Qaymaqlı kəndi 2018-ci ili uğurlu göstəricilərlə yola salıb
Bu gün
Qazax Rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və qarşıda
duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat ilində bütün
sahələr üzrə uğurlu göstəricilərin əldə olunduğu, qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetirildiyi qeyd olunub. Hesabat yığıncağında Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev,
aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Adil Vəliyev və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və
katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib. Qaymaqlı kənd İƏD-si üzrə nümayəndə Fikrət Əfəndiyev hesabat
məruzəsi ilə çıxış edərək bildirib ki, başa vurduğumuz 2018-ci il ölkəmizin hər yerində olduğu kimi Qazax
rayonu, eləcə də kəndimiz üçün də hər bir sahədə uğurlu olub. Qeyd edib ki, tarixi qədim olan Qazax mahalının
köklü kəndlərindən biri də Qaymaqlı kəndidir. Kəndin 569 təsərrüfatı, 2193 nəfər
əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1
folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt şöbəsi, 1 EATS, 1 dəyirman,
1 bərbərxana, 3 mağaza və 1 polis məntəqəsi fəaliyyət göstərir. İcra nümayəndəliyi üzrə 2018-ci ildə 473 arayış verilmiş, 4 yazılı, 6
şifahi müraciətə baxılmışdır. Hesabat ilində icra nümayəndəliyinə 19 məktub
daxil olmuş, təşkilatlara 17 məktub göndərilmişdir. Hesabat dövründə 21 doğum,
24 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfat başına kitablarda hesabat
dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil
olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər, eləcə də əhalidə olan mal-qara
və quşların uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmışdır. 2018-ci ildə Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı kənd əhalisi ilə 2 dəfə səyyar
görüş keçirmişdir. Həmin görüşlərdə kənd sakinlərini narahat edən bəzi məsələlərlə
tanış olan rayon rəhbəri həmin məsələlərin yerində həll olunması üçün aidiyyəti
üzrə tapşırıqlarını vermişdir. Keçrilən görüşlərdə kənd ərazisində
yem emalı və vim aparatının yerləşdirilməsi üçün dəyirmanın tikilməsi məsələsi
qaldırılmışdır. 2018-ci ilin noyabr ayında inşasına başlanmış həmin dəyirmanın
fevral ayında əhalinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Eyni
zamanda, görüşdə irəli sürülən içməli suya olan ehtiyacın təmin olunması üçün 1
ədəd subartezian quyusunun qazılması plana salınmışdır və 2019-cu ildə rayon rəhbərliyinin
köməyi nəticəsində subartezian quyusunun qazılması işlərinə başlanılacaqdır.
Hesabat ilində nümayəndəlik
ərazisində bir çox işlər görülmüşdür. Belə ki, kənd icra nümayəndəliyinin, işçi
qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kənd qəbiristanlığında, kəndarası
yolların kənarlarında təmizlik işləri aparılmış, kollar və qurumuş ağaclar kəsilərək
götürülmüşdür. Kənd ərazisinin təmiz saxlanılması daim nümayəndəliyin diqqət mərkəzində
olmuşdur. Kəndarası yollara və təzə məhəlləyə gedən yola xır döşənmişdir. Kənd
sakinlərinə xidmət edən sıradan çıxmış 3 ədəd artezianın nasosu təmir
olunmuşdur. Qazax Elektrik şəbəkəsi tərəfindən kənd sakinlərinə xidmət edən 4 ədəd
transformator təmir edilmiş, istismar müddətini başa vurmuş 11 ədəd elektrik
dayağı yenisi ilə əvəz olunmuşdur. Su itkisinin
qarşısını almaq, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin
tapşırığı ilə rayonumuzun bütün kəndlərində olduğu kimi, kəndimizin su
arxlarında da təmizlik işləri aparılaraq lildən, kol-kosdan təmizlənmişdir. Belə
ki, kənd sakinlərinin köməyi ilə 500 m suvarma arxları əl əməyi ilə təmizlənmiş,
qalan 1700 metr su arxlarının təmizlənməsi isə texnika vasitəsilə davam etdiriləcəkdir. Bundan əlavə, kənd
sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə
Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə qazılmış 1 ədəd subartezian
quyusu 2018-ci ildə kənd sakinlərinin istifadəsinə verilmişdir. Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbində 151 şagird təhsil alır,
26 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. 2018-ci ildə məktəbi bitirən
5 şagirddən 2 nəfər ali məktəbə, 1 nəfər isə kollecə daxil olmuşdur. Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Qaymaqlı
kənd həkim məntəqəsinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı,
uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə
cavab verir. Qaymaqlı kəndində 2018-ci ildə elektrik enerjisi və təbii qaz
yanacağının verilməsi fasiləsiz olmuşdur. Qaymaqlı kənd Poçt şöbəsi əhalidən
enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul
edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. ATS-nin kollektivi əhalinin
rabitə xidmətini təmin edir. Ərazidə 512 nömrəli yeni elektron ATS fəaliyyət
göstərir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və internet xidməti təmin
olunmuşdur.
Bildiyiniz kimi, Qaymaqlı kənd əhalisinin əsas fəaliyyət sahəsi
bitkiçilik və heyvandarlıqdır. 2018-ci ilin məhsulu üçün kənd əhalisi 586
hektarda buğda, 317 hektarda arpa, 101 hektarda kartof, 3 hektarda qarğıdalı,
10 hektar yonca əkib becərilmişdir. 2019-cu ilin məhsulu üçün 1060 hektar
şumlama işləri aparılmış, bundan 523 hektara buğda, 420 hektara isə arpa səpilmişdir.
