• Təqvim

  • Unutma

  • Maraq



“İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının təqdimatı keçirilib

“İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı”  kitabının təqdimatı keçirilib
Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin məsul şəxsləri, Milli Məclisin deputatları, nazirlik, komitə, şirkət və digər mərkəzi təşkilatların rəhbər şəxsləri, Azərbaycandakı diplomatik korpus rəhbərləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları, məcburi köçkünlərin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki və bərpadan sonrakı vəziyyətini əks etdirən stendlərlə tanış olublar.

GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək son 200 ildə ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı siyasətinin aparıldığını, azərbaycanlılara qarşı geniş miqyaslı soyqırımı törədildiyini bildirdi. Onun sözlərinə görə, erməni qəsbkarlarına ilk tutarlı cavab ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra verilib. 1993-cü ilin dekabrı-1994-cü ilin aprelində ulu öndər tərəfindən uğurlu Horadiz əməliyyatı həyata keçirilib və nəticədə Füzuli rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən, Cəbrayılın Cocuq Mərcanlı kəndi işğalçılardan azad edilib. 2016-cı ilin aprelində isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Lələtəpə əməliyyatı həyata keçirilib. Aprel döyüşləri nəticəsində qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini işğaldan azad etməsi əhalinin kəndə qayıdaraq rahat yaşamasına imkan yaradıb. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə Böyük Qayıdış prosesinə start verilib. Fevral ayında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil edilib. Xarici KİV təmsilçiləri cəmi dörd ay erməni işğalı altında qalmış kəndin viranəliyə çevrildiyini, bütün evlərin, infrastrukturun, mədəniyyət və dini abidələrin tamamilə məhv edildiyini öz gözləri ilə görərək dünya ictimaiyyətinə çatdırıblar. Bununla da ermənilərin 200 il ərzində yalan və böhtanlar üzərində qurduqları təbliğata ciddi zərbə vurulub.
“İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı”  kitabının təqdimatı keçirilib
Əli Həsənov qeyd edib ki, Cocuq Mərcanlının azad edilməsindən bir qədər sonra Azərbaycandakı xarici ölkə səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil edilib. Onlar erməni vandallarının törətdikləri vəhşiliklərə, hərbi cinayətlərə şahid olublar və bu məlumatları öz ölkələrinin rəhbərliyinə çatdırıblar. “Belə səfərlər cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan reallıqlarının dünyaya
çatdırılmasında mühüm önəm daşıyan əsas amillərdəndir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, birinci mərhələdə Cocuq Mərcanlıda 50 fərdi yaşayış evi, məktəb binası, müvafiq infrastruktur tikilib, bu məqsədlə 4 milyon manat, 9 kilometrlik avtomobil yolunun inşası üçün 4,3 milyon manat vəsait ayrılıb. Prezidentin tapşırığına əsasən, kənddə ermənilərin dağıtdığı Şuşa məscidinin oxşarı olan yeni məscid tikilib. Ölkə başçısının nəzarətində olan və Böyük Qayıdışın ilk qaranquşu hesab edilən Cocuq Mərcanlının bərpası tezliklə başa çatdırılacaq. Bu kəndin bərpası böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti bu qətiyyətli addımı ilə işğal faktı ilə heç vaxt barışmayacağını, danışıqların nəticəsiz qalacağı təqdirdə digər ərazilərimizi də eyni yolla azad edərək geri qaytarmaq və həmin ərazilərdə bərpaya başlamaq əzmini bir daha qəti şəkildə bütün dünyaya nümayiş etdirdi.

“İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının hazırlanmasında iştirak etmiş “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Qarabağ müharibəsinin tarixində 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilmiş Horadiz və 2016-cı ilin aprelində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla başa çatmış Lələtəpə əməliyyatlarının tarixi əhəmiyyətə malik hadisələr olduğunu bildirib. Horadiz əməliyyatı nəticəsində Füzulinin 22 kəndi və Cəbrayılın Cocuq Mərcanlı kəndi düşməndən azad edilib. Amma Aprel döyüşlərindən sonra Ermənistan ordusu xeyli canlı qüvvə və hərbi texnika itkisi verərək geri çəkilib və bununla da Cocuq Mərcanlının ikinci həyatı başlayıb. Təcavüzkar ordunun kənddə törətdiyi vəhşiliklər artıq beynəlxalq mətbuatda layiqli qiymətini alıb.

Doğma kəndinin işğalından sonra 5 ay məcburi köçkünlük həyatı yaşayan, 1994-cü ilin Horadiz əməliyyatından sonra Cocuq Mərcanlıya qayıdaraq uzun illər kəndin yeganə sakini olan Oqtay Həziyev böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatı olub.


Facebook-da paylaş