Hüseynbəyli kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün Azərbaycan
dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətlərindən birinə
çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün uğur və
nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki mövqeyini də əhəmiyyətli dərəcədə
gücləndirir. Sevindirici haldır ki, sürətli və dinamik inkişaf paytaxtla
yanaşı, respublikamızın bölgələrində də davam etdirilir. Qazax rayonunda son
iki il yarım ərzində aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri,
rayonda təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə
edilən yeniliklər bunu söyləməyə əsas verir. Qazaxda
vətəndaş amili də hər zaman ön planda tutulur. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də
kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının
sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və
qayğı ilə yanaşması bunun əyani sübutudur. Rayon
rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən səyyar görüşlər demək olar ki,
bir ənənə halını alıb. Növbəti səyyar
görüşlərdən biri isə bu gün Hüseynbəyli kəndində olub. Şəhid Alı Əliyevin adını
daşıyan Hüseynbəyli kənd tam orta məktəbində keçirilən görüşdə RİHB aparatının məsul şəxsləri,
aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Səmimi söhbət
əsasında keçən görüşdə son iki il yarımdan artıq bir vaxtda rayonumuzda görülən
tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz
açılıb, qazanılan uğurlardan, kənd sakinlərini narahat edən qayğılardan
danışılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək
sakinləri salamlayıb və bildirib ki, təkcə bu ilin ötən 11 ayı ərzində müxtəlif
səbəblərdən Hüseynbəyli kəndində siz sakinlərlə görüşüb, bəzi məsələləri
müzakirə etmişik. Bugünkü görüş isə cari ilin proqramına uyğun olaraq
nəzərdə tutulmuş növbəti səyyar görüşdür. Bildiyiniz kimi, keçirilən bütün
səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz
dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Prezident İlham
Əliyevin söylədiyi kimi bu gün Azərbaycan dövlətinin siyasətinin əsasında xalq
və onlara göstərilən xidmət dayanır. Rayon rəhbəri dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil
edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə
başladığı ilk gündən hər zaman kənd sakinlərinin arasında olmağı, onları narahat
edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin istəyini, mövqeyini hər
şeydən üstün tutduğunu bildirib. 2016, 2017-ci
illərdə rayonumuzda görülən işləri müqayisə edən icra başçısı bildirib ki, bu
il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq
Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işləri daha geniş vüsət alıb. Rayonda
elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın deyən icra başçısı
istifadəyə verilən çoxsaylı sosial obyektləri, yeni iş yerlərinin
yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq
işlərinin gündən-günə artmasını bu söylədiklərimizin əyani sübutu kimi
qiymətləndirib.
Bildirib ki, bu gün Qazaxda "Azərxalça” ASC tərəfindən xalça
müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107
nəfərin işləməsi o deməkdir ki, yeni iş yerlərinin açılması baxımından
rayonumuzda xalça müəssisəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Rayon
rəhbəri "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun
istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel
GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda,
145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında son tamamlanma işlərinin
aparıldığını bildirib. Bütün müəssisələrdə avadanlıqların quraşdırıldığını
diqqətə çatdırıb. Prezident İlham
Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı
imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamdan söz açan icra başçısı son
iki il yarım ərzində həmin Sərəncamın uğurla icra edildiyini bildirib. Rayon
rəhbəri həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 47 ədəd çoxmənzilli
yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində,
su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və
həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının
həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir
binanın həyətində bu işin davam etdirildiyini qeyd edib. Beləliklə, rayonda olan 163
ədəd çoxmənzilli yaşayış binasından artıq 125 ədədinin yüksək səviyyədə təmir
olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış
şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Rayon rəhbəri cari ildə Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65
nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin
yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina”
adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A
ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov
yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı,
"Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı
beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq
göstərib. Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında
çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla
icra olunduğunu diqqətə çatdırıb. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92
ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1
ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam
örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib.
Hal-hazırda bu gün şəhərin N.Nərimanov
yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası
olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı
şəkildə təmir olunduğunu bildirib.
