Qazaxda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Aprel
ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən
irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, RİHB aparatının məsul
işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə,
mədəniyyət işçiləri, məktəb direktorları, bağça müdirləri, sahibkarlar, şəhid
ailələri, Qarabağ müharibəsi əlilləri, KİV nümayəndələri iştirak edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını və gələn qonaqları
salamlayaraq hesabat yığıncağını açıq elan edib. Bütün tədbir iştirakçılarını
müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Hesabat yığıncağını protokollaşdırmaq məqsədilə katiblər
seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib. İcra başçısı
Rəcəb Babaşov qeyd edib ki, istər illik, istər rüblük hesabatların keçirilməsi
bir məqsəd daşıyır ki, onun da kökündə vətəndaş amili dayanır. Siz sakinlərin
qaldırdığınız məsələləri öyrənmək, qarşıda duran vəzifələr kimi həlli
istiqamətində mühüm işlər görməkdir. Keçirilən bütün hesabat yığıncaqlarında
idarə, müəssisə və təşkilat rəhbərlərinə vətəndaşlara göstərilən diqqət və
qayğıda, göstərdikləri xidmətlərdə nümunəvi olmalarını, qaldırılan hər bir
məsələyə həssaslıqla yanaşılmasını çatdırmaqdır. Bu istiqamətdə tapşırıq və
tövsiyələr verməkdir. Sonra rayon
rəhbəri geniş məruzə ilə çıxış edərək ölkə başçısının cari ilin ilk üç ayı
ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və
nailiyyətlərə öz münasibətini bildirməsindən, qarşıda duran vəzifələrdən
danışmasından söz açıb. İcra başçısı qeyd edib ki, bildiyiniz kimi, 2019-cu il aprel ayının
30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı öz
çıxışında ötən il keçirilmiş prezident seçkiləri ərəfəsində aparılacaq islahatların anonsunu verərək
islahatların yeni mərhələsinə qədəm qoyulacağını, islahatların məqsədyönlü
şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılacağını qeyd etmişdir. Bu
ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz
düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif
mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf
edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən
ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra
edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı
üçün möhkəm zəmin yaradılmışdır. Dövlət başçısının Prezident seçkilərindən
sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı oldu.
Bu fərmanla 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat
məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Artıq vəsaitin verilməsi
prosesi başlamışdır. Deyə bilərik ki, ilin əvvəlindən Azərbaycan
iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı
gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə
resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi
şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsi
vergi sahəsindən, 50 milyon manatdan artıq hissəsi isə gömrük sahəsindən daxil
olmuşdur. Bu iqtisadi göstəricilər islahatların bariz nümunəsidir. Bildiyimiz
kimi, son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah
halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Minimum
əmək haqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta
hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin
təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır.
Bu ilin yanvar ayında "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafına dair dördüncü Dövlət Proqramı” qəbul edilmişdir. Dördüncü proqramın
qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra
ediləcəkdir. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin
29 yanvar 2019-cu il tarixli fərmanından geniş şəkildə söz açan icra başçısı
bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük
uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış
şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını
yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə
genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb. 2019-cu
ilin birinci rübünün rayonumuz üçün də uğurlu olduğunu qeyd edən R.Babaşov
aparılan tikinti-quruculuq işlərindən, həyata keçirilən məqsədyönlü
