• Təqvim

  • Maraq



İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişaf


Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qaraba­ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planı var: "Biz de­mişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.

Ölkə başçısı xüsusilə vurğulamışdı ki, məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya niyyətimizin həyatda öz əksini tapdığını, planlarımızın həyatda gerçəkləşdiyini görəcək. Şübhə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.

Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır. Bərpa- quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılmışdır.

İşğaldan azad olunmuş ərazilərdə istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Bu prosesdə ağıllı konsepsiyalardan da istifadə olunur. Belə ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə tətbiq edilir. Bu konsepsiya işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. Konsepsiyaya uyğun olaraq, 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilmişdir. Mütəxəssislər bildirirlər ki, belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır. Belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin "Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşmışdır. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir.

İşğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrindən də geniş istifadə edilməsi nəzərdə tutulur. Belə ki, "Yaşıl enerji zonası” konsepsiyasına əsasən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Günəş elektrik stansiyalarının (GES) tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilmişdir. Hər bir ərazi üzrə düşən Günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilmişdir. İlkin olaraq Laçın rayonunun ərazisində sahələri 8048 ha və 4297 ha olan iki ərazi, Kəlbəcər rayonunda sahəsi 5324 ha olan bir ərazi seçilmişdir. Bu ərazilərdə külək enerji stansiyalarının tikintisi üçün infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 meqavatadək qiymətləndirilir. İlkin enerji istehsalı proqnozu da tərtib edilmişdir.

Sözügedən SES-lər bərpası və inşası planlaşdırılan digər pilot layihələr Qarabağda və ətraf ərazilərdə dayanıqlı enerjini təmin etməyə imkan verəcək.

Prezident İlham Əliyevin dediyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır: "Bu, bizim gələcəyə baxışımızdır”. Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, "Yaşıl enerji” konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.

Beləliklə, müharibədən sonrakı Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr aparılır. Bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Artıq konkret müqavilələr də var və bu işə Qarabağın bərpası prosesinə xarici ölkələrin marağı da artır. Azərbaycanın sevincini bölüşən və Qarabağın bərpasına töhfə vermək istəyən qardaş və dost ölkələr də erməni vandalizminin izlərini silməyə hazır olduqlarını bildirirlər. Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirmişdir ki, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: "Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”.

Osman BALCANOV,

Qazax Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi



Facebook-da paylaş