• Təqvim

  • Maraq



İcra başçısı Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib


İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Mayın 30-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəyik” adlı növbəti tədbir keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən “Yaşıl dünya naminə həmrəyik” adlı tədbirdə fəal iştirak etdiklərinə görə Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib. Məktəbin direktoru Hüseynov Samir Cəliddin oğlu, 3a sinifinin rəhbəri Məmmədova Sakibə Şaumyan qızı, 3b sinifinin rəhbəri Məmmədova Aygün Həmzə qızı, 4c sinifinin rəhbəri Qurbanova Zeynəb Məsim qızı, 4a sinifinin rəhbəri Qurbanova Mehriban Qara qızı, 4b sinifinin rəhbəri Orucova Xəyalə Mirzə qızı, STEAM sinifinin müəllimi Bayramova Elnurə Mirzə qızı, Uşaq birliyi təşkilatının rəhbəri Alıyeva Gülnaz Barat qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Məktəbin 10b sinif şagirdi Aydınova Gülşən Mürsəl qızı və 4a sinif şagirdi Əsədzadə Aymən Kamil qızına isə hədiyyə təqdim edilib. 

İyunun 3-də Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov, məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.  


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak edənləri salamlayıb, səmimi ürək sözlərini ifadə edib. İcra başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Rayon rəhbəri qeyd edib ki, sərəncamda da əks olunduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İcra başçısı Qazax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, hər zaman bütün tədbirlərə olduğu kimi, builki tədbirlərə də xüsusi həssaslıqla yanaşıldığını, keçirilən tədbirlərin ölkəmizin, rayonumuzun adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini vurğulayıb. 


Rayon rəhbəri istər mayın 21-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən “Yaşıl dünyamızı zənginləşdirək”, istər mayın 24-də Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə keçirilən “Təbiəti qoruyaq!”, istərsə də mayın 30-da Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə keçirilən “Yaşıl dünya naminə həmrəyik” adlı tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. İcra başçısı bir daha tədbirin yüksək səviyyədə təşkil olunmasında, ərsəyə gəlməsində əməyi, əziyyəti keçən hər kəsə razılığını ifadə edib, ən əsası da “Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfələrini verdiklərinə görə məktəbin kollektivinə minnətdarlığını bildirib. “Ətraf mühiti qorumaq, yaşıl dünyamızı zənginləşdirmək, dövlətimizin bu sahədə olan siyasətini dəstəkləmək, ölkəmizdə həyata keçirilən işlərə töhfə vermək hər kəsin mənəvi borcudur”, - deyən icra başçısı “Yaşıl dünya naminə həmrəylik ili”nin bu istiqamətdə hər bir vətəndaşa geniş imkanlar açdığını bildirib, bu yolda hər kəsə uğurlar arzulayıb.


Millət vəkili Ülviyyə Ağayeva çıxış edərək müəllimləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Müəllim peşəsinin şərəfli və məsuliyyətli bir peşə olduğunu söyləyən millət vəkili onlara bu yolda uğurlar arzulayıb. Ölkəmizdə təhsil sahəsinə, gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısının Qazax rayonunda da əyani şahidi olduğumuzu, son illər rayonda inşa edilən məktəblərin, uşaq bağçalarının bunun bariz nümunəsi olduğunu qeyd edib. Qazaxda dövlətimiz, rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən qayğını, etimadı müəllimlərin və məktəblilərin layiqincə doğrultduqlarını söyləyib. 


Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov çıxış edərək fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına görə rayon rəhbərliyinə razılığını ifadə edib. S.Hüseynov rayon rəhbərliyinin ilk gündən müəllimlərə, onların əməyinə yüksək dəyər verdiyini, məktəblilərə hər zaman səmimi münasibət bəslədiyini qeyd edib və bütün bunlara görə təhsil işçiləri adından minnətdarlığını bildirib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan qayğılarının Qazax rayonunda olduğu kimi hiss edildiyini, uğurla davam etdirildiyini, bugünkü görüşün də bunun əyani sübutu olduğunu söyləyib. Məktəb direktoru təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məktəbin köhnə binasının əsaslı şəkildə təmir edilməsinə görə ölkə başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bir daha razılığını ifadə edib. Bugünkü görüşü, Fəxri Fərmanla təltif olunmalarını özlərinin timsalında məktəb kollektivinə, bütün müəllimərə, onların əməyinə verilən qiymətin, məktəblilərə göstərilən qayğının, ayrılan diqqətin bariz nümunəsi kimi dəyərləndirib. S.Hüseynov məktəb kollektivi olaraq bundan sonra da böyük səylə çalışacaqlarını, onlara olan etimadı əməli işləri ilə doğruldacaqlarını qeyd edib. 

Fəxri Fərmanla təltif olunmuş müəllimlər də səmimi ürək sözlərini bölüşərək onların əməyinə verilən qiymətə görə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün, Fəxri Fərmanla təltif olunmalarının onlara böyük stimul verdiyini, eyni zamanda, üzərilərinə böyük məsuliyyət qoyduğunu vurğulayıblar. Məktəb kollektivi olaraq bundan sonra da təhsil sahəsinin inkişaf etməsi, gələcəyimiz olan gənclərin yüksək səviyyədə yetişməsi, vətənpərvər, savadlı gənclər ordusunun formalaşması üçün böyük səylə çalışacaqlarını söyləyiblər. 

Məktəblilər Gülşən Aydınova və Aymən Əsədzadə də ürək sözlərini bölüşüb, onları qiymətləndirdiyinə görə rayon rəhbərliyinə təşəkkür ediblər. Hər zaman yüksək nəticələr əldə edərək onlara olan etimadı əməli işləri ilə doğruldacaqlarını qeyd ediblər. 



Facebook-da paylaş