tədbirlərdən danışıb. Daha sonra
məruzə ətrafında çıxışlar olub. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, ƏƏSMN yanında DSMF-nun
Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Qazax Telekommunikasiya Qovşağının rəisi əvəzi Rafiq Rzayev, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək hesabat
dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən
danışıblar. Ölkə başçısının
əhalinin maddi rifah halının yaxşılaşdırılması, bölgələrimizdə təhsil, səhiyyə,
mədəniyyət, idman və eləcə də digər sahələrin inkişaf etdirilməsi istiqamətində
görülən işləri yüksək qiymətləndiriblər. Hesabat yığıncağında iştirak edən ağsaqqallardan –
Kosalar kənd sakini Mikayıl Şəmmədov, Orta Salahlı kənd sakini Nəbi Balacanov,
Kəmərli kənd sakini Rəhim Rəhimov, Məzəm kənd sakini, şəhid anası Tamella
Süleymanova çıxış edərək Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə
görə ölkə başçısına minnətdarlıq ediblər. Şəhid ailələrinə, Qarabağ müharibəsi
əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan
sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya görə Respublika Prezidenti İlham
Əliyevə sonsuz təşəkkürlərini çatdırıblar. Dövlət başçısının siyasətini Qazaxda
olduğu kimi icra etdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova
razılıqlarını ifadə ediblər. Çıxış edənlər qeyd ediblər ki, bu gün nəinki
ölkəmiz, eləcə də bütün bölgələrimiz ulu öndər Heydər Əliyevin siyasətini
uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində
gündən-günə inkişaf edir. Və biz sakinlər bu inkişafı Qazax rayonunun
timsalında aydın şəkildə görürük. Son 3 ildə kəndlərə asfalt yolların
çəkilməsi, yeni-yeni məktəb binalarının inşa olunması, bağçaların tikilməsi və
ya əsaslı şəkildə təmir edilməsi, rayonun əksər kəndlərində uzun illərdən bəri
mövcud olan su probleminin köklü şəkildə öz həllini tapması, bir sözlə, abadlıq
və quruculuq işlərinin geniş şəkildə vüsət alması bu dediklərimizin əyani
sübutudur. Bundan başqa, təhsil, səhiyyə, mədəniyyət, səhiyyə, idman, eləcə də
digər sahələr üzrə əldə olunan uğur və nailiyyətlər müstəqil Azərbaycanımızın
bundan sonra da çiçəklənməsindən, qüdrətlənməsindən xəbər verir. Bu işlərin
əsasını isə ölkə başçısının gərgin əməyi və xalqına olan sonsuz sevgisi, diqqət
və qayğısı təşkil edir. Ölkə başçısının çıxışlarında söylədiyi kimi, doğrudan
da o, hər bir ölkə vətəndaşının prezidentidir. Bunu son aylar atdığı uğurlu
addımlarla, həyata keçirdiyi məqsədyönlü işlərlə, uğurla icra edilən
layihələrlə, imzalanan sərəncam və fərmanlarla bir daha sübut etdi. Hər gün bir
yeniliyin şahidi olan biz sakinlər bir daha əmin olduq ki, arxamızda güclü
dövlət və onu layiqincə idarə etməyi bacaran ölkə rəhbərimiz var. Səmimi ürək
sözlərini çatdıran sakinlər bütün bu işlərə görə sonda bir daha Respublika
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
rayon ictimaiyyəti, xüsusilə də ağsaqqallar adından dərin minnətdarlıqlarını
bildiriblər. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış
edərək yığıncaq iştirakçılarını salamlayıb, müəqəddəs Ramazan bayramı
münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, icra başçısının geniş və
əhatəli məruzəsini dinləyərkən bir daha əmin olduq ki, birinci rübdə Qazaxda
böyük işlər görülüb. Əlalxüsus da bu işlərin görülməsində Rayon İcra
Hakimiyyətinin rəhbərliyinin, onun komandasının, eyni zamanda, dövlət orqanları
rəhbərlərinin bu işdə ona dəstək olması, mövcud vəziyyətdə şəraitə uyğun olaraq
həyata keçirilən bu işlərin ölkə timsalında yüksək göstəricilərlə göstərilməsi
çox təqdirəlayiq bir haldır. Administrasiya nümayəndəsi bildirib ki, ölkə
başçısının həyata keçirdiyi siyasət hər kəsin gözü qarşısındadır və bu siyasəti
hər birimiz öz gündəlik həyatımızda, məişətimizdə hiss edirik, yaşayırıq. Eyni
zamanda, hamımız bu həyata keçirilən siyasətlə fəxr edirik. Vurğulayıb ki, bu
gün cənab Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda
inkişaf ən yüksək səviyyədə təmin olunub. Rayon rəhbəri də çıxışında qeyd
etdiyi kimi, Azərbaycan kimi inkişaf edən ikinci bir belə dövlət yoxdur.
