Qazaxda cüdo üzrə region birinciliyi keçirilib
Qazaxda Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 2005-2006
və 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə region birinciliyi
keçirilib. 23-24 oktyabr 2018-ci il tarixlərdə Qazax Olimpiya
İdman Kompleksində keçirilən region birinciliyinə Qazax, Ağstafa, Tovuz,
Qovlar, Şəmkir, Göygöl, Samux rayonları və Gəncə şəhərindən olan cüdoçular
qatılıb. Yarışda 8 rayondan 350 nəfərdən çox idmançı qələbə uğrunda mübarizə
aparıb. 23 oktyabrda baş tutan yarışın təntənəli açılış mərasimində
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib
Namazov, Azərbaycan Cüdo Federasiyasının Regionlarda İnkişaf sektorunun
müdiri Tərlan Poladov, yarışların təşkilat komitəsinin üzvü Ceyhun Kələntərov, 2008-ci
il Pekin Olimpiya Oyunlarının bürünc mükafatçısı və Azərbaycan Cüdo
Federasiyasının Qərb regionunun rəhbəri Mövlud Mirəliyev çıxış ediblər. Çıxışlarda
qeyd olunub ki, iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, bir çox
nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan, həm də dünyada
idman ölkəsi kimi tanınır. Son illər ölkəmizdə idmanın
inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı bunu söyləməyə əsas
verir. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız
medallar isə göstərilən qayğının əyani sübutudur. Bildirilib ki, Azərbaycanda Prezident İlham Əliyev
tərəfindən digər sahələr kimi, idman sahəsi də dövlətin prioritet hesab etdiyi
istiqamətlərdəndir. İdmançılarımızın beynəlxalq və respublika əhəmiyyətli
yarışlarda iştirakının yüksək səviyyədə təmin olunması, mütəmadi olaraq gənclər
və yeniyetmələr arasında yarışların keçirilməsi bu sahənin daim diqqət mərkəzində
olması deməkdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan
Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında
cüdo üzrə region birinciliyi də bunun bariz nümunəsidir. 2 gün davam edən yarışın yekununda
qalib və mükafatçılar Azərbaycan Cüdo Federasiyasının müvafiq diplom və
medalları ilə təltif olunublar. GOYEZEN.AZ
Facebook-da paylaş