• Təqvim

  • Maraq



Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz ətraf mühit və yaşıl artım əsas prioritetlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilib


Aprelin 6-da Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Təmiz ətraf mühit və yaşıl artım əsas prioritetlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilib. 

BDU-nun Qazax filialında baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Filialın direktoru, dosent Arif Rüstəmov, professor-müəllim heyəti, tələbələr, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş Yaşar Mustafayev, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş slayd nümayiş etdirilib.

 


BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və rayon rəhbərliyini salamlayıb, keçirilən dəyirmi masanın əhəmiyyətindən söz açıb. A.Rüstəmov iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu söyləyib. Natiq bildirib ki, Sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. A.Rüstəmov COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkəmizin sosial-iqtisadi siyasətinin növbəti uğuru kimi qiymətləndirib. Natiq ölkəmizin bu uğurunun vətəndaş olaraq hər kəsi qürurlandırdığını söyləyib. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi üçün Tədbirlər Planının təsdiq olunduğunu bildirən natiq Tədbirlər Planında nəzərdə tutulan dəyirmi masalara ilk olaraq BDU-nun Qazax filialından start verilməsinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı bildirib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmamışdır. Bu, özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və digər sahələrdə göstərmişdir. İnsanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində COP sazişini imzalamışdır. COP (Conference of Parties) tərcümədə Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. COP-un katibliyi Bonn şəhərində yerləşir, ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncu COP28 tədbiri isə 2023-cü ildə Dubayda təşkil edilmişdir. Yüz minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olmuşdur. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılmışdır. Sözügedən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə olaraq iştirak etmişdir. 9 dekabr 2023-cü il tarixdə COP28-in plenar iclasında Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi qərara alınmışdır. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Respublika Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bizə qarşı olan mənfi fikirləri alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Respublika Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. İcra başçısı 2023-cü ilin dekabr ayının 15-də COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildiyini, müşavirədə cənab Prezidentin “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik” fikrinin üzərimizə düşən məsuliyyəti bir daha dərk etməli olduğumuzu bildirdiyini qeyd edib. COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsinin təmin edilməsi məqsədilə “Təşkilat Komitəsinin” yaradılması haqqında 13 yanvar 2024-cü il tarixli Sərəncam imzaladığını, Komitənin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə 55 nəfər üzvdən ibarət olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb və məhz COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına, ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcəyini, paytaxt Bakının tədbir zamanı dünyanın mərkəzi olacağını və təqribən 70-80 min xarici qonağı qarşılayacağını söyləyib. İcra başçısı Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə həmin torpaqlarımızda ekologiyamızın, yaşıllıqların vəhşicəsinə məhv edildiyini, yandırıldığını, təbii sərvətlərimizin talandığını, Azərbaycan ərazilərində törədilən ekoloji terroru, əhalinin sudan məhrum edilməsini, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsini, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalmasını, Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzü dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın mühüm əhəmiyyət daşıdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, otuz il sonra Azərbaycan ərazilərinin erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldığını qeyd edib. İcra başçısı COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirib. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladığını, bu Sərəncamın Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut etdiyini bildirib. Digər tərəfdən ölkə başçısının 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirmək və ətraf mühitin qorunması istiqamətində görüləcək işləri xeyli dərəcədə intensivləşdirmək baxımndan böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Rayon rəhbəri bildirib ki, Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir”.


