Əsas Səhifə > Mədəniyyət > “Böyük qayıdış”ın ilk addımları...

“Böyük qayıdış”ın ilk addımları...


26-03-2021, 12:31


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri doğma torpaqlarımıza "Böyük qayıdışı”ın başlanğıcıdır. Dövlət başçımızın və ailəsinin əzəli torpaqlarımıza səfəri xalqımıza artıq "Böyük qayıdış”ın ilk müjdəsini verməklə yanaşı, həm də beynəlxalq aləmə və düşmənə bir mesajdır. Tarixi Azərbaycan torpaqları olan və 30 ilə yaxın bir müddətdə erməni əsarətində əsl barbarlıq və vandalizmə məruz qalmış Qarabağ və ətraf rayonlar dağıdılıb, tanınmaz hala salınıb, daş daş üstdə qalmayıb. Vaxtilə öz səfalı təbiəti, əzəmətli dağları, möhtəşəm tarixi tikililəri ilə cənnətməkan olan əzəli torpaqlarımızın indi ermənilər tərəfindən xarabazara çevrilməsi beynəlxalq qurumların nümayəndələrinə, o cümlədən bütün dünyaya məhz cənab Prezidentin o yerlərə səfərləri zamanı əyani sübutlarla çatdırılır. Dövlət başçısı tərəfindən işğaldan azad olunan ərazilərdə qaldırılan, qürurla dalğalandırılan Azərbaycan bayrağı düşmənə 44 günlük müharibədə ordumuz tərəfindən endirilən zərbələrdən daha təsirlidir.
Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Ali Baş Komandanın vahid idarəçiliyi ilə müzəffər ordumuzun rəşadəti sayəsində cəmi 44 günə tarixi, əzəli torpaqlarımızı- özümüzə məxsus olanı özümüzə qaytardıq. Məsələnin birinci tərəfi uğurla başa çatdırıldı. İşğaldan azad edilmiş ərazilərimizin bərpası fonunda məsələnin ikinci tərəfi isə indi başlanır, artıq başlanıb. Bu sahədə ilkin infrastruktur layihələrin icrasına demək olar ki, start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə bu məsələ ilə bağlı çıxışı zamanı qarşıda duran hədəflərdən danışmış və bildirmişdir ki, bu ilin dövlət büdcəsində 2,2 milyard vəsait ayrılması nəzərdə tutulub. Ordunun təchizatı, respublika sərhədlərinin bərpası üçün maliyyələşdirilməsi məsələlərinə ümumilikdə 4,6 milyard manat maliyyə təminatı ayrılıb. Nəzərə alsaq ki, həmin ərazilər artıq 30 ilə yaxındır ki, düşmən əsarətindədir. İlk növbədə o ərazilərin təhlükəsizliyinin təminatı-minalardan təmizlənməsi qarşıda duran ən vacib məsələdir. Daha sonra isə elektrik enerjisinin təminatı, yol xəritələri, içməli su, sanitar qovşaqlar və irriqasiya, yaşyış sahələri və humanitar yardım məqsədilə hava limanının bərpası planlı şəkildə həyata keçiriləcək məsələlərdəndir. Bütün bunlar üçün dövlətimizin kifayət qədər resursları, iqtisadi potensialı var.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "... Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”. Bunu təkcə sözdə deyil, işğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının, aeroprtların, digər infrastruktur obyektlərin təməlqoyma mərasimlərində iştirak etməsi ilə dünyaya sübut edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq Füzuli- Hadrut, Füzulidən Şuşaya Zəfər yolunun və bir sıra infrastruktur obyektlərin inşasına artıq başlanılıb.
Görülən bütün işlər Prezidentin o ərazilərə səfərləri, Şuşada bayram tonqalının yandırılması "Böyük qayıdış”ın başlanmasının ilkin addımlarıdır. 30 illik işğala öz uğurlu siyasəti sayəsində 44 günə son qoyan, 44 günü 4 saata sığdıraraq dünyaya bəyan edən dövlət başçımız heç şübhəsiz tarixi dədə-baba torpaqlarımız olan Qarabağı da qısa müddətdə bərpa edib, azərbaycanlıların qəlbini fəxarət və qürurla dolduracaq.
Bu işdə cənab Prezidentə və xalqımıza möhkəm güc, qüvvət və sağlamlıq arzu edirik.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!    
Samirə VƏLİYEVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzində bələdçi


Geri qayıt