• Təqvim

  • Maraq



Mühüm beynəlxalq əməkdaşlığın təcəssümü


Tarixi İpək yolu Azərbaycanla Çin Xalq Respublikası arasında dostluq münasibətlərinin yaranmasında böyük rol oynayıb. Qədim tarixə malik olan Azərbaycan-Çin münasibətləri 27 dekabr 1991-ci ildə Çin Xalq Respublikasının Azərbaycanın müstəqilliyini tanımasından və iki ölkə arasında 2 aprel 1992-ci ildən qurulmuş diplomatik münasibətlərdən sonra daha da inkişaf etdirilmişdir. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə səfərindən sonra ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməli qoyulmuş, siyasi, iqtisadi, ticari, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyəyə çatdırılmışdır. Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlıq bu gün Ulu Öndər Heydər Əliyevin xarici diplomatiyasının uğurlu davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən yeni mərhələdə inkişaf etdirilir. Çinə etdiyi rəsmi və ya qeyri-rəsmi səfərlərində, eyni zamanda bir sıra beynəlxalq tədbirlərdə iki dövlət arasında münasibətlərdə bir-birinin daxili-xarici diplomatiyasına, ərazi bütövlüyünə dəstək göstərməkləri və hörmətlə yanaşmaları qarşılıqlı siyasi etimadın nümunəsidir. Çin Ermənistan-Azərbaycan münaqişəsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan da öz növbəsində Çin Xalq Respublikasının “Vahid Çin siyasəti”nə hörmətlə yanaşır. Təsadüfi deyil ki, Çin dövlət başçısı Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.   

Prezident İlham Əliyev cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalına geniş müsahibə vermiş və iki ölkə arasındakı münasibətlərin tarixindən danışmış və gələcək perspektivlər haqqında fikirlərini bildirmişdir. Dövlət başçısı siyasi prioritetlərdən danışaraq bildirmişdir ki, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Ulu Öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, Çinin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Ulu Öndər sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu dəvət etdi. 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi.

İkitərəfli əlaqələrdən danışan cənab İlham Əliyev əldə edilən nailiyyətlərin çox uzun bir yolun başlanğıcı olduğunu qeyd etmiş və demişdir ki, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Partiyalarımız arasında olan təmaslar xüsusi əməkdaşlıq formatını yaradır. Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasətimiz var. COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkənin Çin olması dostluğun təcəssümüdür.

Azərbaycanın siyasi lideri müsahibəsində həmçinin inkişafımızın hədəflərindən də danışmışdır. Azərbaycanın coğrafi üstünlüklərə malik olmasını söyləyərək bildirmişdir ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb. “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək. Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək.

Ceyhunə HÜSEYNOVA, 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş