Regional və qlobal əhəmiyyətli enerji layihələrinin məkanı - Azərbaycan
XXI əsrdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohidrogen ehtiyatlarının tükənməsi və həmçinin dünyanın günü-gündən enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindəndir.
Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, dövrün yeni siyasi lideri İlham Əliyev tərəfindən yeni strategiya ilə davam etdirilən uğurlu neft strategiyası ilə özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə imkanına sahib olub. Milli maraqlara söykənən uğurlu energetika siyasəti ilə regional və qlobal əhəmiyyətə malik layihələrə imza atıb, yeni əməkdaşlıq platformaları yaradıb, enerji resursları, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşurutlarla daşınması üçün məkana çevrilib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirib. Bu gün praqmatik düşüncəli, yeni əsrin yeni lideri İlham Əliyevin müəllifliyi ilə həyata keçirilən yeni enerji siyasəti nəticəsində Azərbaycanın təşəbbüsü və iştirakı ilə müxtəlif enerji layihələri gerçəkləşdirlilir. Çünki Azərbaycan enerji mənbələri üzrə yüksək potensiala malik ölkədir. Lakin enerji resursları ilə zəngin olması və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinin istifadəsi hər zaman diqqət mərkəzində olub. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də məhz ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Bu sahədə ölkə rəhbərliyi tərəfindən bir sıra qərarlar qəbul edilmiş, bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərilməsi istiqamətində qanunvericilik aktları yaradılmışdır. Respublika Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ümumi gücü təqribən 1000 MVt olan 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Əlavə olaraq külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilir. Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviqi məqsədilə beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri genişləndirilməkdədir. Bu istiqamətdə bir çox beynəlxalq şirkət ilə əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalanmışdır. Aparılan danışıqlar yüksək rəqabət və şəffaf prinsiplər əsasında həyata keçirilən seçim prosesində şirkətlərin ölkəmizdə investisiya layihələri ilə bağlı təklifləri arasından ən əlverişli təkliflər seçilərək hökumətə təqdim edilmiş və bu işlər mütəmadi olaraq həyata keçirilməkdədir.
Bu işlərin növbəti davamı olaraq yanvarın 13-də Prezident İlham Əliyev "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak və çıxış etmişdir. Dövlət başçısı çıxışında "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisə olduğunu bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır.
İnşa olunacaq stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkətidir. Şirkət enerji sahəsində dünyanın ən böyük şirkətidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur.
İnşa olunacaq stansiyanın əhəmiyyəti təkcə iqtisadi mənfəətlə bitmir. Stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.
Səudiyyə Ərəbistanı ilə dostluq və əməkdaşlıq münasibətlərindən söz açan Prezident vurğulamışdır ki, ölkələrimiz arasında çox sıx dostluq və qardaşlıq münasibətləri mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir.
Bütün Azərbaycan xalqı işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
İqtisadi sahədə ölkələrimiz arasındakı əməkdaşlığın çox böyük perspektivləri var. Bizim ölkələr energetika sahəsində OPEC+ formatında fəal əməkdaşlıq edir. OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik.
Dövlətimizin başçısı son illərdə ölkəmizə qoyulan xarici investisiyalardan da danışmış və qeyd etmişdir ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulur. Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Ölkənin qeyri-neft sənayesi təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona
görə enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Aparılmış təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş