• Təqvim

  • Maraq

Vətən Sizinlə qürur duyur!

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------

Vətənpərvərliyin ən ali məqamıdır - Şəhidlik. Bu ucalığa yüksələnlərin ömür yolu nəqədər qısa olsa da, bir o qədər də şərəfli və örnək sayılır.Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, Şəhidlərini tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını belə qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Bəli, bu borc elə bir borcdur ki, mənim, sənin olmamalıdır. Bu borc bizim olmalıdır. Hər birimiz şəhidlərimizlə qürur duymalı və gələcək nəsillərin də onlarla qürur duyması üçün əlimizdən gələn var qüvvəmizlə çalışmalıyıq. Tanımalı və tanıtmalıyıq...

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Əjdər Babayevin, Elşad Sanıyevin, Yusif Vəliyevin, Dursun Allahverənovun, İmran Allahverənovun, Namiq Vəliyevin, Dilqəm Zeynalovun, kiçik çavuş Sərxan Mustafayevin, Ayaz Mehtiyevin, Niyazi Quliyevin, Qulu Yusifovun əziz xatirəsini ehtiramla yad edirik.

Milli Qəhrəman Babayev Əjdər Xalıqverdi oğlu

Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətaikəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır, sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür. 1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi. Vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.

Sanıyev Elşad Şərif oğlu

Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı ildə orta məktəbi bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur.

Vəliyev Yusif İbrahim oğlu

Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966-cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979-cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Allahverənov Dursun Vəli oglu

Allahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.

Allahverənov İmran Dursun oğlu

Allahverənov İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq “N” saylı hərbi hissənin tərkibində Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə atası ilə birlikdə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Vəliyev Namiq Yusif oğlu

Vəliyev Namiq Yusif oğlu 21 mart 1972-ci ildə Qazax şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Oxuduğu müddətdə çalışqan, mehriban, nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilmişdir. 04.06.1990-cı ildən 25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətlərində hərbi xidmətdə olmuş, dəfələrlə valideynlərinə Təşəkkür məktubları gəlmişdir. Erməni işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq 1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin müdafiəsi zamanı Lələkənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında dəfn olunub.

Zeynalov Dilqəm Camal oğlu

Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Səməd Hacıyev adna Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Kiçik çavuş Mustafayev Sərxan İslam oğlu

Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci ildə Qazax rayon Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı – Ümid adlı oğul, Zümrüd adlı qız övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə məzarının yaxınlığında yolun kənarında adını əbədləşdirən bulaq inşa olunub.

Mehtiyev Ayaz Oruc oğlu

Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir.

Quliyev Niyazi Allahverdi oğlu

Quliyev Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda “UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.

Yusifov Qulu Firuddin oğlu

Yusifov Qulu Firuddin oğlu 11 mart 1974-cü ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda “UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.




Facebook-da paylaş


{sape_links}