• Təqvim

  • Unutma

  • Maraq



Qarabağ tərəqqi və yüksəliş yolunda


Azərbaycanın Müzəffər Ali Baş Komandanının 17 illik prezidentliyi dövründə, xüsusilə də Vətən müharibəsində nə qədər səbirli və təmkinli olduğunu gördük. 30 illik işğal dövründə həm Ulu Öndər Heydər Əliyev, həm də onun ideyalarının uğurlu davamçısı olan nüfuzlu siyasi xadim İlham ƏliyevErmənistan və onun havadarlarınınverdiyi əhəmiyyətsiz bəyanatları səbirlə dinlədi, bu yalan vədlərə reaksiya vermədi və düzgün zamanı seçib, düzgün qərar vermək bacarığını nümayiş etdirdi. Dəmir yumruq lazımi vaxtda sərrast zərbə ilə düşmənin başını əzməyi bacardı. Dövlətçilik tariximizdə yüz illər boyu ərazi bütövlüyümüzün bərpası ilə bağlı yol verdiyimiz nöqsanları 44 günlük Vətən müharibəsində aradan qaldırmağı bacardıq. Bu müharibə Azərbaycan xalqının birliyini möhkəmləndirdi.

Cənubi Qafqazın inkişaf etmiş ölkələri sırasında birinci olan Azərbaycanın artıq Qarabağı da inkişaf yolundadır.Ölkəmizin iqtisadi gücü işğaldan azad olunmuş kənd və şəhərlərdə bunu həyata keçirməyə imkan verir. Bütün bu uğurların başında  düzgün və düşünülmüş siyasət durur.

Dövlətimiz tərəfindən həyata keçirilən iqtisadi layihələr nəinki Qarabağın, həmçinin bütün Azərbaycanın sürətli inkişafının təminatçısıdır. Azad olunan bölgənin təbii-coğrafi mövqeyi, yeraltı və yerüstü sərvətləri burada bir sıra genişmiqyaslı yenidənqurma və bərpa işlərinin aparılmasına imkan verəcək. Yeni iş yerlərinin açılması orada məskunlaşacaq əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.

İnfrastrukturun bərpa edilməsi, sosial layihələrin həyata keçirilməsi, kommunikasiyanın təmin edilməsi, əhalinin məskunlaşması prosesi müəyyən qədər vaxt və kifayət qədər vəsait tələb edir. Dayanıqlı iqtisadiyyatımız və düşünülmüş iqtisadi layihələrimizin sayəsində bu işlərin öhdəsindən layiqincə gələcəyik. Buna ölkə başçısının dərin zəkası və uzaqgörən siyasi dünyagörüşü sayəsində nail olacağıq.

Qarabağ müharibəsinin Azərbaycanın şanlı Zəfəri ilə bitməsi xarici investisiya mühiti üçün münbit şərait yaratdı. Mövcud siyasi sabitlik, müharibədən sonra təhlükəsizliyin təmin edilməsi, münaqişə ocağının yox edilməsi respublikamızı xarici investorların tam diqqət mərkəzinə çevirdi. Bütün tərəfdaş ölkələr bölgədə asayişin təmin olunduğu bir vaxtda yatırım etməkdə maraqlıdır. Bu isə regionda reallaşması nəzərdə tutulmuş layihələrin yaxın müddətdə icrası üçün münbit şərait yaratmasına zəmin yaradır.

Qarabağ işğaldan azad olundu. Dövlətimiz artıq bərpa işləri üçün səfərbərdir. Regionun ərazisinin bərpasına avtomobil yollarından başlanıldı, çünki bu sahənin xüsusi əhəmiyyəti var. İnsanların təhlükəsizliyinin və rahat hərəkətinin təşkil edilməsi baxımından bu yollar həm iqtisadi, həm də sosial mahiyyət daşıyır. İnşa olunan yol infrastrukturun inkişafını təmin edəcək, öz torpaqlarından didərgin düşmüş sakinlərin intensiv şəkildə məskunlaşmasının həyata keçirilməsinə şərait yaradacaqdır.

Nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsidir. Görülən tədbirlər sayəsində regional nəqliyyat layihələri beynəlxalq əhəmiyyətə malik olacaq, beynəlxalq və daxili nəqliyyatın infrastrukturuna töhfə verəcək. Bu imkanlardan Azərbaycanla birlikdə qonşu dövlətlər də yararlana biləcəklər.

Həm ölkə daxilində, həm də ki, xarici ölkələrlə əlaqələrin genişləndirilməsində böyük rol oynayan, bölgədə sürətli və dinamik inkişafı təmin edən mülki avasiyanın əhatə dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azad edilmiş ərazilərdə tikilən hava limanları Qarabağın bərpa olunmasına, yüklərin daşınmasına, yerli əhalinin rahatlığına və turizmin inkişafına xidmət edəcək. Bu sahənin təşkil olunması üçün xüsusi investisiya proqramları hazırlanıb. Hazırda Füzuli şəhərində aeroportun tikintisinə başlanılıb. Aeroportların inşa edilməsi təkcə Füzuli şəhəri ilə yekunlaşmayacaq, mühüm yükdaşıma mərkəzinə çevriləcək Laçın və Zəngilan rayonlarında da aeroportların tikilməsi, yeni logistika mərkəzlərinin istifadəyə verilməsi Azərbaycanın mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək potensialını gücləndirəcək ki, bu da regional logistika və ticarət gəlirlərini artırılmasına səbəb olacaqdır.

Qarabağ ərazisi hər zaman yüksək kənd təsərrüfatı göstəricilərinə malik olub. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. İndi regionun aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün müvafiq qurumlar tərəfindən sistemli olaraq hazırlıq işləri görülür. Kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də Qarabağda yaşayacaq insanların məşğulluğunun artırılmasında müstəsna rol oynayacaq.

Azərbaycan bərpa olunan enerji mənbələri yüksək potensialına malik olan ölkələrdəndir. Bu sahə hər zaman diqqət mərkəzindədir. Qarabağda həyata keçirilən təməl hədəflərindən biri də bölgədə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Xüsusilə də günəş və elektrik stansiyalarına sərmayələrin artırılması hesabına bərpa olunan enerji mənbələrinin şaxələndirilməsi yaşıl iqtisadiyyatın inkişafında önəmli rol oynayacaq. Bu layihələr Azərbaycanda enerji mənbələrinin inkişaf etdirilməsinə və  bərpaolunan enerjinin payının artırılmasına töhfə verərək dövlətimizin yeni xidmət sahələrinin, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcək.

Qarabağın dirçəldilməsi üçün həyata keçirilən məqsədyönlü işlərin nəinki Azərbaycan vətəndaşları, həmçinin bütün dünya xalqları ölkə rəhbərliyinin şüurlu olaraq həyata keçirdiyi layihələrin bilavasitə şahididir. Hər bir layihənin inkişafa və xalqın rifahına xidmət etdiyi göz qabağındadır. Onun müsbət nəticələrini isə gündəlik həyatımızda zaman-zaman hiss edəcəyik.

Nizaməddin BABANLI,

Qazax Rayon Təhsil Şöbəsinin müdiri



Facebook-da paylaş