Qazaxda daha bir çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdiriləcək
Bu gün tam
əminliklə deyə bilərik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq Qazax rayonunda aparılan abadlıq və quruculuq işləri geniş
vüsət alıb. Bu son illər rayonda sosial obyektlərin, sənaye müəssisələrinin,
mağazaların, dükanların, uşaq bağçalarının, məktəblərin tikilməsi, yeni asfalt
yolların çəkilməsi, bir sözlə, həyata keçirilən tikinti-quruculuq işlərindən də
aydın şəkildə görmək olar. Qazaxda aparılan
quruculuq işlərinin siyahısında çoxmənzilli binaların əsaslı şəkildə təmir
olunması da rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
Ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən
il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin
istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında
əsaslı təmir işlərinin aparılması quruculuq siyasətinin uğurla icra edilməsi
deməkdir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin
binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin
əyani sübutudur. Bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli
binalardan 20-si tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində
hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən
13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə,
Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və
5 saylı beşmərtəbəli yaşayış binalarının, Heydər Əliyev prospektində yerləşən
5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli
63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binaları təmirli
binalar sırasındadır.
Bu gün çoxmənzilli
binaların əsaslı şəkildə təmir olunması istiqamətində dövlət başçısı tərəfindən
saysız-hesabsız Sərəncamların imzalanması, tapşırıqların verilməsi bir daha onu
sübut edir ki, bu sahə daim diqqət mərkəzindədir. Ölkə başçısının respublikanın
şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı
əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli
Sərəncamı da bu dediklərimizin əyani sübutudur.
Əvvəlcədən
planlaşdırıldığı kimi, Qazax rayonunda istər binaların dam örtüklərinin
dəyişdirilməsi, istərsə də blokların əsaslı şəkildə təmir olunması üçün görülən
məqsədyönlü işlər öz axarı ilə davam edir.
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bakı küçəsi 1 ünvanında yerləşən və
dam örtüyü dəyişdiriləcək bina ilə tanış olub. 3 bloklu, 5 mərtəbəli, 30
ailənin yaşadığı binanın bloklarındakı mövcud vəziyyətlə maraqlanıb.
Sonra binanın
həyətində sakinlərlə görüşən icra başçısı rayonda təmir olunan bütün binalar
kimi, bu binanın da əsaslı şəkildə təmir olunacağını qeyd edib. Əvvəlcə dam
örtüyünün dəyişdiriləcəyini bildirib. Bundan başqa, binanın həyətində abadlıq
işlərinin aparılacağını qeyd edib.
Bina sakinlərindən
Sahib Bayramov, Səmayə Məmmədova, Aygün Həsənova çıxış edərək respublikamızda,
eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika
Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından dərin minnətdarlıqlarını
bildiriblər. Qeyd ediblər ki, rayonda təmir olunan digər binalara baxdıqca
həsəd aparırdıq. Lakin bununla yanaşı, əmin idik ki, bizim bina da diqqət
mərkəzində olacaq. Bəli, bu gün bizim yaşadığımız binanın dam örtüyünün
dəyişdirilməsi, eləcə də əsaslı şəkildə təmir olunması xəbəri bizi çox
sevindirir. Ölkə başçısının çoxmənzilli binalarla bağlı imzaladığı sonuncu
sərəncamı minnətdarlıq hissi ilə qarşılayan bina sakinləri bu sərəncamın onlar
üçün əsl töhfə olduğunu bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş