Yeni Azərbaycan Partiyasının səmərəli fəaliyyəti dövlətimizin uğurlarının təminatçısıdır
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son
dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir
dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə
cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi
nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra
müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi
partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi
qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində
özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar
yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi,
mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və
bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da
ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin
siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları,
tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini
düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq
təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik
oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91
nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət
göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in
müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və
istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları
və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni
yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük
təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun
Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı
yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu
Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş
nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər
Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının
yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi.
Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə,
partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə,
müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın
həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. YAP Azərbaycan Respublikasının Konstitusiyası və
qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət
göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü
iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları
birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas
vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi,
dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin
edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil
dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi
və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata
keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin
də ideya bazasını şərtləndirmiş olur. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının
18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün
rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın
təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının
20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə
və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə
uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət
müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə
layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas
məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər
Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası
qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin
siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə
çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə
yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən
Parlament seçkilərində Milli Məclisə
seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri
olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha
təsdiq edilmişdir. Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın
Sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin
təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi
və onun müavinlərini seçmişdir. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın
inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən
obyektiv göstərici rolunu oynamışdır. 2000-ci ilin noyabr ayının 12-də MM-ə keçirilən
seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat
yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da
artırmışdır. Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr
ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar
qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni
təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev
seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət
Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir. Ümummilli Lider
Heydər Əliyev qanunvericiliyin daha da təkmilləşdirilməsi, ölkəmizin
Avro-atlantik məkana inteqrasiyasını daha da sürətləndirmək məqsədilə 2002-ci
il iyunun 22-də imzaladığı Fərmanla 2002-ci il avqustun 24-də Azərbaycan
Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq
səsverməsi (referendum) keçirmişdir. Yeni Azərbaycan Partiyasının dəstəklədiyi
ümumxalq səsverməsində əhalinin böyük əksəriyyəti Konstitusiyada dəyişikliklər
edilməsi haqqında referendum aktına səs verərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan
hüquqi islahatları dəstəklədiyini bildirmişdir. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident
seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş
naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən
bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil
olunan partiya kimi növbəti uğura imza atmışdır. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının
26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP
Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının
Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən
seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə
Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir. 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə
seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə etmişdir. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı
keçirilmişdir. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham
Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür. 2008-ci
ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab
İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir. Yeni Azərbaycan Partiyası dekabr ayının 16-da
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə
bağlı Milli Məclisdə təşəbbüs irəli sürmüşdür (29 maddəyə). Azərbaycan Respublikasının
Milli Məclisi YAP-ın təşəbbüsünü dəstəkləyərək, dekabrın 26-da "Azərbaycan
Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında"
Referendum Aktını qəbul etmiş və 2009-cu il mart ayının 18-də referendum
keçiriliməsi barədə qərar qəbul etmişdir. 18 mart 2008-ci ildə keçirilən
referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının
təşəbbüsünü müdafiə etmişdir. Yeni Azərbaycan Partiyası 23 dekabr 2009-cu ildə
keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq, bələdiyyə
məclislərindəki yerlərin əksəriyyətini qazanmış və ölkəmizin yerli
özünüidarəetmə tarixində yeni islahatlar mərhələsinin əsasını qoymuşdur. 2010-cu ilin ən mühüm siyasi kampaniyası heç şübhəsiz,
7 noyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu.