İcra başçısı Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı imzalanmış 25 dekabr 2023-cü il tarixli Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Tədbirlər Planının təsdiq olunduğunu söyləyib. Təsdiq olunmuş Tədbirlər Planının 6 bənd 58 yarımbənddən ibarət olduğunu, Tədbirlər Planındakı 11 yarımbəndin yerli icra hakimiyyətlərinə aid olduğunu diqqətə çatdırıb. Qeyd edilən yarımbəndlər üzrə beynəlxalq əhəmiyyətli forum, konfrans və seminarların keçirilməsinin, ətraf mühitin qorunması istiqamətində təbliğat-təşviqat işlərinin aparılmasının, ağac-kol tinginin əkilməsi və qiymətli meşə cinslərinə aid toxumların səpilməsinin, göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanmasının, xüsusi mühafizə olunan təbiət ərazilərinin (qoruqlar, parklar) sayının artırılmasının, “Yaşıl binalar” layihəsinin həyata keçirilməsinin, su ehtiyatlarından səmərəli istifadənin təmin olunmasının, istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsinin, ölkə ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi kimi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Eyni zamanda, tədbirlər proqramında Azərbaycan şəhərlərinin Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının “Şəhərlərdə ağaclar” proqramına qoşulması, Azərbaycan şəhərlərinin Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının “Şəhərlərdə ağaclar” proqramına qoşulması istiqamətin işlərin həyata keçirilməsi də nəzərdə tutulub. Rayon rəhbəri Administrasiyasının Tədbirlər Planının icrası məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış 19.03.2024-cü tarixli 9-23/183 nömrəli Sərəncamla Tədbirlər Planının təsdiq edildiyini söyləyib. Tədbirlər Planının 2.1-ci yarımbəndinin icrası ilə əlaqədar ilk tədbirin Bakı Dövlət Universitetinin Qazax filialından başladığını bildirib. Rayon rəhbəri Tədbirlər Planının 3.1-ci yarımbəndinə uyğun olaraq 13 mart 2024-cü il tarixdə Qazax rayonunun Dəmirçilər kəndi ərazisində 0,50 ha torpaq sahəsində 1600 ədəd göyrüş ağacı əkildiyini, ağacəkmə aksiyasının davam etdiriləcəyini söyləyib. Tədbirlər Planının  4.5-ci yarımbəndində nəzərdə tutulan Qazax rayonu ərazisində sahəsi 6,3 kv.km, tutumu 120 mln kubmetr olan Ağstafaçay su anbarını qidalandıran Ağstafa çayının Ermənistan Respublikasının ərazisindən keçməsini nəzərə alaraq axıdılan bərk məişət tullantılarının müntəzəm olaraq toplanması və ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məktub ünvanlandığını, digər yarımbəndlərdə nəzərdə tutulan tədbirlərin isə il ərzində keçiriləcəyini qeyd edib. Rayon rəhbəri sonda bir daha vurğulayıb ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və bu il münasibətilə qəbul edilmiş Tədbirlər Planının yüksək səviyyədə icra edilməsi bir daha Azərbaycan dövlətinin nüfuzunu beynəlxalq aləmdə tanıdacaqdır.


Filialın İctimai və təbiət fənləri kafedrasının professoru, Sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. Natiq çıxışı zaman dünyanı narahat edən qlobal probemlərdən birinin iqlim dəyişmələri olduğunu söyləyib. İqlim dəyişmələrinin canlı aləmə təsirinin dünyanı narahat edən amillərdən biri kimi ölkəmizdə də bu məsələyə həssaslıqla yanaşıldığını bildirib. Ölkəmzdə kənd təsərrüfatı, su resurslarının iqlim dəyişikliklərinə məruz qaldığını, bu sahədə aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü söyləyib. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını bu sahədə atılan mühüm addımlardan biri kimi dəyərləndirib. Natiq qeyd edib ki, sərəncamın icrasından irəli gələn məsələlərə nəzər salarkən bir daha aydın şəkildə görmək olur ki, ölkəmiz iqlim dəyişikliklərinə qarşı qlobal məsələlərdə mübarizə tədbirlərinə qoşulan, təşəbbüs irəli sürən ölkələrdəndir. İqlim dəyişmələrinə qarşı mübarizədə Çinin, eləcə də digər dünya dövlətlərinin təcrübəsini bölüşən natiq ölkəmizin də geri qalmadığını vurğulayıb. İ.Hacıyev “Yaşıl dünya naminə həmrəylik ili”ndə BDU-nun Qazax filialı olaraq öz töhfələrini verməyə hazır olduqlarını bildirib. 


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətini vurğulayaraq iqlim dəyişmələrinin fəsadları, gündəlik həyatımızda baş verən dəyişiklikər barədə söz açıb. Yaşıl enerjinin əhəmiyyətindən danışaraq bu gün Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görüldüyünü, addımlar atıldığını vurğulayıb. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar imzalanmış sərəncamın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsində vətəndaş olaraq hər kəsin üzərinə məsuliyyət düşdüyünü söyləyib.


