Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir
Rusiya tərəfinin təşəbbüsü əsasında oktyabrın 9-10-da Moskva şəhərində
keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan
Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib. 2020-ci
ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq
Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi
əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi
üçün atəşkəs elan olunub. 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb
olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Qeyd edək ki, humanitar
atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi
və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə
aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq
danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər
hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər
şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gərir,
məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri
neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana
qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır. Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən
çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da
yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər
bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal
olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa
olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan
qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə
tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də
darmadağın edildi. Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına
qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə,
əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan
dövlətlərin və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli
maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli
maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq
üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda
aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək
30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın
işğalla heç zaman barışmayacağını sübut etdi. Status-kvo dəyişdi. Hərbi və
siyasi şərtləri indi Azərbaycan diqtə edir. Prezident İlham Əliyev qəti və məntiqli
diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir. ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə
etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane
edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati
ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük
geo-siyasi əhəmiyyəti vardır. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik
müstəviyə keçirdi. Ermənistanın danışıqlar formatını dəyişdirmək və Dağlıq
Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə
nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək
iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu
münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan
dövlətidir. Ermənistanın baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən
şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan
öz iradəsini diqtə edir və şərt irəli sürür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 15 iyul 2020-ci il
tarixli iclası zamanı da bildirdi ki: "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu
biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə,
diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə
edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın
27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı
olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında
atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da
yaxınlaşdırır. Bu gün tam əminliklə deyə bilərik ki, son günlər cəbhədə baş verənlər
və şanlı Azərbaycan Ordusunun qazandığı qələbələr, ölkədəki birlik, həmrəylik sayəsində
bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi
üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində
havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq
tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv
edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi.
Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu
silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait
sərf olunmuşdu. Ermənistan ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən
artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Bu kimi peşəkar hərbçi heyətinin
formalaşdırılmasına illər lazımdır. Aprel döyüşlərində Ermənistan öz cəzasını aldı. Amma son döyüşlər
miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə
güvənini əsaslı dərəcədə sarsıtdı. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə
torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün
dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının
birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq
bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün
informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar. Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan
çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu,
Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji
yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.
Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi.
Bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə
resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz
üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi
addım atıldı. Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist
siması ifşa edildi və bütün dünyaya göstərildi. Bir daha sübut olundu ki, Ermənistanın
əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənilərin işğal olunmuş əraziləri qanunsuz məskunlaşdırmaq cəhdi
iflasa uğradı – artıq heç kəs daim Azərbaycan ordusunun hədəfində və atəş zonasında
yerləşən ərazilərə köçmək haqda düşünməyəcək. Qarabağı tərk edən ermənilərin əksəriyyəti
bir daha geri dönməyəcək. Hər an hərbi əməliyyatların bərpa oluna biləcəyini
anlayan erməni əhalisi Qarabağı tərk etməkdə davam edəcək. Ermənistanın və diasporanın işğal olunmuş ərazilərə qoyduğu
investisiyalar havaya sovrulub və bundan sonra heç bir iş adamı bu ərazilərdə
biznes qurmaq haqda düşünməyəcək. Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf
kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini,
beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə
etməyə çalışırdı. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə
mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü. Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi
əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı,
yalvarmadığı lider qalmadı. Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum
Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına
gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının
yolverilməzliyini anlayır. Bu isə Ermənistana diplomatik təzyiqlərin artmasını
qaçılmaz edir. Bu gün danışıqlar prosesində status-kvo, cəbhədə təmas xətti kimi
anlayışlar yoxdur. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan
qaldırdı, təmas xəttini ləğv etdi. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və
Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri
icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim
etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar. Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli
həlli prosesində öz rolunu oynamalıdır. Qarşıdan gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq,
iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq
hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır. GOYEZEN.AZ
Facebook-da paylaş