• Təqvim

  • Maraq



Tarix yaradan Dahi Şəxsiyyət


Dünyada tarix haqqında çoxsaylı yazılar, mənbələr var. Lakin tarix yaradan şəxslərin sayı tarix haqqındakı yazılardan sayca xeyli azdır. Bunun səbəbi odur ki, tarix yaratmaq tarix yazmaqla müqayisədə daha çətin, məsuliyyətli və olduqca şərəflidir.

Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Belə ki, Azərbaycan adlı coğrafi məkanın müstəqil dövlət halına gətirilməsi, milli müstəqilliyimizin nə az, nə çox - tam 70 ildən sonra yenidən bərpası məhz Heydər Əliyev sayəsində baş tutdu. Dahi şəxsiyyət hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanında dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Həmin dövrdə öz güclü məntiqi, iti zəkası, tarixi hadisələri düzgün analiz və təhliletmə qabiliyyəti sayəsində yəqin edirdi ki, mövcud rejimin çox yaşaması mümkün olmayacaq.

Məlumdur ki, Heydər Əliyev SSRİ dönəmində, daha dəqiq ifadə etsək, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Məhz bu tarix xalqımız, millətimiz üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu vəzifədən sonra Ulu Öndər respublikamızın inkişafı naminə müxtəlif istiqamətli fundamental tədbirlər həyata keçirməyə başladı. Bunlardan ən əhəmiyyətlisi 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması idi. 

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə çox çətin və mürəkkəb illərə təsadüf edir. Belə ki, 1990-cı illər Azərbaycan tarixinə çox ağır faciələrin yaşandığı dövr kimi daxil olub. Torpaqlarımızın 20 faizi bu dönəmdə işğal olundu, minlərlə şəhid verdik və 1 milyondan çox həmyerlimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Xalqımızın yaddaşına qara hərflərlə yazılmış 20 Yanvar faciəsindən sonra Heydər Əliyev doğma Naxçıvana qayıdaraq Ali Məclisə rəhbərlik etməyə başladı. 1990-cı ilin 17 noyabrında Naxçıvanda Ali Məclisin ilk sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bayrağımız dalğalandı. Bu da müstəqillik mübarizəmizin ən parlaq səhifəsi hesab olunur.

Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu istər əməlləri, istərsə də həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Lider hər zaman xalqımıza azərbaycançılıq ideologiyasına sadiqliyi, adət-ənənələrimizi yaşatmağı tövsiyə edərək deyirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır". Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Heydər Əliyev mədəniyyəti xalqın sərvəti hesab edirdi. Elə ona görə də milli-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edirdi. Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq qismət oldu. Biz Ulu Öndərin mədəniyyətimizə olan böyük qayğısının şahidi olduq. Məhz Heydər Əliyevin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu Öndərin xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbəti qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. O, öz siyasi bacarığını, idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Belə ki, 1993-cü ildə Heydər Əliyev Prezident seçiləndən sonra Azərbaycanda siyasi sabitlik bərpa olundu, dövlət təsisatları yaradıldı, 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalandı. Onun təşəbbüsü və səyi nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalandı. Bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi kimi tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı. 

Heydər Əliyev fəaliyyətindən danışarkən siyasi rejimin struktur elementlərinin təkmilləşdirilməsi istiqamətindəki addımlarını da xüsusi qeyd etməliyik. Belə ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi–referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bundan sonra isə parlament seçkiləri keçirildi ki, bu da dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım idi.

Heydər Əliyevin uğurlu siyasəti nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları da bərpa edildi. Eyni zamanda insan hüquqlarına riayət olunması üzrə Ombudsman-insan hüquqları üzrə müvəkkil təsisatı yaradıldı. Bütün bunlar isə insan hüquq və azadlıqları istiqamətində əhəmiyyətli bir faktor idi.

Ulu Öndərin həyat səhifəsini vərəqləyərkən onun gənclər siyasətinə toxunmamaq mümkün deyil. Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlanmış və bu iş bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər  açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş, o zamanlar keçmiş Sovetlər İttifaqının 50-dən artıq böyük şəhərin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızda ən çox ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olunmuşdur. Bunlarla yanaşı 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalanmış və bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başlamışdır. 1997-ci il 2 fevral tarixli fərmanına əsasən 2 Fevral - Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu MDB və Şərqi Avropa ölkələri arasında ilk belə addım idi.

Heydər Əliyevin bir çox sahələrə olduğu kimi, Dövlət Statistika Komitəsinə olan diqqət və qayğısını da vurğulamaq yerinə düşər. Belə ki, məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir, mübadilə aparır. Bu sahədə əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyev statistikaya yüksək qiymət verərək deyib: ”Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır”. 

Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə  onun əməyi görünür. Onun həyatı bütöv bir tarixdir, Azərbaycan xalqı üçün örnəkdir.

Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Mənim görüb başa çatdıra bilmədiyim işləri Azərbaycan xalqının dəstəyi ilə məhz İlham Əliyev başa çatdıracaq”. Ulu Öndərin arzusunda olduğu, lakin ömür vəfa vermədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Prezident İlham Əliyev xalqımız və ordumuzla birgə bu işi bacardı, torpaqlarımız işğalçılardan azad olundu. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır.

Bütün bunlara görə xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, ona Allahdan rəhmət diləyir. Xalqımız var olduqca Heydər Əliyev də daim yaşayacaqdır.

Qazax Rayon Statistika İdarəsi



Facebook-da paylaş