2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş Yaşar Mustafayev çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara razılığını ifadə edib. Natiq 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 rayonu əhatə etdiyini, hər bir rayonda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ətraf mühitin qorunması sahəsində təqdirəlayiq işlər görüldüyünü qeyd edib. Natiq çıxışı zamanı qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında iki maddə ətraf mühitlə bağlıdır ki, maddələrin birində vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnun olduğu, digər bir maddədə isə hər bir Azərbaycan vətəndaşının ətraf mühiti qorumağa borclu olduğu qeyd olunur. Natiq bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə hər kəsin üzərinə düşən məsuliyyəti dərk edərək ətraf mühitin qorunması və mühafizəsi işində dövlətimizə öz töhfəsini verməlidir. Ətraf mühitin sağlamlaşdırılmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edən natiq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən danışıb. Y.Mustafayev qeyd edib ki, tarixi hadisə olacaq COP29-un Bakıda keçirilmək qərarı Azərbaycanın və onun liderinin şəxsi nüfuzunun dünya birliyi tərəfindən təsdiqinin nəticəsidir. 


Filialın İctimai və təbiət fənləri kafedrasının coğrafiya müəllimi Günel Alıyeva “Su ehtiyatlarına və qlobal iqlim dəyişmələrinə antropogen amillərin təsiri” mövzusunda çıxış edərək bildirib ki, iqlim və su ehtiyatlarının tədqiqi qlobal olaraq tədqiq olunan əhəmiyyərli bir mövzudur. Belə ki, sənayeləşmədən bu günə dünyanın sürətlə böyüyən iqtisadiyyatı ətraf mühitə mənfi təsirləri ilə də xarakterizə olunur. Bu təsirlər iqlim dəyişmələri, su ehtiyatlarının çirklənməsi, səmərəsiz istifadəsi, hava çirkliliyi və biomüxtəlifliyin itirilməsi kimi problemlərə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, iqlim və su ehtiyatlarının səmərəli istifadəsi dayanıqlı inkişafın əsas sütunlarından hesab olunur. 25 senytabr 2015-ci ildə BMT-nin gündəmində Dayanıqlı İnkişafın Məqsədləri planı qəbul olundu və bu plan 169 hədəfdən ibarət 17 məqsədi əhatə edir. Həm su ehtiyatları, həm də iqlim dəyişmələri bu məqsədlərin tərkib hissəsidir və digər məqsədlərə çatmaq üçün mütləq şəkildə hər iki məqsəd nəzərə alınmalıdır. G.Alıyeva qeyd edib ki, kənd təsərrüfatı və təmizlənməmiş tullantı suları yolu ilə çaylara, göllərə okeanlara və digər su hövzələrinə həddindən artıq biogen maddələrin atılması suyun keyfiyyətini aşağı salmaqla yanaşı, qeyd olunan hövzələrin ekosistem funksiyasını da əhəmiyyətli dərəcədə pozur. BMT-nin Dayanaqlı İnkişafın Məqsədləri layihəsinin 13-cü məqsədi iqlimlə bağlı problemlərin həll olunması üçün müəyyən olunmuş hədəflərə nail olmaqdır. Davamlı olaraq artan istilik dalğaları, quraqlıqlar və daşqınlar iqlim dəyişmələrinin nəticəsidir və artıq dünyada milyardlarla insana təsir edir, eyni zamanda, ekosistemdə geridönülməsi mümkünsüz olan dəyişikliklərə səbəb olur. Su hövzələrinin məruz qaldığı antropogen problemlərdən biri də çirklənmədir. Su ehtiyatlarının çirklənməsi əsasən qurudan qaynaqlanır ki, bu bəzən tullantıların hövəzlərə axıdılmasının qiymətləndirilməsinin mümkünsüz olduğunu düşünməyə əsas verir. Dənizlərə axıdılan tullantıların 85%-ni plastik kütlə təşkil edir. 2021-ci ildə aparılan bir araşdırmaya görə dünya okeanına 17 milyon tondan çox plastik kütlə daxil olub. Əhalinin sürətlə artması isə su hövzələrinə atılan tullantıların həcminin artmasına səbəb olur. 2040-cı ilə kimi hər il plastik çirklənmənin iki və üç dəfə artacağı və bütün dəniz həyatını təhlükə altında qoyacağı gözlənilir. Plastik kütlə isə zaman keçdikcə su hövzələrində parçalanır və ölçüsü 5 mm-dən kiçik olan mikroplastiklər formasında hətta, balıqların qida zəncirinə daxil olur. Mikroplastiklə qidalanan balıqlar isə toksikliyin artması ilə kürü tökməsi zəifləmiş olur. Hətta, bu toksiklik balıqlar vasitəsiylə insnaların da sağlamlığına təsir edə bilər. Antropogen amillər nəticəsində istər su ehtiyatlarına, istrəsə də iqlimə göstərilən təsirlər bəşəriyyətin gələcəyini təhlükə altında qoyur. İnsanların gələcəyi yaxın onilliklərdə təbiətlə münaisbətini necə dəyişəcəyindən asılıdır. İqlim dəyişmələri, su ehtiyatlarının azalması, biomüxtəlifliyin itirilməsi, quraqlıqlar və.s qlobal problemlər olaraq bütün ölkələrin birgə səyi nəticəsində həll oluna biləcək dəyişikliklərdir. Təbiətin yüksək dözümlülüyə sahib olması bu təsirlərin nəticəsinin daha ağır olmasının qarşısını alır. Lakin təbitəin bu dözümlülüyü artan əhali sayı nəticəsində hər gün daha da zəifləyir. Planetin sahib olduğu olduğu dözümlülüklə yanaşı özünü bərpa funkusiyası da çox sürətlidir. Bu isə bizə imkan yaradır ki təbiətə olan təzyiqləri azaldaq və təbii proseslərin özü-özünü bərpa etməsinə imkan yaradaq.


