Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks
agentliyinə müsahibə verib. Dövlətimizin başçısının müsahibə
zamanı söylədiyi fikirlərin bir hissəsini təqdim edirik. Azərbaycan Ordusunun şərtsiz üstünlüyünü bir daha diqqətə çatdıran ölkə
Prezidenti qeyd edib ki: "Azərbaycan Ordusu döyüş meydanında
özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində
azad olundu. Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik
ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi
ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan
Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”. Rəsmi İrəvanın siyasəti artıq ifşa olunub. Bunu ölkə başçısı müsahibə
zamanı da bildirib. Siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən
Ermənistan hakimiyyətinin əsl simasını bir daha göstərib. Qeyd edib ki: "Erməni
tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə
öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs
rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə
qeyri-konstruktiv yanaşma nümayiş etdirir”. Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Azərbaycan
hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi
İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki
əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli
raketlərlə mülki əhalinin bombalanması terror aktıdır. Rəsmi İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli
raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri
nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni
faşizminin siması. Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir. Rəsmi
İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların
problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası
da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son
200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti
ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat
yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə
arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini
görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Paşinyanın siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır.
Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi,
Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin
Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, "Dağlıq Qarabağ
parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan
üçün yeni təhlükələrin yaradılmasına xidmət edir. Dağlıq Qarabağa həyat qayıdacaqdır. Azərbaycan xalqı öz doğma
torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün
işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi
rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara
qayıtmalıdırlar. İşğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar
yaradılacaqdır. Dəymiş ziyanın hesablanması üçün komendaturalar
yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək
və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar
aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün
rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə
yoxdur. Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın
erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki,
artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi
Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl
yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində Erməni
əhalisi də həmin torpaqda yaşamalıdır. Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Minsk
qrupu özünü doğrultmadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri
qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk
qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti
olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə,
çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq
lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki
olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında
regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Həmsədr
ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmsədr ölkələr təcavüzkarı
işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq
edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər. Münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır. Azərbaycan
Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu
gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən
40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri
ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün
Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli
formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi,
nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi
baxımından olduqca önəmlidir. Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət
kəsb edir. Türkiyə və Rusiya həm
ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik
məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji
layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin
yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin
mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ
münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir. Münaqişənin davam etməsi heç kimin marağında deyil. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsidir.İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda,
qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi
aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək
üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır. Münaqişənin nizamlanmasında Türkiyənin rolu olmalıdır. Türkiyə
qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi
ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə
bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir.
Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyil. Ermənistan
münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur.
Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, - təbii ki, Azərbaycanın bu
ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın
dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər. Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır. Azərbaycanın
beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum
olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin
ərazi bütövlüyünü poza bilməz. GOYEZEN.AZ
Facebook-da paylaş