Ölkə başçısının
respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ
kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı
Sərəncamlardan danışan icra başçısı rayonumuzda da bu sahədə məqsədyönlü
işlərin görüldüyünü bildirib. Rayon rəhbəri qeyd edib
ki, bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların
çəkilməsindən aydın şəkildə görmək olar. Dövlət
başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı
Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu
sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam
etdiriləcəkdir. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi
istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu
il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə
çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol
infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində
yeni asfalt yolun çəkilməsi başa çatıb. Demək olar ki, son tamamlanma işləri
görülür. Dövlətin və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan
danışan rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100
illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr
2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax
ziyalılarına, Qazaxın tarixi keçmişinə hər zaman böyük önəm verib. Rayon
rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi qayğıya və
diqqətə, xüsusilə də Sərəncama görə bütün qazaxlı ziyalılar adından dərin
minnətdarlığını bildirib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə
respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd
edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü
fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam
orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə
veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Qeyd edib ki,
2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb var ki,
onlardan biri də 1176 şagird yerlik Kosalar məktəbidir. Qaymaqlı, Kəmərli kənd
tam orta məktəbləri ilə yanaşı, Kosalar məktəbi də müasir standartlara cavab
verən səviyyəyə çatdırılacaqdır. Bütün
bunlar isə dövlətimizin və dövlət başçısının təhsil sahəsinə olan böyük
qayğısıdır. Məhz bu qayğının nəticəsidir ki, bu dəfə də şagirdlərimiz
"Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar
Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı
intellekt yarışmasından qələbə sevinci ilə döndülər. 9 rayon arasında keçirilən
bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu
olduğunu bir daha nümayiş etdirdilər. Hər rayon üzrə 6 komanda olmaqla,
ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən”
komandası 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və
medallara layiq görüldülər. Bundan əlavə, məktəblilər "Asan həyat"
kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq"
yarışmasında da biliklərini sınadılar və qalib oldular. Rayon rəhbəri
son illər Qazax rayonunda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan,
onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün
yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan
16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından
- 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq
bağçalarının, ötən ay açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu
dediklərimizin əyani sübutudur. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə
yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın
- İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş
Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının
nəzərdə tutulduğunu bildirib. Bundan başqa,
Çaylı, Orta Salahlı, Yuxarı Salahlı və Ürkməzli kəndlərində də uşaq
bağçalarının olması üçün məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu
qeyd edib. Bu gün Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və
qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin
ən yüksək səviyyədə olduğunu çatdırıb. İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin
gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün
məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar
verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək
keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki,
bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və
elektrik xətlərinin olmasıdır. Bundan əlavə, SİP
kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu
Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu iş başa çatıb, Fərəhli kəndində isə
davam edir. Görüşdə qeyd
olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa
sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun
nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni
səviyyədə çoxalmışdır. Kənd
təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində
görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin
sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın
şəkildə görmək olar. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37
hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci
ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili
müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30
hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili
2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin
sahəsi 21476,30 hektara çatdırılmışdır. Yenə rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin aparılmış taxıl
sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki,
bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə
11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa
əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur.
Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin
aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180
hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə
tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar
taxıl sahəsindən 11626 hektar sahədə şumlanma aparılmış, 4730 hektar buğda,
3064 hektar arpa olmaqla, cəmi 7794 hektarda taxıl səpilmişdir. İcra başçısı
qeyd edib ki, Hüseynbəyli kəndində də 180 hektar sahədə taxıl səpilməsi nəzərdə
tutulub ki, bunun 170 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir.
Hazırda həmin 172 hektarda şumlanma aparılmışdır. Bu günə kimi 155 hektarda
səpin aparılıb ki, bunun da 149 hektarını buğda, 6 hektarını arpa təşkil edir. İcra başçısı Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan
tütünçülüyün inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib. 2016-cı
ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50
hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan
çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar
artıraraq 60 hektara çatdırmışlar. Rayonda tütünçülüyün inkişafı məqsədilə Kosalar kəndində 32 ha,
Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci
Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində
2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4
ha sahədə tütün əkildiyini çatdırıb. İcra başçısı rayonda yeni iş yerlərinin
açılması baxımından bu sahənin böyük əhəmiyyət daşıdığını bildirib. Arxların
təmizlənməsindən söz açan rayon rəhbəri qeyd edib ki, 2017-ci ildə 269,71 km
arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə
təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km
arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km
məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 155,83 km-i əl əməyi, 110,75 km-i isə
texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki
illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Bildirib ki,
payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə
yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının
təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi
rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 57,70 km-i təmizlənib. Bunun da 29,01 km-i əl əməyi, 28,69 km-i isə
texnika vasitəsilə həyata keçirilib. Hüseynbəyli kəndi üzrə 6,10 km məsafədə arx və kanallarda təmizlik
işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 3,70 km-i əl əməyi,
2,40 km-i isə texnika vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə 1,25 km arx texnika
vasitəsilə təmizlənib. Kənd
sakinlərindən Əli Yusifov, Əsəd Mahmudov, Novruz Alcanov, Eyyub Əliyev,
Şahsuvar Şükürov, Hüseynbəyli kənd
tam orta məktəbin direktoru Mahirə Abbasova və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax
rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün
sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım
ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc
hissi ilə qarşıladıqlarını qeyd ediblər. "Ölkəmizi tanıyaq” layihəsində iştirak
edən məktəblilərə yüksək diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərinə sonsuz
təşəkkürlərini çatdıraraq bu tur-aksiyanın rayonda əsl bayram əhval-ruhiyyəsi
ilə qeyd olunduğunu bildiriblər. Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən
kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları
narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən
sahələrə gedən su arxlarının beton üzlüyə alınması, məktəbin istilik sisteminin
və otaqların bəzilərində tavanın dəyişdirilməsi və s. məsələlərlə bağlı
müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə
baxılacağını bildirib. Qeyd olunan əksər məsələlərin həll olunması üçün bəzi
işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb. İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı
İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi
həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən
bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş