Prezident İlham Əliyev: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir”
2025-ci il 21 oktyabr tarixi Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyev bildirdi ki, Qazaxıstan inkişaf edir və güclənir. Qazaxıstanı mütəmadi ziyarət edirəm və Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə görürəm. Prezidentin modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirdiyi islahatlar son illər Qazaxıstanın inkişaf və modernləşdirilmə yolunda inamla irəlilədiyini nümayiş etdirir. Ölkə başçısı qeyd etdi ki, Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir. Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur. Azərbaycana gəldikdə, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasından söz açan ölkə rəhbəri vurğuladı ki, avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam. Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq. Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. Dövlət başçısı söylədi ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır. Geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Təbii ki, bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir. Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər. Ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir. Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əlbəttə, əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir. Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyindən söz açan ölkə başçısı bildirdi ki, Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı, öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq. Ölkə başçısı səsləndirdi ki, torpaqlarımız uzun illər ərzində işğal altında olanda Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə bu dəstəyi hiss etmişik və buna görə Sizə çox minnətdarıq. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir. Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Bu yaxınlarda Hökumətlərarası Komissiyanın müsbət iclası oldu. İqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var. Humanitar əməkdaşlığa gəldikdə, keçən il və ondan əvvəlki illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini qeyd edərdim. Hesab edirəm ki, bu cür tədbirlər mütəmadi, daimi xarakter daşımalıdır. Ola bilər ki, həm paytaxtlarda, həm də bütün regionlarda müntəzəm mədəniyyət günlərinin keçirilməsi üzrə mədəni qarşılıqlı fəaliyyətin yol xəritəsi hazırlansın. Energetika sektorunun inkişafında, ənənəvi və bərpaolunan mənbələr üzrə böyük potensiala malikik. Keçən ilin noyabrında biz Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli müqavilə imzaladıq. Zənnimcə, bu gün həmin mövzuda da danışacağıq.
Facebook-da paylaş