İqtisadi göstəriciləri ən yüksək səviyyədədir. 2018-ci ilin yekunlarına dair
hesabat yığıncağında səsləndirdiyimiz fikirlər, rəqəmlər bunun sübutu idi. Bildirib
ki, bu ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair
həsr olunmuş iclasda ölkə rəhbərinin səsləndirdiyi fikirlərə diqqət yetirsək
ölkədəki iqtisadi inkişafı aydın şəkildə görmək olar. Ölkədəki iqtisadi
artımlar barədə məlumat verən O.Mürsəlov qeyd edib ki, birinci rübdə ümumi
daxili məhsulda 3 %, sənaye istehsalında 4,4 %, qeyri-neft sektorunda sənaye
istehsalında 15,6 %, kənd təsərrüfatında 2,6 %, əhainin gəlirlərində 5,5 %
artım olmuşdur. Həmçinin, valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artmış,
infilyasiya 2,1 % civarında çox aşağı səviyyədə olmuşdur. Məhz görülən işlər,
atılan addımlar, sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılması üçün
imzalanan fərman və sərəncamlar bizə imkan vermişdir ki, birinci rübümüzü çox
yüksək nailiyyətlərlə başa vuraq. Təbii ki, görülmüş islahatlar nəticəsində
2019-cu ilin I rübündə büdcə daxilolmaları əhəmiyyətli dərəcədə artmış, 200
milyon civarında bizlərə vergi və gömrükdən daxilolmalar olmuşdur. Çox
təqdirəlayiq haldır ki, 150 milyon vergi daxilolmalarının məhz 136 milyon
hissəsini qeyri-neft sektorunun təşkil etməsi artıq ölkəmzidə islahatların öz
nəticəsini verməsi kimi qiymətləndirilməlidir. Bu gün ölkəmizdə sahibkarlıq çox
yüksək səviyyədə inkişaf edir. Artıq ölkəmizə sərmayə yatırımları get-gedə
artmaqdadır. Məhz birinci rübdə ölkəmizə yatırılan sərmayənin miqdarı 2,8
milyarddır və bu məbləğin 2 milyardı yenə də qeyri-neft sektorunun payına
düşür. Həmçinin, sahibkarlar üçün son 15 ildə Azərbaycanda verilən güzəştli kreditlərin
məbləği 2 milyard civarındadır. Yalnız bu il sahibkarlar üçün verilməsi nəzərdə
tutulan kreditlərin məbləği 170 milyon təşkil edir və həmin məbləğin dəyişmə,
artma ehtimalı çox güman ki, ölkə rəhbərinin diqqət mərkəzindədir. Administrasiya
nümayəndəsi ölkə rəhbərinin Pekində "Bir kəmər, bir yol” layihəsi ilə bağlı
təşkil edilən ikinci beynəlxalq əməkdaşlıq forumundakı iştirakından da söz
açıb. Bu forumun çox böyük əhəmiyyət daşıdığını, "Bir kəmər, bir yol”
layihəsinin dünyanın ən böyük investisiya layihəsi hesab olunduğunu diqqətə
çatdırıb. Azərbaycanın bu forumda iştirak etməsini, dünya ölkələri və liderləri
arasında Azərbaycanın adının çəkilməsini, xüsusilə də ölkə başçısının çıxışını
qürurverici hal kimi dəyərləndirib. Bu gün
həyata keçirilən işlər arasında həmçinin əhalinin sağlamlığının qorunması
istiqamətində atılan uğurlu addımlardan, ölkəmizdə əhalinin icbari tibbi
sığortasının pilot layihə olaraq tətbiqindən danışan O.Mürsəlov bu layihənin
çox gözəl nəticələr verdiyini bildirib. Eyni zamanda, ölkədə icbari tibbi
sığorta sahəsində görülən işlərin 2020-ci ilin sonlarına kimi yekunlaşacağını
diqqətə çatdırıb. Səhiyyə müəssisələri sahəsində görülən işlərdən söz açan
administrasiya nümayəndəsi bu illər ərzində ölkəmzidə 640 səhiyyə müəssisəsinin
ya tikilərək, ya da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildiyini
qeyd edib. Bu il 10 səhiyyə müəssisəsindən birinin Qazaxda inşa olunduğunu, 5
korpusun tam hazır olmasını və qalan 5 korpusun da inşasının davam
etdirilməsini vurğulayıb. Bildirib ki, bu təbii ki, Qazaxa və qazaxlılara ölkə
rəhbəri tərəfindən verilən ən böyük qiymətin bariz nümunəsidir. O.Mürsəlov
təhsil sahəsindəki uğurlardan, məktəb tikintisindən də söz açıb. Ölkəmizdə
5000-ə yaxın məktəb fondunun olduğunu və həmin fondun 3200 ədədinin əsaslı
təmir edildiyini və ya yenidən tikildiyini qeyd edib. Bu il də təxminən 100
ədəd məktəb binasının təmirinin və ya tikintisinin nəzərdə tutulduğunu bildirib.