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hərtərəfli və ciddi
hazırlaşaraq və öz mövcud potensialını səfərbər edərək, 125 seçki dairəsi üzrə
114 namizəd irəli sürdü. Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə
keçən azad, demokratik və şəffaf seçkilərdə partiyamız növbəti dəfə inamlı və
parlaq qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 71 millət
vəkili ilə təmsil olunmaq hüququ əldə etdi. Yeni Azərbaycan Partiyası 2011-ci ilin dekabr ayının
21-də növbəti beynəlxalq konfransa ev sahibliyi etmişdir. "Modernləşmə
strategiyası: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən
beynəlxalq konfransda 33 ölkədən, o cümlədən Fransa, Kanada, Türkiyə, Rusiya,
Çin və digər aparıcı dövlətlərdən 65 nümayəndə iştirak etmişdir. Ölkə
praktikasında analoqu olmayan bu tədbir geniş ictimai rezonansa səbəb olmuş,
YAP-ın beynəlxalq nüfuzunun yüksəlməsi baxımından mühüm və əlamətdar hadisəyə
çevrilmişdir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri
Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya
Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl
olaraq yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, 2012-ci ilin iyun ayının
22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi
Komitəsinin 17-ci iclasının Bakıda keçirilməsi partiyanın beynəlxalq
əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımışdan mühüm əhəmiyyət
daşımışdır. Baş Assambleyaya hazırlıq məqsədilə Asiya qitəsinin 17 ölkəsindən
49 nümayəndənin iştirak etdiyi iclasda növbəti VII Baş Assambleyanın Bakıda
keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər
müzakirə olunaraq təsdiq edilmişdir. Həmçinin, 2012-ci ilin noyabrın 21-də
Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi
komitəsinin 18-ci iclası keçirilmişdir. Daimi komitənin iclasında İCAPP-ın
fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən noyabrın 22-23-də Bakı
şəhərində keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş
Assambleyasına hazırlıq işlərinin vəziyyəti, eləcə də təşkilatın qarşısında
duran digər vəzifələr müzakirə edilmişdir. Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransının VII Baş Assambleyası 2012-ci il noyabrın 22-23-də Bakıda Gülüstan
sarayında öz işinə başlamışdır. "Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq”
mövzusunda iki gün və 4 plenarda davam edən Baş Assambleyada 35 ölkədən 200-dən
çox nümayəndə iştirak etmişdir. Tədbirin sonunda qurumun Qadınlar və Gənclər
qollarının 2013-cü ildə Bakıda birinci forumlarının keçirilməsi haqqında
razılığa gəlinmiş və "Bakı bəyannaməsi” qəbul olunmuşdur. Bəyannamədə
Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı xüsusi olaraq vurğulanmışdır.
YAP-ICAPP əməkdaşlığı çərçivəsində 2013-cü ilin aprel ayının 4-6-da Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun birinci iclası
keçirilmiş və mühüm qərarlar alınmışdır. İclasın sonunda Bakı Bəyannaməsi qəbul
edilmişdir. 2016–cı ilin mayın 31-də YAP Gənclər Birliyinin
təşkilatçılığı ilə "Gənclik və qlobal çağırışlar” mövzusunda keçirilən
konfransda İYDU (İnternational Young Democrat Union), İCAPP (İnternational
Conference of Asian Political Parties) və DEMYC (Democrat Youth Community of
Europe) təşkilatlarının üzvləri iştirak etmişlər. 2013-cü il iyun ayının 7-də Yeni Azərbaycan
Partiyasının V Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham
Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna
namizədliyi irəli sürülmüşdür. V Qurultayın işində partiyanın təşkilatı
məsələlərinə baxılmışdır. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan
Partiyasının Sədri seçilmişdir. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin
adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş
Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir. 2013-cü ilin oktyabrın 9-da keçirilən Prezident
seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə
parlaq qələbə qazanaraq (84.54%)
Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Noyabrın 1-də 2015-ci ildə keçirilən V çağırış
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası
parlamentdə 71 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır. 2016-cı il iyunun
18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar
seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi qələbə qazanmışdır. 2016-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasına
əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsü keçirilən ümumxalq
səsverməsində (referendumda) yüksək qiymətləndirilmiş, ölkə vətəndaşlarının
mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir. Referendum ərəfəsində Yeni
Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan" təşviqat
qrupu təşviqat kampaniyasının qanunvericiliyin tələblərinə uyğun keçirilməsi
üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 26 sentyabr 2016-cı il ümumxalq
səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara
dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan
Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və
iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin
və müdafiə olunmasının bariz nümunəsidir. 2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının
yaranmasının 25 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin
iştirakı ilə təntənəli mərasim keçirilmişdir. 2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan
Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham
Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna
namizədliyi irəli sürülmüşdür. 2018-ci ilin aprelin 11-də keçirilən Prezident
seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti
dəfə parlaq qələbə qazanaraq (86,03 %) Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir. 2018-ci il may ayının 18-də Azərbaycan Respublikasının
Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Yeni
Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimində iştirak
etmişdir. 2021-ci il mart ayının 5-də Yeni Azərbaycan
Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni
Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham
Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini,
Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov
partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş
Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri,
müavini və üzvləri seçilmişdir. Rəna QOCAYEVA, Qazax şəhər
Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi
Facebook-da paylaş