Filialın İctimai və təbiət fənləri kafedrasının biologiya müəllimi İlahə Süleymanova “Geni dəyişdirilmiş orqanizmlərin ekosistemə təsiri” mövzusunda çıxışı zamanı bildirib ki, XXI əsrdə bəşəriyyətimizi  kütləvi qırğın silahlarından, qlobal istiləşmədən, terrorizmdən və bu kimi fəlakətlər qədər təhlükə altına qoyan daha bir fəlakət də geni dəyişdirilmiş qida  məhsullarıdır. Qeyd edib ki, geni dəyişdirilmiş orqanizmlər dedikdə yəni hər hansı bir   canlının - heyvanın, bitkinin, genotipinə hər hansı bir digər yad olan canlıdan götürülmüş gen əlavə edilməklə yaradılan yeni hibrid orqanizm başa düşülür. Geni dəyişdirilmiş orqanizmlərin yaranma tarixi 1973-cü illərə təsadüf edir. Belə ki, ilk transgen bitki ABŞ-da yaradılıb. Bu pomidor bitkisi idi. Bu məhsullardan kartof, düyü, qarğıdalı, pambıq, soya, pomidor kimi əsas qida məhsulları üstünlük təşkil edir. Hələ bu cür orqanizmləri yaradan alim bu məhsulların tam olaraq ətraflı öyrənilməmiş istifadəsinə razılıq verməsə də, qısa müddət ərzində dünya əhalisinin sayının kəskin artması, ərzaq çatışmazlığını aradan qaldırmaq adı altında bu məhsulların geniş istehsalına başlanıldı və dünya  bazarlarında öz yerini tutdu. Lakin hələ də bu məhsulların insan üçün nə dərəcədə təhlükəli olub-olmaması  barədə  alimlər qərar  verməkdə  çətinlik çəkirlər. Bəs  onda bu orqanizmləri yaratmaqda məqsəd nə idi? Belə ki, bura həşəratlara davamlı bitkilərin istifadəsi ilə pesdisidlərin azaldılması, kənd təsərrüfatı üçün becərilən torpaq sahələrinin azaldılması, az əmək istifadə etməklə resursların saxlanılması, yanacaq, gübrə, su keyfiyyətinin müdafiəsi və bitki xəstəliklərinə qarşı müdafiə   kimi  proseslər  daxildir. Son illər bu məhsullarla insanların qidalanması ilə bir çox xəstəliklər geniş yayılmağa başlayıb. Əsasən də mədə-bağırsaq, allergiya, xərçəng kimi xəstəliklərin  artım tempi bir neçə dəfə yüksəlmişdir. Bir çox ölkələr artıq bu məhsulların istehsal və   satışına qadağan edən qanunlar qəbul etmişlər. Bizim ölkəmizdə isə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il may ayının 5-dən  etibarən respublikamıza idxal edilən, həmçinin, ölkəmizdə istehsalı, emalı və dövriyyəsi həyata keçirilən genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının   qeydiyyatına başlanılıb. Həmin Qanuna uyğun olaraq qeydiyyatdan keçirilməyən məhsulların ölkəmizə idxalına, həmçinin, respublikamızda istehsalına, emalına və dövriyyəsinə məhdudiyyətlər tətbiq edilməkdədir. Ölkəmizdə kənd təsərrüfatının inkişafı  üçün bu cür geniş imkanlar olduğu üçün biz bu sərvətlərimizdən istifadə etməliyik. Ölkə əhalisinin sağlamlığı naminə ekoloji təmiz ərzaq məhsullarına geniş yer vermək lazımdır. Çalışaq piştaxtalarda bir-birinə bənzəyən dadsız, ətirsiz, günlərlə xarab olmayan məhsullardan uzaq dayanaq və geni dəyişdirilmiş məhsullar haqqında ətraflı  araşdırma edək ki, ən azından öz sağlamlığımız üçün bəlkə faydası oldu.


