• Təqvim

  • Unutma

  • Maraq



Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir


Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir.

Soçidə imzalanmış sənəddə "Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.

Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüş bir daha Azərbaycanın qələbəsinin, Ermənistanın isə məğlub dövlət kimi bundan sonra da bəyanatda nəzərdə tutulan müddəalardan yayına bilməyəcəyinin təsdiqi oldu. İstər üçtərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putinin, ölkə Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın nitqində, istərsə də görüşün sonunda imzalanan Bəyanatda bir daha 10 noyabr və 11 yanvar razılaşmalarının bütün bəndlərinin icra olunmasının, ardıcıllıqla yerinə yetirilməsinin, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılması üçün birgə komissiyanın yaradılması, nəqliyyat-logistika şəbəkəsinin açılması, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyi kimi məsələlər xüsusi yer aldı. Başqa sözlə desək, Soçi görüşündə imzalanan Bəyanat prinsipcə 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır.

Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir. Ölkə başçısı dəfələrlə bəyan etdi ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. Bu ilin 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır. Soçi görüşünün nəticəsi kimi ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi "mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq. Şübhəsiz ki, bu, Azərbaycanın böyük siyasi uğurudur. Xüsusilə, qəbul olunan Bəyanatda Rusiya Prezidentinin dəfələrlə "dəhliz” ifadəsini işlətməsi, "Qarabağ” ifadəsinə yer verilməməsi, Ermənistan tərəfinin hər zaman iddia etdiyi əsirlər və ya girovlar məsələsinə toxunulmaması, sərhədlərin delimitasiya və demarkasiyasına çağırışlar edilməsi, bütövlükdə müzakirə olunan məsələlər Azərbaycanın mövqeyini tam əks etdirir.

Qazanılmış bu uğur rəsmi Bakı və Moskva münasibətlərinin konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulmuş ikitərəfli əlaqələrin strateji əsası qismində çıxış edir. Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinin dinamik, davamlı inkişafa malik olduğunu göstərir. Bəzi ermənipərəst qüvvələr isə tərəflər arasındakı regional sabitlik, təhlükəsizlik və inkişafa xidmət edən münasibətlərin pozulmasında maraqlıdırlar. Amma əminliklə söyləmək olar ki, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasında maraqlı olan qüvvələrin cəhdləri iflasa məhkumdur, bura təbii ki Nikol Paşinyan tərəfindən atılan düşünülməmiş addımlar da daxildir.

Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Belə ki, bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Eyni zamanda tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar. Cənab Prezidentimiz qeyd etdiyi kimi: "Biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini görmüşük. Bu qurum ikili standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox maraqlı görünürdü. Bütün faktlar ortada ola-ola həm işğalçıya, həm də işğala məruz qalana eyni münasibət bəslənilirdi və bu qurum heç bir tutarlı iş görə bilmədi".

Bəli, bu gün görülən bütün işlərin əsası Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezidentimizin uğurlu və unudulmaz fəaliyyətidir!

Hər bir azərbaycanlının qəlbində tükənməz sevgi qazanmış möhtərəm Prezidentimiz Ilham Əliyevə Uca Tanrıdan sağlam can, üzərinə götürdüyü məsuliyyətli işdə müvəffəqiyyət arzu edirik!

Qarabağ Azərbaycandır!
Zəngəzur Azərbaycandır!
Elvira ƏFƏNDİYEVA, 
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri



Facebook-da paylaş