və ölkəmizə bu sahədə öz töhfələrini versinlər.

Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin belə yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Müqəddəs Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Bildirib ki, dövlət başçısının yüksək diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət göstərir.

İnstitut haqqında məlumat verən C.Məmmədov ali təhsil müəssisəsinin Respublika Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradıldığını bildirib. Qeyd edib ki, İnstitut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən rektor tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, din sahəsində də yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasına böyük ehtiyac vardır. İnstitut olaraq da əsas məqsəd və hədəfimiz odur ki, bütün bölgələrimizi əhatə edək. Bu sahədə ölkə başçısının istək və arzularına uyğun peşəkar mütəxəssislərin hazırlanmasında böyük səylə çalışaq və töhfəmizi verək. Fəaliyyət göstərdiyi 1 il ərzində xeyli sayda uğur və nailiyyətlərin qazanıldığını söyləyən C.Məmmədov bu sahədə görülən işlərdən də danışıb. İnstitutda tələbələrə tədrislə yanaşı, tərbiyə, mənəvi dəyərlərə, öz ölkəsinə, xalqına, Vətəninə layiqli vətəndaş kimi formalaşmağı da təbliğ etdiklərini bildirib. Bundan əlavə, tələbələrin zəngin dünyagörüşünə sahib olmaları, intellektli, savadlı, bilikli kadrlar kimi yetişmələri üçün də məqsədyönlü tədbirlər həyata keçirildiyini, bu səpkidə görüşlər təşkil olunduğunu qeyd edib.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürdüyünü vurğulayan M.Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açıb. O, bu gün 100-dən çox tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malik olduğunu bildirib. Qeyd edib ki, İnstitutda dinşünaslıq, islamşünaslıq və xarici dillər kafedraları fəaliyyət göstərir ki, burada dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin biliyə malik olan alimlər tərəfindən aparılır.

Aİİ-ninmagistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin, mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Aİİ-nin ictimai fəaliyyətini əks etdirən materiallar paylanılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını bir daha vurğulayıb və İnstitutun kollektivinə gələcək işlərində uğurlar arzulayıb.







GOYEZEN.AZ


Facebook-da paylaş