Qarabağ və ətraf ərazilərimiz cənnətə çevriləcəkdir
Dünyada çox az-az ölkələr vardır ki, onun ərazisində 11 iqlim qurşağından doqquzu mövcud olsun. Bu cür iqlimə və füsunkar təbiətə malik Azərbaycan ərazisində çoxşaxəli iqtisadi inkişafı təmin etmək üçün həddən artıq potensiallar mövcuddur. Belə ki, Aran Qarabağ əkinçilik və maldarların qışlaq yeri olması, sürətli və çoxsulu çayların enerjisindən istifadə, Kiçik Qafqazın Dağlıq Qarabağa aid hissələrində turizmin, eləcə də qış idman oyunlarının keçirilməsi üçün əlverişli şəraitin olması turizm sektorunun bütün sahələrinin (ekoloji, tarixi və s.) birbaşa imkişafı üçün zəmin yaradır.
Bütün bunlarla yanaşı Azərbaycanın geostrateji mövqeyi onu zaman-zaman maraqların toqquşma nöqtəsi etsə də bu gün də öz varlığı ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan bölgənin iqtisadi mərkəzinə çevrilməkdədir.
Qarabağın cənubundan çəkilən yeni magistral yolun və çəkilməsi nəzərdə tutulan dəmir yolunun Şərqlə Qərb arasında yeni bir "İpək Yolu”nun əsasının qoyulması Türk dünyasının bir xətt boyunca birləşdirilməsi, hazırda Füzuli rayonu ərazisində tikilən hava limanı Qarabağda iqtisadiyyatın bütün sahələrinin inkişafını şərtləndirən əsas amillərdəndir.
Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizləməsi və bu gün həmin torpaqlarda yeni həyatın canlanması hər birimizin sevincinə səbəb olur. Bu gün işğaldan azad olunmuş həmin torpaqların bərpası prosesinə başlanılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı ölkə başçısının xalqa müraciətində də qeyd etdiyi kimi, dağılmış bütün kəndlər bərpa ediləcək, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planlarının hazırlanması, "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarının reallaşdırılması, hətta ilk "ağıllı kənd” layihəsinin Zəngilan rayonunun Ağalı kəndində icra edilməsi bir daha onu sübut edir ki, tez bir zamanda Qarabağ və ətraf ərazilərimiz cənnətə çevriləcəkdir. Bu, isə ürəyi Vətən eşqi ilə, Qarabağla döyünən hər bir azərbaycanlı tərəfindən qürur və fəxr hissi qarşılanır. Qısa zaman kəsiyində cənnətə çevriləcək Qarabağımızı bizlərə bəxş edən, yenidən qovuşduran Ali Baş Komandana, müzəffər ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda şəhid olan, sağlamlığını itirən igid oğullarımıza borclu və minnətdarıq.
Mübariz SÜLEYMANOV,
Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi
Facebook-da paylaş