Bundan əlavə, təhsildə davamiyyətin artırılması, təhsildə daha yüksək
göstəricilərin əldə olunması üçün ölkə rəhbəri İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim xüsusi addımlar
atıldığını söyləyib. Ölkəmizdə
aparılan islahatları, əldə olunan uğurlu göstəriciləri qısa da olsa diqqətə
çatdıran aministrasiya nümayəndəsi dövlət başçısının bölgələrimizə, o cümlədən
də Qazaxa olan qayğısından da danışıb. Qeyd edib ki, bu qayğının nəticəsidir
ki, dünyanın 43 ölkəsinin Azərbaycanda fəaliyyət göstərən fövqəladə və
səlahiyyətli səfirləri Qazax və Tovuz rayonlarına səfər etdilər. Ən əsası da hər
iki rayonun sərhəd kəndlərində - Qazaxın Məzəm, Tovuzun isə Əlibəyli
kəndlərində oldular. Sakinlərlə söhbət apardılar. Bu hadisə bizim üçün
qürurverici bir hadisə oldu. Ona görə ki, həmin səfirlər ölkəmizdəki,
bölgələrimizdəki sosial-iqtisadi inkişafla yanaşı, sərhəddə yaşayan
sakinlərimizin necə qəhrəman olduqlarının şahidi oldular. Ölkə
başçısı İlham Əliyev çıxışları zamanı hər zaman vurğulayır ki, Azərbaycan heç
kəsdən asılı olmayan bir ölkədir. Azərbaycanda yürüdülən dövlət siyasəti milli
maraqlara söykənən siyasətdir. Bu gün Azərbaycanda dövlətlə xalq arasında sıx
və səmimi münasibət, ən əsası da böyük inam hissi var. Bu gün Azərbaycan
dövlətini bizlərə miras qoyan ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və
daimidir. Bu daimiliyi isə bizlərə ölkə başçısı cənab İlham Əliyev və onun ailə
üzvləri bəxş edir. Çıxışının
sonunda Qazaxda görülən işlərin digər bölgələr üçün bir örnək olduğunu qeyd
edən administrasiya nümayəndəsi rayonda qazanılan uğurların bundan sonra da
davamlı olmasını bildirib və bu yolda rayon rəhbərliyinə uğurlar arzulayıb. Sonda
iclasın qərar layihəsi oxunub. Layihədə əksini tapan hər bir məsələ ilə bağlı
aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən
danışıb, tapşırıq və tövsiyələrini verib. Bildirib ki, necə ki, bu günə kimi
bütün işlərimizi dövlət başçısının istəyinə əsasən qurmuşuq, bu, bundan sonra
da belə olmalıdır. Hər bir dövlət məmuru, xüsusilə də xidmət sahələrində
çalışan məmurlar bilməlidir ki, ölkə
rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən vətəndaşlara sözdə deyil, əməldə
xidmət göstərməlidirlər. Rayon
rəhbəri çıxışının sonunda Ramazan bayramı münasibətilə başda ölkə başçısı İlham
Əliyev və ailə üzvləri olmaqla, bütün Azərbaycan xalqını, rayon sakinlərini,
tədbir iştirakçılarını bir daha təbrik edib, xoş arzularını çatdırıb. Qeyd: Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun 2019-cu
ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi tam
variantda dərc olunacaqdır.
Facebook-da paylaş