“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 82-ci kitabı çapdan çıxıb
Bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan
olmalıdır. Ona görə də sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə
bağlı məsələlər həmişə bizim üçün prioritet olubdur. Son illərdə 3000-dən çox
məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb və onlar bu gün insanlara xidmət
göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə
miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə
Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni
zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar.
Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 82-ci
kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Lənkəranda keçirilmiş
respublika müşavirəsində söylədiyi nitqində səsləndirib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti
kitabındakı materiallar 2017-ci ilin avqust ayından oktyabradək olan dövrü
əhatə edir. Çoxcildliyin 82-ci kitabında dövlətimizin başçısının BMT Baş
Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində
keçirdiyi yüksəksəviyyəli görüşlərə dair materiallar, sessiyanın açılışında
çıxışının mətni, İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci
Sammitində iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri barədə
informasiyalar yer alıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda
diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində həllinə dəstək verməyə çağırıb. Kitaba Prezident İlham Əliyevin Gürcüstan, Türkiyə, Koreya
Respublikası, Rusiya, Fransa, Vyetnam və digər ölkələrin, ATƏT-in, NATO-nun,
habelə Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Valyuta Fondunun,
Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş
yüksəkvəzifəli şəxslərini, nümayəndə heyətlərini qəbul etməsinə dair
materiallar da daxil edilib. Oxucular bu nəşrdə dövlətimizin başçısının "Azərbaycan
iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri”
mövzusunda beynəlxalq elmi-praktik konfrans iştirakçılarına məktubu, "Azəri”,
"Çıraq” və "Günəşli” neft yataqları üzrə yeni sazişin imzalanması mərasimində,
Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş tədbirdə söylədiyi
nitqlərin mətnləri, habelə müxtəlif dövlətlərin başçılarına məktubları ilə
tanış ola bilərlər. Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Cəlilabad, Lənkəran,
Neftçala, Salyan, Qobustan, Şamaxı rayonlarına səfərləri zamanı rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə dair informasiyalar, bölgələrdə
iqtisadiyyat, nəqliyyat, sosial infrastruktur layihələrinin və məişət
obyektlərinin açılışlarında etdiyi çıxışların mətnləri, Bakıda orta məktəblərdə
əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığı barədə materiallar toplanıb. Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri
verilib. "Azərnəşr” tərəfindən buraxılan 82-ci kitabın hazırlanmasında
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından
istifadə olunub.
Facebook-da paylaş