• Təqvim

  • Maraq



Qazaxda “Ekoloji hüquqlar - insan hüquqları və azadlıqlarının tərkib hissəsi kimi” başlıqlı tədbir keçirilib


İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Sərəncamda qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

İyunun 6-da Qazax Rayon İcra Hakimiyyəti, Ombudsmanın Qərb Regional Mərkəzi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ekoloji hüquqlar - insan hüquqları və azadlıqlarının tərkib hissəsi kimi” başlıqlı tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul əməkdaşları, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Polis şöbəsinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri, təhsil, səhiyyə işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova iştirakçıları və qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, İnsan hüquqları-insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlardır. Əsas məğzi isə odur ki, bütün insanlar eyni hüquqa malik olmalıdır və bu hüquqlar izahata ehtiyac olmadan hər kəsə aid edilməlidir. Cəmiyyətin üzvü bizik - insanlar. İnsanlar arasında ictimai münasibətlər isə hüquqi cəhətdən nizama salınmalıdır. Bu baxımdan hər bir ölkədə insan vətəndaş hüquq və azadlıqları ali dəyər kimi qiymətləndirilməli, bu səhədə mühüm işlər görülməlidir. İnsanların hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlı olduğundan bu hüquqlar dövlət tərəfindən müdafiə edilməli konstitusiyalarda inkarolunmaz bir hüquq kimi qəbul olunmalıdır.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova insan hüquq və azadlıqlarının tərkib hissəsi olan ekoloji hüquqlardan danışaraq bildirib ki, insan hüquqlarına dair müasir mübahisələr XX əsrin II yarısında meydana gəlmişdir. İnsanların hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlı olduğundan bu hüquqlar dövlət tərəfindən müdafiə edilməli konstitusiyalarda inkarolunmaz bir hüquq kimi qəbul olunmalıdır. Beynəlxalq aləmdə insan haqları BMT-nin insan hüquqları haqqında Ümumi Bəyənnaməsi ilə qanuniləşdirilib. Ölkəmiz isə müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçərək insan hüquqlarının müdafiəsini dövlət  siyasətinin əsas istiqaməti müəyyən etdi. Bu istiqamətdə aparılan fəaliyyət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, insan hüquqlarının və azadlıqlarının qorunmasının əsası Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında təsbit edilən müddəlarla qoyulub. Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edib. 1998-ci il 22 fevral tarixində “İnsan və Vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanıb, 1998-ci il 18 iyun tarixli Sərəncamla insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib. Dövlət Proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) institutu təsis edilib. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu gün insan hüquq və azadlıqlarının Azərbaycan nümunəsi bir çox ölkələr üçün örnəkdir. Ölkə başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. G.Həsənova mənfur düşmənimiz olan ermənilərin uzun llərdir torpaqlarımızı işğal etməklə yanaşı, həmin torpaqlarda ekoloji terror törətdiklərini də vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun ekoloji terror törədən düşmənlərimizə layiqli dərsini verdiyini, ədalətin kimin tərəfində olduğunu bütün dünyaya sübut etdiklərini qeyd edib. Bu gün azad olunmuş torpaqlarımızda yaşıl enerjiyə keçidin bariz nümunələrinin şahidi olduğumuzu diqqətə çatdırıb. G.Həsənova vurğulayıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklər həyata keçirilir. Müavin ölkə Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı verilmiş Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Tədbirlər Planının təsdiq olunduğunu diqqətə çatdırıb. Bu il münasibətilə qəbul edilmiş Tədbirlər Planı çərçivəsində Qazax rayonunda Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, eləcə də digər idarə və müəssisələrin, məktəblərin təşkilatçılığı ilə ümumilikdə 15 tədbir keçirildiyini vurğulayıb. Həmçinin, ağacəkmə aksiyalarının, ətraf mühitin qorunması istiqamətində lazımi addımların atıldığını qeyd edib. Müavin ətraf mühiti qorumağın hər birimizin borcu olduğunu qeyd edərək “Yaşıl dünya naminə həmrəylik ili”nin bu istiqamətdə hər bir vətəndaşın töhfə verməsi üçün mühüm rol oynayacağını bildirib, bu yolda hər kəsə uğurlar arzulayıb.


Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından salamlayıb, ürək sözlərini bölüşüb. S.Abbasov qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqramlar uğurla yerinə yetirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verməkdədir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.


Qazax Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin Baş əməliyyat müvəkkili Murad Hüseynzadə çıxış edərək bildirib ki, bu gün dünyanı narahat edən başlıca problemlərdən biri də ekologiya problemidir. Zaman-zaman bu problemin həlli istiqamətində  müəyyən qərarlar qəbul edilib, tövsiyələr irəli sürülüb. Ölkəmiz də nəhəng layihələrə qatılaraq öz iqdisadi gücünü göstərib. Ekoloji təhlükəsizliyin pozulması insanların sağlam ətraf mühitdə yaşamaq kimi konstitusion hüququnu pozur. Parlament tərəfindən qəbul olunan "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə problemin aradan qaldırılmasına yardımçı olsa da, hesab olunmalıdır ki, hər bir vətəndaş qanunvericiliyin tələblərinə riayət etməli və təbiətin mühafizəsi, atmosferin çirklənməsinin qarşısının alınması istiqamətində əməli addımlar atmalıdır. Ekoloji problemlərin çoxaldığı bir dövrdə hər bir kəs təbiətin qorunmasında öz məsuliyyətini dərk etməlidir. 


Bakı Dövlət Universitetinin Qazax filialında dekan müavini Mübariz Süleymanov çıxış edərək dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartlar nəticəsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin təsbit olunmuş normalarının yerinə yetirilmədiyini bildirib. Azərbaycanın 30 ilə yaxın müddətdə erməni işğalında qalması zamanı təbiətə, ekologiyaya, eyni zamanda tariximizi özündə yaşadan abidələrimizə qarşı törətdikləri vandallıq aktlarına dünya birliyi göz yumur. Bütün bu barbarlıq təkcə təbiətə deyil, həm də insanlığa qarşı, insan haqq və hüquqlarına qarşı törədilmiş cinayətdir.   


2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Afət Telmanqızı çıxış edərək bildirib ki, doğrudan da, insan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Hər bir insanda ekoloji mədəniyyət formalaşmalıdır. Son illər yer üzündə əhalinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, biologiya elmləri sahəsində əldə edilən yeniliklər, müasir texnologiyaların yaradılması bəşəriyyətə təkcə fayda gətirmir desək, yanılmarıq. XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz fəsadlarını biruzə verməyə başladı. Bir-birinin ardınca baş verən təbii fəlakətlər - daşqınlar, zəlzələlər, torpaq sürüşmələri dünyanın bütün ölkələrində ciddi narahatlıqlar yaradır. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməli, ekoloji mədəniyyət nümayiş etdirərək təbiəti qorumalıdırlar.

Sonda Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.




Facebook-da paylaş