Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirilib
Bu gün tam əminliklə deyə bilərik
ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə
yüksək dövlət qayğısı göstərilir. Ən əsası da ulu öndər Heydər Əliyevin bu təbəqədən
olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun
layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə
yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin
sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə
nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ulu öndərin təşəbbüsü
ilə 2001-ci ildə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid
ailələri” İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən
böyük dəyərdir. Qarabağ müharibəsi əlillərinin, şəhid
ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək,
onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi
probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların
əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə yaradılan
birlik dövlətin bu cür insanlara dəstək olması deməkdir. Qazax rayonunda da Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə hər
cür qayğı göstərilir. Onları narahat edən məsələlər, qayğılar rayon rəhbərliyi
tərəfindən daim nəzarətdə saxlanılır. Rayon rəhbərinin müharibə əlilləri,
veteranları və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirməsi isə demək
olar ki, bir ənənə halını alıb. Bu gün də Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Milli Məclisin deputatı Ülviyyə
Ağayeva ilə birlikdə Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb. Qazax Rayon
İcra Hakimiyyətində keçirilən görüşdə dövlət və dövlət başçısı tərəfindən
müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərilən qayğıdan söz
açılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə prezidentinin
son aylarda sosial məsələlərin həlli ilə bağlı verdiyi Fərman və Sərəncamlar
deməyə əsas verir ki, 2019-cu il Azərbaycanda sosial inqilabi islahatlar ili
kimi tarixə düşə bilər. İcra başçısı qeyd edib ki, Qazaxda da Vətənin müstəqilliyi uğrunda
canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə
və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbəri kimi fəaliyyətə
başladığım ilk gündən çalışmışam ki, şəhidlərin ailə üzvlərinə daim qayğı ilə
yanaşım. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi istiqamətində məqsədyönlü işlər
görüm. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında
əsaslı şəkildə abadlıq işlərinin aparılması, şəhidlərimizin adı və şəkli əks
olunmuş lövhələrin vurulması, xiyabanın ətrafında abadlıq işləri görülərək
yaşıllıq salınması, yeni işıqlanma sisteminin qurulması şəhidlərimizə verilən ən
böyük dəyərdir. İcra
başçısı bildirib ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə,
veteranlarına olan qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu günə
kimi ölkə başçısının sizlərə olan qayğısı iş fəaliyyətimin əsas hissəsini təşkil
edib, bu, bundan sonra da belə davam edəcəkdir. Rayon rəhbəri bildirib ki,
sizlər istər respublikamızın əksər bölgələrində, istərsə də Qazaxın
müdafiəsində öz sağlamlığınızı itirmək bahasına olsa belə torpaqlarımızı
qorumusunuz. Bütöv Azərbaycan naminə gördüyünüz işlərdə, atdığınız bütün
addımlarda hər zaman dövlətə sadiq insanlar olduğunuzu dəfələrlə sübut
etmisiniz. Odur ki, sizlər hər cür diqqət və qayğıya layiqsiniz. Ölkə başçısı
tərəfindən Qarabağ müharibəsi əlilləri və veteranları, eləcə də şəhid ailələri
ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərdən, uğurlu layihələrdən söz açan
icra başçısı onlara olan diqqətin, qayğının bundan sonra da yüksək səviyyədə
olacağını bildirib. "Azərbaycan
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Qazax
rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev
çıxış edərək Respublika Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə,
veteranlarına göstərdiyi diqqət və qayğıya görə ictimai birliyin bütün üzvləri
adından minnətdarlığını çatdırıb. O, çıxışı zamanı qeyd edib ki, müharibə
əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan
şəxslərin minik avtomobilləri ilə təminatına da ümummilli lider Heydər Əliyev
tərəfindən başlanılıb. Ötən dövrdə minlərlə Qarabağ müharibəsi əlili və şəhid
ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş
əlillərin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər,
onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb.
Prezident müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının
dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq sərəncam da verib. Bütün bunlar isə
dövlətin öz vətəndaşına kimliyindən asılı olmayaraq sahib çıxması, qayğı
göstərməsi deməkdir. Bu gün biz öz dövlətimizə və dövət başçımıza arxalanaraq
onun ətrafında sıx birləşmişik. Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən
tapdağı altında qalan torpaqlarımızı hər an azad etməyə, dövlət başçısının
bizlərə olan etimadını hər an doğrultmağa hazırıq və buna qadirik. N.Alıyev rayon
rəhbərliyinin Qarabağ müharibəsi əlilləri və veteranlarına göstərdiyi diqqət və
qayğıdan da söz açıb. Bildirib ki, sizin rəhbər kimi fəaliyyətə başladığınız
ilk gündən biz qazilər bu qayğını hiss etmişik. Bunu rayonda keçirilən
tədbirlərə dəvət almağımızdan, bayramlarda, xüsusi günlərdə yad olunmağımızdan,
keçirilən bu cür səmimi görüşlərdən aydın şəkildə görmək olar. Dövlət
başçısına və rayon rəhbərinə səmimi aruzlarını çatdıran Qarabağ qazisi Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər
Əliyev fondunun dəstəyi və MEDİCOM Ortez Protez Mərkəzi xəstəxanasının köməyi
ilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda ayaqlarını itirmiş qazaxlı döyüşçülərin
də protezlə təmin olunacaqlarını qeyd edib. Bununla əlaqədar Bakı şəhərinə yola
düşdüklərini və Heydər Əliyev Mərkəzində görüş keçiriləcəyini bildirib. Onlara
göstərilən bu diqqət və qayğıya görə ictimai birliyin üzvləri adından bir daha ölkə
başçısı İlham Əliyevə, Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Bu cür səmimi görüşə, isti münasibətə görə rayon rəhbərinə sonsuz
təşəkkürlərini çatdırıb. II qrup
Qarabağ müharibəsi əlili Rəşad Qocayev də çıxış edərək bugünkü görüşün mənəvi
cəhətdən əlillərə və veteranlara verilən ən böyük dəstək olduğunu bildirib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bu cür görüşlərin
mütəmadi olaraq keçiriləcəyini qeyd edib və Qarabağ qazilərinə müstəqil
Azərbaycanın çiçəklənməsi naminə gördükləri işlərdə uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş