• Təqvim

  • Unutma

  • Maraq



“Dəmir yumruq”la silahlanmış müzəffər ordu!


Hər günü, hər saatı xalqımızın şanlı tarixinə şərəflə, qürurla yazılmış 44 günlük Vətən müharibəsi millətimizin yenilməzliyini və birliyini dünyaya bir daha sübut etdi. 44 günün demək olar ki, hər günündə düşmən üzərində parlaq qələbə qazanaraq ərazilərimiz işğaldan azad edildi, yağı düşmən əzəli və əbədi torpaqlarımızdan qovuldu. Hər gün ordumuz Ermənistanın yaratdığı "güclü ordu” mifini darmadağın edərək kəndləri, qəsəbələri, yüksəklikləri mənfur düşməndən təmizləyib irəli addımladıqca qələbəmizin şərəfinə üçrəngli bayrağımızı azad etdikləri ərazilərdə dalğalandırdılar.

Azərbaycan Ordusu 44 günlük haqq savaşında ilk gündən öz şərəfli missiyasını yerinə yetirdi. Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Azərbaycan Ordusu məhz buradan öz şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu. Bəli, sentyabrın 27-də, elə ilk gündən Azərbaycan ordusunun rəşadəti sayəsində düşmən xeyli itki verərək ərazilərimizdən çəkilməyə məcbur oldu. Başlanğıcda bir sıra kəndlər və strateji nöqtələr azad edildi. Çünki artıq cəbhədə ciddi nizam-intizamlı, müasir silahlarla silahlanmış, dünyanın aparıcı orduları ilə müqayisə edilən, hərbi savadlı və öz tarixi torpaqlarını düşməndən azad etmək hissi ilə alışıb-yanan əsl vətənpərvər ordu döyüşürdü. Düşmənin 30 il ərzində işğalda saxladığı Azərbaycana məxsus torpaqlarda qurduğu müasir hərbi sistemlər və istehkamların çoxluğuna, mürəkkəb coğrafi şəraitə baxmayaraq müharibənin elə ilk günlərindən Azərbaycan ordusu ağlasığmaz uğurlar qazanırdı. Baxmayaraq müzəffər ordumuz təkcə ermənilərlə deyil, Rusiya, Fransa və digər Avropa ölkələrindən gətirilmiş erməni əsilli vətəndaşlarla, PKK terrorçuları ilə, muzdlu peşəkar terrorçularla, eyni zamanda pulsuz əldə etdikləri hərbi texnika və sursatla texniki baxımdan yüksək təmin edilmiş, Rusiya, Fransa, Livan kimi ölkələrdə yüksək xidmət keçmiş müasir hərbi texnikanı mənimsəmiş düşmənlə vuruşurdu. Lakin Azərbaycan xalqının öz dədə-baba torpaqlarını düşmən əsarətindən azad etməsi uğrunda nümayiş etdirdiyi həmrəylik və vahid komandanlıqdan idarə olunan, son 17 ildə yetişmiş gənc vətənpərvər hərbi heyət qarşısında bunlar bir heç idi.

Baxmyaraq ki, bu gənclərin əksəriyyəti gənc zabit, gizir və əsgərlər ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular, ermənilər isə 30 il ərzində işğal etdikləri ərazilərimizə tam, dərindən bələd idilər. Düzgün strategiya, qələbə əzmi, ciddi nizam-intizamlı hərbi taktika və intiqam hissi öz sözünü dedi. Ermənistan ordusu və 30 ilə yaxın bir müddətdə qurulub-yaradılan "sədd” darmadağın edildi.

Azərbaycanın şanlı tarixinə son 200 illik bir tarixdə əldə edilmiş ilk Qələbə yazıldı. Bu qələbənin müəllifləri isə cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və onun son 17 ildə apardığı uğurlu siyasət sayəsində qurub- yaratdığı şanlı, müzəffər ordusu, bu ordunun əsgərləri, zabitləri oldular. Çünki bu əsgərlər, zabitlər yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərlər idilər. Onlar verilən tapşırıqların peşəkar icrasını təmin etdilər, onlara verilən təlimatı uğurla yerinə yetirdilər.

Bu müharibə - Vətən müharibəsi təkcə şanlı Azərbaycan tarixinə deyil, dünya hərb tarixinə də yazıldı. Bütün dünya güclü Azərbaycan dövlətinin var olduğunu və bundan sonra da var olacağının şahidi oldu.

Eşq olsun Azərbaycan ordusuna!

Yaşasın cənab Ali Baş Komandan!

Səidə QOCAYEVA,  

Qazax Rayon Heydər Əliyev Mərkəzində baş fond mühafizi



Facebook-da paylaş