• Təqvim

  • Maraq



Milli-mənəvi birliyimizin təzahürü - “Qarabağ Dirçəliş Fondu”


2020-ci il Azərbaycan xalqının şanlı tarixinə möhtəşəm Qələbə ilə yazıldı. 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğalda saxlanılan tarixi Azərbaycan torpaqları müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı və rəşadətli ordumuzun gücü sayəsində azad edildi. Xalq və dövlət həmrəyliyi nümayiş etdirərək ərazi bütövlüyümüzü bərpa etdik, bütün dünyaya beynəlxalq hüququn və milli–mənəvi dəyərlərin aliliyini sübut etdik. Bununla da dövlətimizin inkişaf tarixində yeni bir mərhələnin – Qarabağa Qayıdışın əsasını qoyduq.

Ancaq təəssüflə qeyd etməliyik ki, Qarabağ və ətraf 7 rayon 30 ilə yaxın bir müddətdə düşmən tapdağında qaldığından tamamilə məhv edilmişdir. İşğaldan azad edilmiş torpaqlarımızın hər qarışında düşmən vəhşiliyinin, düşmən barbarlığının amansız izləri var. Tarixi abidələr məhv edilib, saxtalaşdırılıb, infrastruktur demək olar ki, yox səviyyəsindədir. Bir zamanlar cənnətməkan olan əzəli torpaqlarımız bu gün ruhlar məkanını xatırladan xarabazara çevrilib. Ona görə də bu gün dövlətin və cəmiyyətin qarşısında işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən həyata qaytarılması, ölkəmizin siyasi–iqtisadi suverenliyinin gücləndirilməsi kimi mühüm məsələlər durur. Qarabağda və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək bərpa və yenidənqurma işləri bu bölgələrdə əhalinin yenidən məşkunlaşmasına, insanlarımızın layiqli yaşayışına və ümumi iqtisadi fəallığının yaxşılaşdırılmasına, ümumilikdə Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edəcək.

Bütün bu işlərdə vahid, güclü Azərbaycan naminə hər birimiz yaxından iştirak etməliyik. Cənab Prezident İlham Əliyevin milli birlik və "Biz birlikdə güclüyük!” ideyasına sadiqlik nümayiş etdirərək öz vətəndaşlıq borcumuzu ləyaqətlə yerinə yetirməliyik. Çünki işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının şərəf borcudur.

Bu gün dövlətimiz tərəfindən Qarabağa Böyük Qayıdışın başlanması üçün bir sıra vacib işlər görülməkdədir. Qarabağa möhtəşəm qayıdış istiqamətində görülən ən əhəmiyyətli işlərdən biri "Qarabağ Dirçəliş Fondu”nun yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan "Qarabağ Dirçəliş Fondu” Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, həmçinin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, ölkə daxilində və xaricdə zəruri təbliğat işlərini həyata keçirən publik-hüquqi şəxsdir. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına formalaşır. Həmvətənlərimizin həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər işğaldan azad edilmiş ərazilərimizin bərpasında paylarının olması ilə fəxr edəcəklər.

Fondun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürü olmaqla yanaşı, həm də milli birliyimizin qorunmasına institusional töhfədir.

Şəhidlərimizin qanı ilə azad edilən torpaqlarımızı biz alnımızın təri ilə bərpa etməliyik. Bu işdə "Qarabağ Dirçəliş Fondu” xalqımızın milli birlik və həmrəylik rəmzinə çevrilməlidir. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər salınacaq, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bütün bu proseslərin fonunda onu deyə bilərik ki, institusional təşəbbüslərin mövcudluğu taleyüklü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşmasından xəbər verir. Bu işdə hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Çünki Azərbaycan bizə əcdadlarımızın yadigarıdır. Onu göz bəbəyimiz kimi qorumalıyıq, inkişaf etdirməliyik.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş