• Təqvim

  • Maraq

Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalmış Orxan Əliyevin əziz xatirəsi ehtiramla anılıb

1-4 aprel, 2016-cı il... Bu, o tarixdir ki, hər kəsin qürurla xatırladığı həmin dörd gün Azərbaycanın hərb tarixinə şanlı səhifələr kimi yazılıb. Bu gün əbəs yerə Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşlərini Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dəyərləndirmirlər. Erməni quldur birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində mühüm və əhəmiyyətli rol oynayan şanlı Aprel döyüşlərindən artıq 10 il ötür. Azərbaycan Ordusu dörd gün davam edən Aprel döyüşləri nəticəsində 23 ildən sonra xalqımıza ilk böyük Qələbə sevinci bəxş etdi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-hücum əməliyyatının əsas hədəfi Ermənistanın hərbi birləşmələrinin sərhədyanı və sərhədətrafı yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. 2016-cı il aprelin 2-nə keçən gecə düşmən təmas xəttindəki bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan Ordusunun komandanlığı dərhal adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul etdi. Cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çoxlu canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı.

Cəbhənin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı. Digər bir istiqamətdə geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Ağır döyüşlərin gedişində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, düşmən tərəfin 800-dən çox hərbçisi zərərsizləşdirildi, ermənilərin canlı qüvvəsinin xeyli hissəsi ölü və yaralı idi. Suqovuşanda yerləşən düşmən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da, Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq mümkün oldu.

Ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup hərbçi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada, orden və medallara layiq görülüb. Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə dediyi sözlər həmin Qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində mülki əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışı çox mühüm hadisə oldu. Sərhədyanı ərazidə yerləşən kəndə yeni həyat qayıtdı, sakinlər öz doğma ev-eşiklərinə qayıdıb yaşamağa başladılar. Sakinlərin 23 illik fasilədən sonra doğma ocağa qayıtması işğal altındakı digər ərazilərin də tezliklə azad olunacağına böyük ümid və inam yaratdı.

2016-cı il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq bundan iki il sonra daha bir böyük Zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, haqq işi uğrunda savaşa hər an hazır olan əsgər və zabitlər qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər. Aprel döyüşləri böyük Qələbəyə olan inamı artırmaqla yanaşı, Silahlı Qüvvələrin şəxsi heyəti üçün böyük təcrübə oldu. Dörd gün ərzində aparılan döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Əldə edilən təcrübəni Vətən müharibəsində uğurla tətbiq edərək Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

10 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan Aprel döyüşləri Vətən müharibəsindəki böyük Qələbənin müjdəçisi olan tarix kimi əbədiləşib.

Bu gün hər bir azərbaycanlı 10 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu qüruru isə bizlərə Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz, sağlamlığını itirən qazilərimiz, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğulları yaşatdı.

Aprel döyüşlərində qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu - Fərəhli kəndinin igid oğlu kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndinin igid oğlu baş leytenant Namazov Elvin Məmməd oğluAslanbəyli kəndinin igid oğlu əsgər Əliyev Orxan Məhəmməd oğlu Şəhidlik zirvəsinə ucaldı. Bu gün igid oğullarımızın yoxluğundan bizləri 10 il ayırsa da, onlar bizim qəlbimizdə əbədi yaşayırlar.

Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyü ilə əbədiyyətə qovuşan, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuş şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun xatirəsi də hər zaman əziz tutulur.

Aprelin 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Aprel döyüşlərində adını tarixə yazmış şəhid Orxan Əliyevin şəhadətinin 10-cu ildönümü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub, igid Vətən oğlunun məzarını və ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıblar.

Rayon rəhbəri və qonaqlar şəhidimizin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, qəhrəman şəhidimizə Allahdan rəhmət diləyiblər. Bildirilib ki, bu gün Aprel döyüşlərindən 10 il ötsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi, Mühüd, Elvin, Orxan tək qəhrəman oğullarımızı unudur. Şəhidlərimizə olan hörmət və ehtiram sonsuzdur. Aprel döyüşlərində Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü, ölkəmizin qüdrətini bir daha gördü. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən mühribəsində qazandığı tarixi Qələbə ilə bunu bir daha sübut etdi. "Qarabağ Azərbaycandır!” - deyərək döyüşə atılan igid Vətən oğulları torpaqlarımızı düşməndən azad etməklə, həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı. 10 il əvvəl Lələtəpədə dalğalanan bayraq artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvəyə sancılıb. Bu gün Aprel şəhidləri kimi adlarını qürurla dilə gətirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin, eləcə də bütün şəhidlərimizin qisası döyüş meydanında artıqlaması ilə alınıb.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, rayon rəhbərliyinə və millət vəkilinə razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.




Facebook-da paylaş


{sape_links}