Filialın İctimai və təbiət fənləri kafedrasının müəllimi Həmidə Hüseynova “Atmosferin əsas çirkləndiriciləri və səbəb olduğu problemlər” mövzusunda çıxış edərək bildirib ki, yer səthinin sahəsi dörd hissədən ibarətdir. Atmosfer də bu hissələrdən biridir. Bütün hissələr çirklənməyə məruz qalır, atmosfer çirklənməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki atmosferin kimyəvi tərkibinin dəyişməsi digər üç hissənin kimyəvi tərkibinin dəyişməsində bilavasitə iştirak edir. Atmosferin çirkləndirici maddələr sırasına gəlmədən öncə bu çirkləndiricilərin atmosfer sırasına hansı mənbələrdən daxil olduğuna nəzər yetirək. Bura avtonəqliyyat, maşınqayırma, neft-qaz və dağ-mədən sənayelərini, qara və əlvan metallurgiya, tikinti və tikinti materialları sənayesini, istilik energetika stansiyaları və digərləri aiddir. Bu sənaye müəssisələrinin fəaliyyəti zamanı atmosferə xeyli miqdarda kimyəvi birləşmələr qaz halında daxil olur. Atmosferi çirkləndirən mənbələr tərəfindən atmosferə atılan kimyəvi maddələri diqqətə çatdıran H.Hüseynova qeyd edib ki, atmosfer havasının əsas çirkləndiriciləri sırasında karbon qazı ilk sıralarda gəlir. Atmosferin kimyəvi tərkibində karbon qazının artmasının səbəbləri yuxarıda qeyd edilən mənbələrlə yanaşı üzvi yanacaqların tam yanma reaksiya məhsulu, biosferdə baş verən biokimyəvi reaksiya məhsulu kimi əmələ gəlməsi ilə yanaşı, meşə massivlərinin azalması ilə də əlaqədardır. Qeyd edib ki, müasir dünyada günəş enerjisi bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş texnologiyaları günəş şüasını fotovoltaik (PV) panellər və ya günəş radiasiyasını cəmləşdirən güzgülər vasitəsilə elektrik enerjisinə çevirir. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Vurğulayıb ki, külək enerjisi təbiətdə ən geniş yayılmış səmərəli, təmiz və təhlükəsiz bərpa olunan enerji mənbələrindən biridir. Külək enerjisi küləyin gücündən, yəni hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Həmin kinetik enerjidən istifadə etmək və onu istifadəyə yararlı elektrik enerjisinə Hidroenerji ekoloji cəhətdən təmiz enerji mənbəyi olmaqla yanaşı, dünyada ən geniş istifadə olunan bərpa olunan enerji mənbəyidir. Hidroenerji, bioenerji, geotermal enerji, dalğa enerjisi, hidroenerji barədə geniş məlumat verib. Vurğulayıb ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində dənizdə külək enerjisinin texniki potensialı, dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt olmaqla, ümumilikdə 157 QVt səviyyəsində qiymətləndirilmişdir. H.Hüseynova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qalib gəldiyi İkinci Qarabağ, Vətən müharibəsində ölkəmizin qələbəsi işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından digər məqsədlərlə yanaşı, enerji məqsədli istifadəyə şərait yaratmışdır. Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. Bununla yanaşı ilkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Digər bərpa olunan enerji mənbələrinə gəldikdə isə, Kəlbəcər və Şuşada geotermal enerji mənbələrinin olmasına dair müvafiq elmi araşdırmalar var. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı nəticəsində gələcəkdə bioenerji potensialı qiymətləndiriləcəkdir. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsini, Azərbaycanın COP29-a ev sahibliyi etməsini ölkəmizin növbəti qələbəsi kimi qiymətlndirib. 


