20 noyabr Azərbaycanın dilbər guşəsi olan Ağdamın azad olunduğu gündür!
2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusunun
əks-hücum əməliyyatları ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın
tarixi Qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü,
tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Rəsmi İrəvanın
işğalçı siyasətinə Azərbaycan tərəfindən son qoyuldu. 44 gündən sonra Ali Baş
Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə Şanlı
Qələbə qazandıq.
Qırx dörd günlük Vətən müharibəsində
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti,
prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı
kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti,
Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanata əsasən
2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan
ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən,
qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən
sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa
başladı.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri,
Ermənistan baş nazirinin imzaladıqları həmin üçtərəfli Bəyanata əsasən işğalçı
dövlətin məğlub ordusu qalan bölgələrimizi də tərk etməli, həmin ərazilər
həqiqi sahiblərinə qaytarılmalı idi. Belə də oldu. Döyüş meydanında
məğlubiyyətini dərk edən Ermənistan kapitulyasiya şərtləri ilə razılaşmağa məcbur
qaldı. Bu tarixi hadisədən sonra Laçın, Ağdam və Kəlbəcər Azərbaycana
qaytarıldı. Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də Qələbə
qazandı. Ən əsası da 20 noyabr 2020-ci il tarixi xalqımızın, xüsusilə də ağdamlıların
yaddaşına əbədi həkk olundu. Bu gün istər xarici, istər yerli
media nümayəndələri, diasporalar, müxtəlif ölkələrin diplomatik nümayəndələri
işğaldan azad olunmuş ərazilərimizə səfər edərkən erməni quldurları tərəfindən
törədilən dağıntıların və vandalizmin, erməni faşizminin şahidi olurlar. Erməni
işğalçıları xislətlərinə uyğun olaraq, şəhərlərimizi xarabalığa çevirib,
darmadağın ediblər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri
yerlə-yeksan edilib. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan
qəsdən mədəni və dini abidələrimizi
vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. İşğaldan azad olunmuş Ağdam
erməni vandalizmininşahididir. Otuz ilə yaxın davam edən işğal zamanı erməni vandalları tərəfindən
Ağdam şəhəri o qədər dağıdılıb ki, xarici jurnalistlər bu şəhəri "Qafqazın
Xirosiması” adlandırıblar. İşğaldan azad edilmiş bütün şəhər və
rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının
icrası hazırda yüksək sürətlə
davam etməkdədir. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər
hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı
əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. 2021-ci 28 may tarixində həmin
Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur. 2020-ci il noyabrın 23-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə
səfər edib. Prezident İlham Əliyev burada Azərbaycan bayrağını qaldırıb. Prezident
İlham Əliyev qeyd edib ki: "Bu
gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri
erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün
kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş
olacaqdır”. 2021-ci il mayın 28-də Ağdama səfər çərçivəsində
dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər
meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış
binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal
muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının
təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində
iştirak edib. Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş
rayonlara səfər etməsi bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır,
onların hamısı yenidən qurulacaq, bütün şəhər və kəndlərimizdə həyat
canlanacaq. Səidə QOCAYEVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi
Facebook-da paylaş