Yuxarı Salahlıda tikilən həkim məntəqəsində son tamamlanma işləri görülür
Bu gün tam əminliklə deyə bilərik ki, "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazax rayonunda uğurla icra olunur.
Rayonda istər şəhər mərkəzində, istərsə də kəndlərdə aparılan genişmiqyaslı
tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir. Bütün
sahələr üzrə olan bu abadlıq işləri səhiyyə sahəsində də geniş şəkildə öz
əksini tapır. Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi
Xəstəxana binasının tikintisi, eləcə də rayonun Yuxarı Salahlı kəndində
tikilən yeni tibb məntəqəsi əhalinin sağlamlığının keşiyində dayanılması üçün görülən
işlərin bariz nümunəsidir. Xəbər verdiyimiz kimi, bir neçə ay öncə Yaponiya
səfirliyinin maliyyə dəstəyi ilə tikintisinə başlanılan Yuxarı Salahlı kənd həkim məntəqəsinin inşası uğurla
davam edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həkim
məntəqəsində görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib. Qərb-Resurs
Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə
rəhbəri Ramil Göyüşov rayon rəhbərinə görülən işlər barədə məlumat verərək
bildirib ki, tikinti başlayan ilk gündən işlərin sürətlə aparılmasının
nəticəsidir ki, artıq məntəqədə son tamamlanma işləri görülür. Demək
olar ki, əsas işlərdən sayılan su-kanalizasiya xəttinin çəkilməsi işi və
izolyasiya sistemi qurtarıb. Elektrik xətti çəkilib. İstilik sisteminin quraşdırılması
yekunlaşıb. Xarici və daxili fasadda suvaq və üzlük vurulması, otaqlarda isə
yerə qranit kafelin düzülməsi işləri tam başa çatıb. Hazırda
binada və həyətdə abadlıq işləri həyata keçirilir. Yaxın vaxtlarda həm daxili,
həm də xarici fasadda rənglənmə, giriş və çıxış pilləkanlarına daşların
düzülməsinə başlanılacaq. Məlumat
üçün onu da bildirək ki, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında
30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, giriş qapısının və pəncərələrin
kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin
qarşısında yolun çəkilməsi işləri aparılıb. Yaponiya
səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon
İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin
İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi
sahəsi 216 kv.m-dir. 8 otaqdan ibarət olacaq həkim məntəqəsində həkim və tibb işçilərinin əhaliyə
yüksək səviyyədə xidmət göstərmələri üçün hər bir şərait nəzərdə tutulmuşdur. Məntəqə
yeni tibbi avadanlıqla da təmin olunacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş