Əsas Səhifə > Manşet / Sosial > Yuxarı Salahlıda tikilən həkim məntəqəsində son tamamlanma işləri görülür
Yuxarı Salahlıda tikilən həkim məntəqəsində son tamamlanma işləri görülür26-08-2018, 21:52 |
Bu gün tam əminliklə deyə bilərik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazax rayonunda uğurla icra olunur. Rayonda istər şəhər mərkəzində, istərsə də kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir. Bütün sahələr üzrə olan bu abadlıq işləri səhiyyə sahəsində də geniş şəkildə öz əksini tapır. Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun Yuxarı Salahlı kəndində tikilən yeni tibb məntəqəsi əhalinin sağlamlığının keşiyində dayanılması üçün görülən işlərin bariz nümunəsidir. Xəbər verdiyimiz kimi, bir neçə ay öncə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikintisinə başlanılan Yuxarı Salahlı kənd həkim məntəqəsinin inşası uğurla davam edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həkim məntəqəsində görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib. Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov rayon rəhbərinə görülən işlər barədə məlumat verərək bildirib ki, tikinti başlayan ilk gündən işlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq məntəqədə son tamamlanma işləri görülür. Demək olar ki, əsas işlərdən sayılan su-kanalizasiya xəttinin çəkilməsi işi və izolyasiya sistemi qurtarıb. Elektrik xətti çəkilib. İstilik sisteminin quraşdırılması yekunlaşıb. Xarici və daxili fasadda suvaq və üzlük vurulması, otaqlarda isə yerə qranit kafelin düzülməsi işləri tam başa çatıb. Hazırda binada və həyətdə abadlıq işləri həyata keçirilir. Yaxın vaxtlarda həm daxili, həm də xarici fasadda rənglənmə, giriş və çıxış pilləkanlarına daşların düzülməsinə başlanılacaq. Məlumat üçün onu da bildirək ki, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, giriş qapısının və pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısında yolun çəkilməsi işləri aparılıb. Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. 8 otaqdan ibarət olacaq həkim məntəqəsində həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər bir şərait nəzərdə tutulmuşdur. Məntəqə yeni tibbi avadanlıqla da təmin olunacaqdır.
GOYEZEN.AZ
Geri qayıt |