Mehriban Əliyeva: Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu!
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi "Instagram”
səhifəsində paylaşım edib. Birinci vitse-prezident Mehriban Əliyevanın
paylaşımında deyilir: "Əziz həmvətənlər! Bu gün böyük gündür – Qələbə
Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət
bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan
xalqını səmimi-qəlbdən təbrik edirəm! Ermənistan özünün tam və
qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı
şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan
torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq!
Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik.
Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın
iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir.
Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında
olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan
tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün
dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını
müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu
etdi! 2020-ci il sentyabrın 27-dən davam
edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış
məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri
azad etdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir
neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji
yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın
hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs
dəyərləri - Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə
dözüb dayandı və qalib gəldi! Bu anlarda bütün dünya
azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Bizim Prezidentimizə görə,
igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının
vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir! Hər birimiz bizim Prezidentimizə,
Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə
müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi,
cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı,
müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin
güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və
dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi.
Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu
Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq! Əziz qardaşlar və bacılar! Torpaqlarımızın xaincəsinə işğalı
illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu.
Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində
şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və
ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak
olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm!
Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün
həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı! Vətənimizi müdafiə edən, onu
dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur
hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və
zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi
vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun
qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti,
iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan,
Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik!
Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar
böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak
olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin! Bu müharibə bizə əsrlərboyu
bildiyimiz bir həqiqəti - dost dar gündə tanınar həqiqətini bir daha sübut
etdi. Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim
dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli
mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb
Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi
hər bir azərbaycanlıda qürur hissi oyadır! Kütləvi informasiya vasitələrinin
nümayəndələrinə təşəkkür edirəm. Onların yüksək peşəkarlığı, obyektivliyi,
qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan
reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından
kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini
beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir
yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi
bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram! Əziz həmvətənlər! Sizin hamınızı Böyük Qələbə Günü
münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və
qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq!
Qarabağ Azərbaycandır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Facebook-da paylaş