“Böyük qayıdış”ın ilk addımları...
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə
səfərləri doğma torpaqlarımıza "Böyük qayıdışı”ın başlanğıcıdır. Dövlət
başçımızın və ailəsinin əzəli torpaqlarımıza səfəri xalqımıza artıq "Böyük
qayıdış”ın ilk müjdəsini verməklə yanaşı, həm də beynəlxalq aləmə və düşmənə
bir mesajdır. Tarixi Azərbaycan torpaqları olan və 30 ilə yaxın bir müddətdə
erməni əsarətində əsl barbarlıq və vandalizmə məruz qalmış Qarabağ və ətraf
rayonlar dağıdılıb, tanınmaz hala salınıb, daş daş üstdə qalmayıb. Vaxtilə öz səfalı
təbiəti, əzəmətli dağları, möhtəşəm tarixi tikililəri ilə cənnətməkan olan əzəli
torpaqlarımızın indi ermənilər tərəfindən xarabazara çevrilməsi beynəlxalq
qurumların nümayəndələrinə, o cümlədən bütün dünyaya məhz
cənab Prezidentin o yerlərə səfərləri zamanı əyani sübutlarla çatdırılır. Dövlət
başçısı tərəfindən işğaldan azad olunan ərazilərdə qaldırılan, qürurla
dalğalandırılan Azərbaycan bayrağı düşmənə 44 günlük müharibədə ordumuz tərəfindən
endirilən zərbələrdən daha təsirlidir.
Dağlıq Qarabağ
münaqişəsi artıq tarixə qovuşub. Ali Baş Komandanın vahid idarəçiliyi ilə müzəffər
ordumuzun rəşadəti sayəsində cəmi 44 günə tarixi, əzəli torpaqlarımızı- özümüzə
məxsus olanı özümüzə qaytardıq. Məsələnin birinci tərəfi uğurla başa
çatdırıldı. İşğaldan azad edilmiş ərazilərimizin bərpası fonunda məsələnin
ikinci tərəfi isə indi başlanır, artıq başlanıb. Bu sahədə ilkin infrastruktur
layihələrin icrasına demək olar ki, start verilib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə bu məsələ
ilə bağlı çıxışı zamanı qarşıda duran hədəflərdən danışmış və bildirmişdir ki,
bu ilin dövlət büdcəsində 2,2 milyard vəsait ayrılması nəzərdə tutulub. Ordunun
təchizatı, respublika sərhədlərinin bərpası üçün maliyyələşdirilməsi məsələlərinə
ümumilikdə 4,6 milyard manat maliyyə təminatı ayrılıb. Nəzərə alsaq ki, həmin ərazilər
artıq 30 ilə yaxındır ki, düşmən əsarətindədir. İlk növbədə o ərazilərin təhlükəsizliyinin
təminatı-minalardan təmizlənməsi qarşıda duran ən vacib məsələdir. Daha sonra
isə elektrik enerjisinin təminatı, yol xəritələri, içməli su, sanitar qovşaqlar
və irriqasiya, yaşyış sahələri və humanitar yardım məqsədilə hava limanının bərpası
planlı şəkildə həyata keçiriləcək məsələlərdəndir. Bütün bunlar üçün dövlətimizin
kifayət qədər resursları, iqtisadi potensialı var.
Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, "... Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və
həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi
maneə yoxdur”. Bunu təkcə sözdə deyil, işğaldan azad edilmiş ərazilərdə
avtomobil yollarının, aeroprtların, digər infrastruktur obyektlərin təməlqoyma
mərasimlərində iştirak etməsi ilə dünyaya sübut edir. Müharibədən 4 ay keçməsinə
baxmayaraq Füzuli- Hadrut, Füzulidən Şuşaya Zəfər yolunun və bir sıra
infrastruktur obyektlərin inşasına artıq başlanılıb.
Görülən bütün işlər
Prezidentin o ərazilərə səfərləri, Şuşada bayram tonqalının yandırılması "Böyük
qayıdış”ın başlanmasının ilkin addımlarıdır. 30 illik işğala öz uğurlu siyasəti
sayəsində 44 günə son qoyan, 44 günü 4 saata sığdıraraq dünyaya bəyan edən dövlət
başçımız heç şübhəsiz tarixi dədə-baba torpaqlarımız olan Qarabağı da qısa müddətdə
bərpa edib, azərbaycanlıların qəlbini fəxarət və qürurla dolduracaq.
Bu işdə cənab
Prezidentə və xalqımıza möhkəm güc, qüvvət və sağlamlıq arzu edirik.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Samirə VƏLİYEVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzində bələdçi
Facebook-da paylaş