"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb
"İlham Əliyev. İnkişaf -
məqsədimizdir” çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər
verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 73-cü
kitabındakı materiallar 2016-cı ilin fevralından aprel ayınadək olan dövrü
əhatə edir.
Həmin dövrdə Azərbaycanın ev
sahibliyi etdiyi tədbirlərdən biri BMT Sivilizasiyalar Alyansının VII Qlobal
Forumu olub. Prezident İlham Əliyev Forumda söylədiyi nitqində deyib: "Bu
gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti aydın şəkildə
anlayırıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq
ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul
etmiş ölkələr hazırda dəstəklənməlidir – yalnız sözlə deyil, ciddi maliyyə
yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işğaldan əziyyət çəkməkdə
davam edən ölkə kimi, bunların nə dərəcədə çətin olduğu bizə yaxşı məlumdur.
Hər bir nöqteyi-nəzərdən – siyasi, mənəvi, iqtisadi və sosial baxımdan".
Kitaba Prezident İlham
Əliyevin Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası
çərçivəsində nazirlərin ikinci toplantısında, "Çoxqütblü dünyaya
doğru" mövzusunda IV Qlobal Bakı Forumunda, BMT Sivilizasiyalar Alyansının
VII Qlobal Forumunda söylədiyi nitqlərin, həmçinin "Euronews"
telekanalına müsahibəsinin mətnləri daxil edilib.
Nəşrdə dövlətimizin başçısının
Ankarada keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının beşinci iclasında iştirakı, mətbuata bəyanatla çıxışı, sənədlərin
imzalanma mərasimi, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində
çıxışı, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün
ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlər barədə informasiyalar toplanıb.
Çoxcildliyin 73-cü kitabında
Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Macarıstanın Baş
naziri ilə görüşünə, dövlətimizin başçısının Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın Macarıstanın ali ordeni ilə təltif olunması mərasimində
iştirakına, Qətər Dövləti Əmirinin, Rusiya Federasiyası Hökuməti sədrinin
Azərbaycana rəsmi səfərləri zamanı keçirdiyi görüşlərə, imzalanan sənədlərə,
mətbuata bəyanatlarla çıxışlarına, Türkiyə Prezidentinin işgüzar səfəri zamanı
keçirdiyi görüşlərə dair materiallar yer alıb.
Kitaba, həmçinin Azərbaycan
Prezidentinin Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün
ölkəmizə səfər etmiş nüfuzlu nümayəndə heyətləri ilə görüşləri, ABŞ, Türkiyə,
Qazaxıstan, Belarus və digər dövlətlərin, Dünya Turizm Təşkilatının, Avropa
İttifaqının yüksək vəzifəli şəxslərini qəbul etməsi barədə materiallar daxil
olunub.
Bu nəşrdə Prezident İlham Əliyevin "Azərbaycan və
Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı" mövzusunda Şamaxıda
keçirilən III beynəlxalq konfransının iştirakçılarına müraciətinin, Nazirlər
Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqlərinin mətnləri, dövlətimizin
başçısının Ağsu rayonuna səfəri zamanı Mərkəzi Xəstəxananın yeni binasının
açılışı mərasimində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, Bakıda
yenidənqurma və abadlıq işləri ilə tanışlığına dair materiallar da toplanıb.
Kitabda "Qeydlər", "Şəxsi adlar",
"Coğrafi adlar" göstəriciləri verilib.
"Azərnəşr" tərəfindən buraxılan 73-cü
kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından
istifadə olunub.
Facebook-da paylaş