Prezident İlham Əliyev: “Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”
Sentyabrın
29-da "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında
Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan
veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını
cavablandırıblar. Verilişin
aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə
ünvanlayıblar. Ölkə
Prezidenti qeyd edib ki: "Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın
27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış
məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz
qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq
həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara
adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və
torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki,
şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra
yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə
strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları
aparılır”. Ölkə başçısının da çıxışında qeyd etdiyi kimi, bütün dünya bir daha
şahidi olur ki, müharibəyə başlayan
Ermənistandır. Döyüş meydanında Türkiyənin ölkəmizə olan köməyi
barədə aparıcının sualını cavablandıran dövlətimizin başçısı bildirib ki: "Hesab edirəm ki, Türkiyənin rolu regionda
sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim
müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin
bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər
səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ
dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə
Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur.
Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur.
Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə
Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə
görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi
barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki
dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir
sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz
ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”. Ölkə
rəhbərinin də bildirdiyi kimi, Türkiyə
regionda sülhün təminatçısıdır. İnformasiya məkanında Ermənistanın SU-25
döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması
haqqında xəbər yayılıb. Bununla bağlı fikirlərini bildirən dövlətimizin
başçısı vurğulayıb ki: "Bizim bu barədə məlumatımız
yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir
xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin
F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir.
Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox
çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona
görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu
cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi
bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan
Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür
yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına
haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə
məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir
şəkildə iştirak etmir və buna zərurət yoxdur”. Ölkə rəhbərinin də vurğuladığı kimi, Azərbaycanın Ermənistanın
torpaqlarında hərbi maraqları yoxdur.
Azərbaycan müzakirələrdə hər zaman konstruktiv olub. Bu
haqda ölkə Prezidenti müsahibəsində də qeyd edib. Dövlətimizin başçısı bildirib
ki: "Bilirsiniz, Azərbaycan danışıqlarda həmişə
konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk
qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə
və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib
hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas
hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan
əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik.
Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki
tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar.
Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan
və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi
Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan
edir ki, "Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar
prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib
hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ
Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın
baş naziri deyir ki, "Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz
danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə,
danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli,
Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli
sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə
daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də
olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə
hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu
qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək,
sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq
üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in
Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində
dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir
ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara
sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük”. Ölkəmizin başçısı müsahibəsində bildirib ki:
"Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi
ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının
xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu
şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış
edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu
dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış
məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir.
O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün
davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və
yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan
dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim
dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup
neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən
Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa
şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu,
Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər.
Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar
Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını
keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb
etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və
sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür
cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili
siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda
baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün
Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu
vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran
içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi
ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar
növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət
partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz
ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı
yenidən təcavüz nümayiş etdirir”. Azərbaycan
ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Bunu ölkə Prezidenti müsahibəsində də bir
daha vurğulayıb: "Yoxdur. Bu, növbəti
feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir
sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif
kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın
hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik
elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10
minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız
yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa
qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”. GOYEZEN.AZ
Facebook-da paylaş