Prezident İlham Əliyev: “Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da
Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. Dövlətimizin
başçısının videomüsahibə
zamanı söylədiyi fikirlərin bir hissəsini təqdim edirik. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Azərbaycan
öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə
sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar
prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə,
o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri
yerinə yetirməyə çalışır və hazırlaşır. Ermənistan
humanitar atəşkəsə əməl etmir. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra
heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin
yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan
sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan
atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik
etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə
hörmətsizlik göstərdi. Azərbaycan
nizamlama prinsipinə hər zaman sadiq olub. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın
təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər
çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında
özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları
dayandırmağa hazırdır. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda
baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış
edib. Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi
iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir
daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan
ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə
bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş
meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan
tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı
arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır. Ermənistanın işğal
etdiyi ərazilər geri qaytarılmalıdır. Hərbçilər arasında əlaqələr məsələsi baza
prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir,
Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq
Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki
yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün
bunlar baza prinsiplərində yazılıb. Azərbaycanın şanlı
Ordusu status-kvonu dəyişdi. Bu gün status-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və
Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə
dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik.
Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib.
Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas
xətti yoxdur. Kimlərin müşahidəçi
olmalarını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcək. Münaqişənin qaynar fazası
dövründə Qərb və Rusiya mətbuatında Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında
fikir ayrılığı doğurmayan yeganə məsələ olduğu müşahidə olunur. Ona görə sülhməramlıların
və müşahidəçilərin kimlərin olacağını ATƏT-in Minsk
qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan və Ermənistan isə öz tərəflərindən
bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. İlk növbədə, baza
prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş
nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi
isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Ermənistanın
baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul
etmir, daha əvvəl özünün "Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz
bəyanatları ilə əslində, danışıqlar prosesini pozub. Laçın dəhlizi baza
prinsiplərinin tərkib hissəsidir. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Bununla bərabər,
axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün
kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında
kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim
etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır.
Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz
yerüstü keçmək imkanına malik olacaq. Bütün bunlar Azərbaycan ərazilərinin
işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün
torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə
qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə,
Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz
gediş-gəliş də nəzərdə tutulurdu. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.
Azərbaycanda muzdlular
yoxdur, sadəcə ordusu var. İndiyə qədər heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar
təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik
ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret
sübutlar təqdim edilsin. İndiyə qədər sözlərdən başqa heç bir fakt təqdim edilməyib.
Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin
rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu
bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə
istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla
qəbul etmir və bəyənmir. Azərbaycan ordusu
üstünlüyünü birmənalı olaraq qoruyur. Azərbaycan Ordusu həm döyüş meydanında, həm
də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş
ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv edilib.
230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə
müasir mübarizə sistemləri özü tuşlanan "Spike” raketləri vasitəsilə məhv
edilib. 36 tank qənimət götürülüb, çoxlu sayda digər texnika, o cümlədən ən
müasir "S-300” zenit-raket kompleksləri, bir neçə işəsalma qurğusu, 40-a yaxın
OSA zenit-raket kompleksi qurğusu, TOP qurğuları məhv edilib. Prinsip etibarilə
onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv
edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu
gün, Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar
Azərbaycanın əsgərləri və zabitləridir. Ehtiyatda olanları saymasaq, Azərbaycanın
nizami ordusunda 100 min döyüşçüsü var. Hətta səfərbərlik elan etməmişik. Qismən
səfərbərlik elan edilib. Ermənistan ciddi şəkildə
silahlanır və bu bölgə təhlükəsizliyini pozur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə
Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın
aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah
keçirilir. Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri
var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu
suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana
göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə,
hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik.
Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Azərbaycan Xarici İşlər
Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə
humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana
ölümsaçan silahlar çatdırılır. Yeri gəlmişkən, bütün bu məlumatlar mətbuatda
var. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün
bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Rusiya
tərəfinə bildirilib ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyü güman
edilir. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk
qrupunun həmsədri bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası
dövründə erməni tərəfini silahlandırmasına inanmaq çətindir. Bu sxemdə erməni mənşəli
rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş
məşhur silah alverçilərinin əli var. Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin
araşdırılmasına yönəlmişdi. Minsk qrupunun fəaliyyəti
uğurlu olmayıb. Minsk
qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan
ictimaiyyətinin tənqidinə məruz qalırlar. Lakin Minsk qrupu səy göstərib, təkliflər
verib, irəliyə çox böyük addımlar atılıb. Müəyyən mərhələdə, nizamlamaya həddən
artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir.
Bu, artıq faktdır, hərçənd onlar həmişə Azərbaycanı bunda ittiham etməyə
çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina
etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Artıq Kəlbəcər və
Laçının nə vaxt qaytarılacağı məsələsi müzakirə edilirdi. Ermənistanın
mövqeyi sülhə mane olurdu. Sadalanan bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların
açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın
mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla
getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər.
İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə,
təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni
xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. Paşinyan Sorosun əlaltısıdır.
Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi.
Onun partiyası "Çıxış” adlanır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından
çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik
olaraq Qərbin, Soros Fondunun, "Amnesty International”, "Transparency”, "Human
Rights Watch”, "Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan
insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, "Rusiyalı işğalçılar, rədd
olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyanın siyasi
isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi
təəccüblüdür. Rusiya ilə münasibətlərimiz
hər zaman inkişaf edib. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun
həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri
də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və
qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə
hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması
barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın
mövqeyinin göstəricisidir. GOYEZEN.AZ
Facebook-da paylaş