Qazaxda tütünçülüklə bağlı atılmış ilk addımlar öz bəhrəsini verir » Göyəzən internet portalı


Qazaxda tütünçülüklə bağlı atılmış ilk addımlar öz bəhrəsini verir

Qazaxda tütünçülüklə bağlı atılmış ilk addımlar öz bəhrəsini verir
Dövlət başçısı cənab İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlar ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da yüksək mütəşəkkilliklə həyata keçirilir. Rayonda qısa zaman kəsiyində bütün sahələrdə sürətli inkişafa nail olunmuşdur.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ciddi nəzarəti və tələbkarlığının nəticəsidir ki, cari ildə keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə olunur. Qeyd etmək lazımdır ki, uzun illər əkin-biçin aparılmamış, suvarma suyuna həsrət qalmış torpaq sahələri, nəhayət çətinliklə olsa da əkin dövriyyəsinə qaytarılmış, məhz həmin sahələrdə inanılmaz məhsuldarlığa nail olunmuşdur. Sevindirici haldır ki, daxili bazarlarda bolluq yaratmaqla yanaşı, xarici bazarlarda da rəqabətə davamlı kənd təsərrüfatı məhsulları gözləniləndən bir qədər artıq istehsal olunmuşdur. Aqrar sahədə gəlirli sahə sayılan tütünçülüyün mövcud vəziyyəti ilə tanış olmaq üçün bu günlərdə Qazax rayonuna yollandıq.

Hal-hazırda Qazaxda qızğın tütün yığımı davam edir. Bu bitkiyə lazımi aqro-texniki qulluq göstərilməsinin nəticəsidir ki, bol məhsul əldə olunur. Əldə etdiyimiz məlumata görə ötən il rayonda 10 hektar tütün əkilmişdir. Əkilmiş tütün şitilləri başqa regionlardan alınıb. Bu il rayonun cəbhə bölgəsində yerləşən Cəfərli kəndində yerdən qazma istilikxanalarda yetişdirilən tütün şitilləri rayonun bütün tələbatını ödəmişdir. Beləliklə, kənd sakinlərinin bir neçəsi mövsümi işlə təmin olunmuş və sözsüz ki, şitilin alınması üçün başqa yerə vəsait xərclənməmişdir.

Cari ildə rayonda 50 hektar sahədə “İmunnu-580” növündən olan tütün əkilmişdir. Mütəxəssislərin fikrincə, bu növ tütün məhsuldarlığı ilə seçilir. Rayonun Birinci Şıxlı kəndində 1.2 hektar, İkinci Şıxlıda 1 hektar, Yuxarı Salahıda 2 hektar, Aşağı Salahlıda 2 hektar, Hüseynbəylidə 1 hektar, Çaylıda 1 hektar, Daş Salahlıda 2 hektar, Dəmirçilərdə 1 hektar, Alpoutda 2.3 hektar, Cəfərlidə 2.5 hektar, Fərəhli kəndində 4 hektar tütün əkilmişdir. Açılışını 2016-cı ildə Ölkə Prezidenti cənab İlham Əliyevin etdiyi Birinci Şıxlı kəndli-fermer təsərrüfatı isə Kosalar kəndində 30 hektar tütün əkmişdir. Hal-hazırda bu sahələrdə tütün yığımının qızğın çağıdır. Məhsulun itkisiz qurudulması üçün xüsusi yerlər düzəldilmişdir. Qurudulmuş məhsul bağlı anbarlarda saxlanılır. Bu günədək anbarlara 45 ton qurudulmuş məhsul tədarük edilmişdir və proses tam gücü ilə davam etdirilir. Məhsulun vegetasiya dövründə və yığım dövründə texnika cəhətdən heç bir çatışmazlıq mövcud deyil. Həmçinin cari ildə havaların quraq keçməsinə baxmayaraq, sahələr plana uyğun olaraq suvarma suyu ilə təmin olunmuşdur. Yüksək məhsuldarlıq əldə etmək üçün fermerlər kifayət qədər gübrə ilə təmin edilmişdir.

Hazırda bu sahədə 230 nəfər sakin mövsümi işlə təmin olunmuşdur. Sakinlərlə söhbət zamanı qeyd etdilər ki, verilən məvacib onları qane edir. Göründüyü kimi, rayonda məşğulluğun təmin olunması istiqamətində atılan addımlardan biri də tütünçülüyün təşviq edilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 avqust 2017-ci il tarixli “Azərbaycan Respublikasında Tütünçülüyün İnkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda bu sahənin sürətli inkişafı üçün bütün zəruri tədbirlər nəzərdə tutulmuşdur. Sərəncamdan irəli gələn vəzifələr Qazaxda tütünçülüyün inkişaf etdirilməsini zərurətə çevirir.

Növbəti ildə rayonda 100 hektar sahədə strateji kənd təsərrüfatı bitkisi olan tütünün əkilməsi planlaşdırılır ki, bu gəlirli sahənin inkişaf etdirilməsi əhalinin maddi rifah halının yaxşılaşması istiqamətində atılan mühüm addım olacaqdır. Qeyd etmək lazımdır ki, hazırda dövlət tərəfindən 1 kiloqram qurudulmuş tütün üçün 5 qəpik dotasiya verilir ki, bu da fermerlərin bu sahəyə marağını daha da artırır.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
26 sentyabr 2017-ci il



Facebook-da paylaş