Əsas Səhifə > Mədəniyyət > 20 noyabr Azərbaycanın dilbər guşəsi olan Ağdamın azad olunduğu gündür!

20 noyabr Azərbaycanın dilbər guşəsi olan Ağdamın azad olunduğu gündür!


20-11-2021, 11:16


2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Rəsmi İrəvanın işğalçı siyasətinə Azərbaycan tərəfindən son qoyuldu. 44 gündən sonra Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə Şanlı Qələbə qazandıq.

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

 

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladıqları həmin üçtərəfli Bəyanata əsasən işğalçı dövlətin məğlub ordusu qalan bölgələrimizi də tərk etməli, həmin ərazilər həqiqi sahiblərinə qaytarılmalı idi. Belə də oldu. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan kapitulyasiya şərtləri ilə razılaşmağa məcbur qaldı. Bu tarixi hadisədən sonra Laçın, Ağdam və Kəlbəcər Azərbaycana qaytarıldı. Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də Qələbə qazandı. Ən əsası da 20 noyabr 2020-ci il tarixi xalqımızın, xüsusilə də ağdamlıların yaddaşına əbədi həkk olundu.

Bu gün istər xarici, istər yerli media nümayəndələri, diasporalar, müxtəlif ölkələrin diplomatik nümayəndələri işğaldan azad olunmuş ərazilərimizə səfər edərkən erməni quldurları tərəfindən törədilən dağıntıların və vandalizmin, erməni faşizminin şahidi olurlar. Erməni işğalçıları xislətlərinə uyğun olaraq, şəhərlərimizi xarabalığa çevirib, darmadağın ediblər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmininşahididir. Otuz ilə yaxın davam edən işğal zamanı erməni vandalları tərəfindən Ağdam şəhəri o qədər dağıdılıb ki, xarici jurnalistlər bu şəhəri "Qafqazın Xirosiması” adlandırıblar.

 

 

 



İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək sürətlə davam etməkdədir. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.


 

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Prezident İlham Əliyev burada Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyev qeyd edib ki: "Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır”.

2021-ci il mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib. Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır, onların hamısı yenidən qurulacaq, bütün şəhər və kəndlərimizdə həyat canlanacaq.

Səidə QOCAYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi


Geri qayıt