Filialın İctimai və təbiət fənləri kafedrasının Sosial iş müəllimi Əfsanə Əsgərova “İnsan bioaləmin tərkib hissəsi kimi” mövzusunda çıxış edərək bildirib ki, “Yaxşı yaşayış” “Yaxşı həyat” nə deməkdir? sual olunsa yəqin ki, hər kəs uğurlu karyera, kanfortlu ev, yaxşı əməkhaqqı və s. əksər şəxslərdən buna bənzər cavablar ala bilərik. Bütün bu sadaladıqlarımızın çoxundan xəbərsiz olan Latın Amerikasındakı yerli xaqlardan gələn Buen vivir anlayışa görə Yaxşı yaşamaq - təbii dünya, tarazlıqda olan yaşayış tərzi- “Təbiətlə harmonik birgə yaşayış” deməkdir. Buen viver insanın canlı və cansız varlıqlar arasında fərq qoymadan təbiətin və kainatın bütün elementləri ilə ahəngdar şəkildə yaşadığı zaman yaxşı həyatının mümkün olduğunu proqnozlaşdırır. Buen vivirə görə insanlar heç vaxt yerin və onun sərvətlərinin sahibi deyillər, yanlız idarəedicilərdir. İnsanla təbiət arasındakı qarşılıqlı münasibət əbədi bir zərurətdir. Ətraf mühitin insanın mənafeyinə uyğun olaraq dəyişdirilməsinə başlanıldı. Yer kürəsində təəssüflər olsun ki, bütün tarazlığı və harmoniyanı pozmuşuq. Bu isə insanın təbiəti həddindən çox istismar etməsinə və ekoloji müavazinətin pozulmasına gətirib çıxarır. İnsan təbiət üzərində təkcə ağalığı ilə deyil, həm də yaranmış “ekoloji partlayış” qarşısında özünün də acizliyi ilə səciyyəvidir. Fridrix Engels “Təbiətin dialektikası” əsərində dəfələrlə qeyd edirdi ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqlarını öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir. Təbiətin bizə bəxş etdiyi sərvətlərdən hüdudsuz şəkildə istifadə edən insan əvəzində təbiətə geri dönüşü tullantılardan başqa heç bir şey deyil. İnsan üçün ilk öncə onun təməl ehtiyacları, ekoloji mühit amili təmin olunmalıdır ki, sonrakı mərhələlərə, sağlam inkişafa addımlar atılsın. Qeyd edib ki, unutmamaq lazımdır ki, təbiətin qorunması və ondan düzgün istifadə olunması məsələsi insanlıq üçün təklif, arzu və ya istək deyil, bu, vicdan borcudur. Ən əsası bunu unutmamlıyıq.


Filialın Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Ləman Hidayətova “Azərbaycanda yaşıl enerjiyə verilən töhfələr və ekoloji təkamül” mövzusunda çıxış edərək iştirakçıları salamlayıb, ona çıxış imkanı yaradan filial rəhbərliyinə razılığını ifadə edib. L.Hidayətova son illər enerji sahəsində həyata keçirilən məqəsdyönlü islahatlardan sonra Azərbaycanın dünyaya enerji ixrac edən ölkələrdən birinə çevrildiyini, ölkəmizin enerji sahəsində mühüm layihələrin aktorlarından biri olduğunu söyləyib. Azərbaycanın Avropa enerji təhülkəsizliyinə neft, qazla yanaşı, həm də yaşıl enerji ilə töhfə verəcəyini qeyd edib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda yaşıl enerjiyə keçidlə bağlı çoxsaylı layihələrin icra edildiyini söyləyib. 


Filialın Kimya və biologiya müəllimliyi ixtisasının II kurs tələbəsi Xəyal Şıxəliyev “Yaşıl dünya üçün qlobal təşəbbüs” mövzusunda çıxış edərək geniş məlumat verib. Gənc tələbə çıxışı zamanı ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. 




Facebook-da paylaş