Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki VİDEO
- Əziz
həmvətənlər. 2018-ci il sona yaxınlaşır. Tam əminliklə demək
olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər
üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya
miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da
möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət
başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu
göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla
fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək
səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan
üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə
apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə,
deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə
sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində
yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir. Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da
möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış
Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının
təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin
toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu
göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin
həllində düzgün mövqedədir. İslam həmrəyliyi məsələlərində bizim rolumuz
artır. İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək
qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz
güclü rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə
göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük
uğurlara nail olubdur. Bu il Xəzər dənizinin hüquqi statusunun
müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı. Bu, hesab edirəm ki, tarixi
nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll
olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu
məsələnin həllində öz dəyərli töhfəsini vermişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim
mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və
prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.
Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini
tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir,
işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır. Deyə bilərəm ki, münaqişənin həlli işində
Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi,
Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta
rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin
tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox
düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz
Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik,
Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür.
Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid
edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər. Bununla yanaşı, əlbəttə, hesab edirəm ki, bizim
güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər
ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan
Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə
keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını
göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu
çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq
etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan
istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət
edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan
ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək. Biz bundan sonra da öz hərbi qüdrətimizi
artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu
ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur.
Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi
rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq. Bu il məcburi köçkünlər üçün çox böyük işlər
görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim
edilib. Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də
davam etdirəcəyik. Əlbəttə ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu
iqtisadiyyat var. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən
asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim
müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır,
qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda
isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına
10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının "Doing Business”
proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq
görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi
iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək
qiymətləndirir. Biz müasir texnologiyalara böyük əhəmiyyət veririk. Bu il bizim üçüncü
peykimiz orbitə buraxılmışdır. Bu, böyük hadisədir. Azərbaycan dünyanın məhdud
sayda olan kosmik klubunun üzvüdür və bu sahədə öz mövqelərimizi
möhkəmləndiririk. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. May ayında biz bu
möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir. Eyni zamanda, bu
ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz
Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi
nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu
layihələrin faydasını görəcək. Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir.
Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə
çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü
nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox
böyük səmərə ilə istifadə edə bilək. Bildiyiniz kimi, ilin əvvəlində mənim Sərəncamımla 2018-ci il "Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyini həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd etmişik.
Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç
vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır. Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir
daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət
vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə
xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı,
Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni
əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa
ləyaqətlə xidmət etmək. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu fürsətdən istifadə
edərək, dünyada yaşayan bütün azərbaycanlılara, soydaşlarımıza öz salamlarımı
çatdırıram, onlara uğurlar arzulayıram. Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü
münasibətilə ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!
Facebook-da paylaş