Yeni Azərbaycan Partiyasının yaradılmasından 28 il ötür
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
Ümummilli lider Heydər Əliyev
Bəli, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranan Yeni Azərbaycan Partiyasının var olmasından artıq 28 il ötür.
Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi oldu. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Bununla da müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Bu gün fəxrlə deyə bilərik ki, YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən hakim siyasi partiyadır.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.
Bu gün qürurvericidir ki, tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin zəkası bütün maneələri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.
2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlandı. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə son parlament seçkilərində yenidən YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərir.
Ötən illər ərzində xalqın Prezidentinə, Partiya sədrinə olan sonsuz inam və etimadının nəticəsidir ki, 2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürüldü.
2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (86,03 %) Azərbaycan Respublikasının Prezidenti seçildi.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı 21 noyabr 1992-ci il tarixini ictimai-siyasi fikir, yeni, müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi milli təqvimimizdə daim yaşadır. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası hazırda sıralarında 760 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi qüvvəsi kimi respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir.
Bu gün qürurla söyləyə bilərik ki, ulu öndər Heydər Əliyevin öz siyasi dühası ilə Azərbaycanın taleyində silinməz iz kimi qoyduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.
YAP Qazax Rayon Təşkilatının üzvləri də qarşıya qoyulan məqsədlərə çatmaq üçün, Ulu Öndərin ideyalarına, Partiya sədri İlham Əliyevin məqsədyönlü dövlət siyasətinə sadiqlik nümayiş etdirmək üçün bir yumruq kimi birləşib. Bu gün rayon təşkilatının üzvü olan 10089 nəfər qazaxlı dövlət, dövlətçilik naminə əsl birlik, həmrəylik nümayiş etdirir. Həmin üzvlərin 6436 nəfərini qadınlar, 3653 nəfərini isə kişilər təşkil edir. 18-35 yaş 2565 nəfər, 36-45 yaş 2019 nəfər, 46-60 yaş 3202 nəfər, 60 yaşdan yuxarı 2213 nəfər təşkil edir.
Bu gün hər kəs yaxşı bilir ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. İllər öncə necə yaranmışdısa, bu gün Partiya sədri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksəlişə doğru inamla irəliləyir.
Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev başda olmaqla, bütün partiya üzvlərini təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayırıq.
GOYEZEN.AZ
Facebook-da paylaş