“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.
Həmin dövrdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri V Qlobal Bakı Forumu olub. Forumun 2017-ci il martın 16-da keçirilən açılış mərasimində Azərbaycanın regionda və dünyada güclü mövqeyə malik olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir.
Regional əməkdaşlıq və bütün qonşularımız ilə münasibətlərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məncə, bunu hər bir ölkəyə şamil etmək olar. Bir dövlətin qonşusu ilə hər hansı bir problemi varsa, burada hər iki tərəf əziyyət çəkir. Bu səbəbdən Ermənistan istisna olmaqla, bizim bütün qonşularımız ilə çox yaxşı əlaqələrimiz var. Biz çoxlu sayda enerji, nəqliyyat, ticarət və mədəniyyət layihələri həyata keçiririk ki, onlar xalqlarımızı daha da yaxınlaşdırır”.
Kitaba Prezident İlham Əliyevin Fransa və İrana səfərləri, Bakıya səfər etmiş Qazaxıstan Prezidenti ilə apardığı danışıqlar barədə materiallar, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatları haqqında informasiyalar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu bu kitabda Prezident İlham Əliyevin Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər.
Çoxcildliyin 79-cu kitabında Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start mərasimində, Bakı Ali Neft Məktəbinin yeni şəhərciyinin açılışında, Novruz bayramı münasibətilə İçərişəhərdə təşkil olunan bayram şənliyində çıxış və nitqlərinin mətnləri toplanıb.
Bu nəşrdə dövlətimizin başçısının Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində, həmçinin Yevlax rayonunda qeyri-neft ixracatçılarının respublika müşavirəsində, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqlərinin mətnləri də yer alıb.
Kitaba Prezident İlham Əliyevin "İslamın həmrəyliyi – zamanın çağırışı” beynəlxalq konfransın, Qafqazşünaslıq I Beynəlxalq Forumunun, "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın iştirakçılarına məktubları və digər məktublar daxil edilib.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 79-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş