Prezident İlham Əliyev: “Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei” qəzetinə müsahibə
verib. Dövlətimizin başçısının müsahibə
zamanı söylədiyi fikirlərin bir hissəsini təqdim edirik. Müsahibə zamanı ATƏT-in
Minsk qrupu həmsədr ölkələrin vasitəçiliyi barədə məsələyə də toxunulub. Amerika Birləşmiş Ştatları, Rusiya
və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq
üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin
bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə
olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu,
münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki,
indi vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud
deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və
işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə
Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına
hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən
etməkdir. Moskvada Ermənistanın
baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilər. Bu növ görüşlər əvvəllər də
olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan
asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin
sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistan rəhbərliyi tərəfindən
verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində,
danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş
ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır”
bəyan edəndə, Azərbaycanın qondarma "Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar
aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri
verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə,
danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də Azərbaycan Ermənistan
hökumətinə sübut etməli idi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata
bilməzlər. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək
olar ki, hər gün Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndlər
elan edilir. Birinci və ikinci
humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır. Atəşkəsə nail olmaq üçün
ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra
Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan
bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə
hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan
ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum
etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət
daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Atəşkəsə birtərəfli qaydada nail
olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni
zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan
şəhəri və bir çox kəndlər azad edildi. Atəşkəs humanitar zəmində elan
olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar
formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən
qondarma "Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq
olmayacağı deməkdir. Bu, Azərbaycan və Minsk qrupu tərəfindən rədd edilmişdir. Ermənistan yeddi
rayonu boşaltmağa öhdəlik götürməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə
arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə
deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi
köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq
Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə.
Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını
açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar
başlayacaqdır. Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır. Beynəlxalq müşahidəçilərin
və ya sülhməramlıların kim olacağına Azərbaycan və Ermənistan razılıq verməlidir.Beynəlxalq
müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir.
Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni
ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz
adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi
ilə bağlı təkliflərini verəcəklər. Bu, həm də texniki nöqteyi-nəzərdən
vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya
sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər.
Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə
danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil.
Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir. Minsk qrupu 30 il ərzində
heç bir nəticə əldə etmədi. Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə
nail olunmuşdu. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində
bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Minsk
qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin
iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan
qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb
edən 4 qətnamə qəbul edib. Türkiyə de-fakto,
həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara artıq cəlb olunub.Azərbaycan Türkiyənin
regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki
olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil,
Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu,
reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi
ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi
yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub
və Azərbaycan bunu möhkəm dəstəkləyir. Dağlıq Qarabağda
yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın
digər insanlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cı illərin əvvəlində
Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi
soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən
çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləmə həyata keçiriblər. Azərbaycan
bunu heç vaxt etməyib. Hətta bu toqquşmalar zamanı eyni yolla cavab verməyib. Dağlıq Qarabağda
referendum heç vaxt olmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan
buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir
vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər
artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti
var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin
etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən
yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Heç
vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə
verilməyəcək. Bundan söhbət gedə bilməz. Ermənistanın Yaxın
Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir. Ermənistanın baş naziri bunu
etiraf edib. O, bildirib ki, onlar erməni kökənlidirlər. Birincisi, heç kim
bilmir onlar erməni kökənlidir, ya yox. Məlumat var ki, başqa millətlərin nümayəndələri
hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və
başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş
meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu
olan insanlar var. Azərbaycana gəlincə, haqqında yalnız şayiələr, yalnız əsassız
bəyanatlar yayılır. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son
qoyulmalıdır. Azərbaycan özü döyüşür. Heç bir xarici döyüşçüyə ehtiyacımız
yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və
zabitləri var. Azərbaycan beynəlxalq
enerji layihələrini qrafikə uyğun icra edir. TAP-ın rəsmi açılışı bir neçə həftənin
işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Digər
kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində
bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən
bu yana heç bir hadisə baş verməyib. Kəmərlərimiz ərazimizdə lazımi qaydada
qorunur. Lakin, əlbəttə, Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik
ki, onlar kəmərlərə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal
terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Azərbaycan
iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur. Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta
baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür, indiyədək geriləmə 4
faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin
qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onu göstərir ki, sənaye, biznes
imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki,
pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın
inkişafına yeni təkan verəcək. Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatının
gələcək inkişafı artıq planlaşdırılmağa başlanılıb. Yaponiya şirkətləri Azərbaycanda
enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə
Bakıda iki böyük elektrik stansiyası tikilib. Yeri gəlmişkən, Azərbaycan həm də
elektrik enerjisini ixrac edir. Yaponiya şirkətlərini hazırda prioritetlərdən
biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Yaponiya şirkətləri ilə
avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız
var. Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq. Siyasi
partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı
Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir. Ölkədə demokratik inkişaf
müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı,
ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub.
Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır. Siyasi partiyaların mütləq əksəriyyəti
işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü
siyasəti tam dəstəkləyir. İki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) hökumətin
siyasi dialoqla bağlı təklifini qəbul etmədi. Hökumət bu təklifi bir neçə ay
bundan əvvəl etmişdi. Normal dialoqa ehtiyac var, hökumətlə müxalifət arasında,
aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə
ehtiyac var. İndi 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Siyasi
dialoqun çox aktiv fazasındayıq. Birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə
Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal
etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin
itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat. Ərazilərin
itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək
olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim
onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə
danışmır. Buna görə hökuməti tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə
baxsınlar. Prezident İlham
Əliyevin böyük idarəçilik təcrübəsi var. İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun
illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya
Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı
olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və
sədrin birinci müavini kimi fəaliyyət göstərib. Baş Nazir olub. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın parlaq siyasi karyerası var. Birinci vitse-prezident
Mehriban xanım Əliyeva 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və
humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən
böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun
azərbaycanlılar arasında güclü dəstəyi var. Küçədə istənilən şəxsdən soruşa və
onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan
Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən
ibarət olmamışdır. Sosial
şəbəkə sistemlərində bəzi məhdudiyyətlər müvəqqətidir. Bu məhdudiyyətlər toqquşmalar
başladıqdan sonra tətbiq olunmuşdur. Xalqa elan olundu ki, bu, milli təhlükəsizlik
məsələləridir, çünki belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından
qorumalıyıq. Bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən
kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Ölkədə internetin əhatə
dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Sülh
bölgənin simasını müsbət mənada dəyişdirəcək. Sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək.
Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Azərbaycan və Gürcüstan
arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Strateji tərəfdaşıq çərçivəsində
Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Bir-birimizi dəstəkləyirik,
yaxşı qonşu və dostuq. Baxın, birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli,
qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı,
Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox
başqa layihələr. Ermənistanın Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi
iddialarına görə onların Türkiyə ilə sərhədi bağlıdır. Ermənistanın
konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli
ölkəyə qarşı ərazi iddialarını gündəmə gətirmək üçün gərək ağılsız olasan.
Lakin bu, onların ideologiyasının mahiyyətidir. Ermənistan işğala son qoysa, sərhədlər açılacaq. Türkiyə və Azərbaycanla
münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar
kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda
real əhalinin sayı iki milyondan azdır və daha da azalacaq, çünki iş yoxdur,
xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum
olduqda. Azərbaycanın əhalisi artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın
əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə 2 milyondan azdır. Onlar məntiqli
olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən
sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son
qoymalıdırlar. Döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların "cəsur
ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ dezinformasiya idi. Onların
ordusu qaçır. Azərbaycan ordusu onları məğlub edir. GOYEZEN.AZ
Facebook-da paylaş