93 hektarda kartof, qalan 24 hektarda isə digər kənd təsərrüfatı məhsullarının əkilməsi
nəzərdə tutulmuşdur. Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı
üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın
yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq
bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması
daim diqqət mərkəzindədir. Qaymaqlı kənd İcra nümayəndəliyi
istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından
köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin
qorunmasında çətinliklər olduqda Qaymaqlı bələdiyyəsi ilə birlikdə həmin çətinliklər
aradan qaldırılır. 01.01.2019-cu il tarixə əhali
və fermer təsərrüfatlarında 565 baş iribuynuzlu mal-qara, 4627 baş
xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır. 2018-ci ildə iribuynuzlu və xırdabuynuzlu
heyvanlarda qarayara və digər xəstəliklərə qarşı peyvənd işləri aparılmışdır. Kənd bələdiyyəsi və kənd
icra nümayəndəliyi işlərini birgə həyata keçirmişlər. Belə ki, kəndarası
yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik
transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində
məqsədyönlü fəaliyyət göstərmiş, Qaymaqlı kəndində olan şəhid ailələrinə, Böyük
Vətən və Qarabağ müharibəsi əlillərinə, kimsəsizlərə, imkansızlara tarixi və
dini bayramlarda yardımlar edilmişdir. Qaymaqlı kənd tam orta məktəbin direktor müavini
Tapdıq Nəbiyev, məktəbin idman müəllimi Nəbi Süleymanov, Kəmərli kənd həkim
məntəqəsinin müdiri Lusiya Babayeva, kənd folklor evinin müdiri Kazım Kazımov, poçt
rəisi Məleykə Əliyeva, Bəxtiyar Süleymanov və başqaları çıxış edərək hesabat
ilində rayonda, eləcə də Qaymaqlı kəndində görülmüş işlərə, xüsusilə də
sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda vətəndaş amilinin hər zaman
yüksək tutulmasına görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son iki
il yarımda Qazaxda olan bu inkişafı, tərəqqini yüksək qiymətləndirdiklərini
bildiriblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər kənddə
mədəniyyət evinin təmir olunmasını, bankomat qoyulmasını, kənddə şəhidlərin
xatirəsinə ucaldılmış abidənin yerinin dəyişdirilməsini və abadlıq işinin
aparılmasını qeyd ediblər.
Qazax Rayon İcra Hakimyyəti başçısının müavini
Tahir Musayev hesabat məruzəsində çıxış edərək bildirib ki, Respublika Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü
və uğurlu iqtisadi islahatlar Qazax rayonunda da öz bəhrəsini verib. Ölkəmizdə
olduğu kimi, rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində, bilavasitə rəhbərliyi
altında Qazax rayonunda da sosial obyektlərin inşası, kənd təsərrüfatının
inkişafı, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə yüksək
nailiyyətlər əldə olunmuşdur. Bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada bir
yenilik, bir inkişaf olmasın. Son iki il yarımdır ki, həyata keçirilən bu
genişmiqyaslı quruculuq və abadlıq Qazaxın simasını köklü şəkildə dəyişmiş, respublikamızın ən inkişaf etmiş və abad
rayonlarından birinə çevrilmişdir. Yola saldığımız 2018-ci ildə Qazaxda
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq
görülən işlərin sayına görə də yaddaqalan olmuşdur. "Azərxalça” ASC tərəfindən
tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş
Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən
tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı
Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisi həmin işlərin
bariz nümunəsidir.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam,
hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən
söz açan T.Musayev bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir
standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki,
ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir.
Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli,
Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir
olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə 14 yaşayış məntəqəsində
bağça yoxdur ki, həmin kəndlərdən biri də Qaymaqlı kəndidir. Digər kəndlərdə
olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi
üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib. Respublikamızda, eləcə də bölgələrimizdə
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən
danışan T.Musayev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun
adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi
qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin əsaslı şəkildə
yenidən qurulması nəzərdə tutulub ki, həmin məktəblərdən biri də Qaymaqlı kənd
məktəbidir. Kosalar və Kəmərli məktəbləri ilə yanaşı, bu məktəb də əsaslı şəkildə
yenidən qurulacaqdır. Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən
danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna
misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin,
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını
göstərib. 2018-ci ilin Qazax rayonu üçün uğurlu il olmasını qeyd edən T.Musayev
2019-cu ildə də respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət
proqramlarının, investisiya layihələrinin həyata keçiriləcəyini bildirib.
Aparatın Ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev
hesabat yığıncağında çıxış edərək 2018-ci ildə kənd təsərrüfatı sahəsində əldə
olunan uğur və nailiyyətlərdən söz açıb. Ötən il qazanılan uğurların bu il də davam
etdirilməsini qeyd edərək daha böyük səylə çalışmalı olduqlarını bildirib. Kənd
təsərrüfatı sahəsində yüksək nəticə əldə etmək üçün rayonda bütün imkanların mövcud
olduğunu vurğulayıb. Bunun üçün rayonda kəndlinin istər texnika, istər mineral gübrə,
istərsə də suvarma suyu ilə təmin olunduğunu qeyd edib. Əkin sahələrinin ildən-ilə genişləndiyini qeyd edərək yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişaf etməsini yüksək qiymətləndirib. GOYEZEN.AZ
Facebook-da paylaş