Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır
Sentyabrın 27-də saat
06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək,
iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından
intensiv atəşə tutması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun
Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhali və hərbi qulluqçular arasında
həlak olanlar və yaralılar var. Ölkəmizdə yaşanan bu
çətin vəziyyət, baş verən hadisələr Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən də laqeyd qarşılanmayıb, onlar
da Ermənistanın təxribatlarını pisləyiblər. Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin
genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. Bu bəyanatın qəbul olunması siyasi
həmrəyliyin nümunəsidir. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı
təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı
təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu, eyni zamanda Azərbaycanda
yaşanan siyasi birliyin təcəssümüdür. Bu
bəyanat onu göstərir ki, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq
tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı
siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması
faktını insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən
qiymətləndirilməsini bildirirlər. Ölkənin siyasi partiyaları beynəlxalq hüququn
aliliyinin bərqərar olunmasını tələb edirlər. BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl
qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq
olunan ikili standartlarına son qoyulmasını tələb edirlər. Rəsmi Yerevanın bəyanatları, eləcə də yürüdülən təxribat
siyasəti daxili sosial narazılıqların boğulmasına hesablanıb. Siyasi
partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri
sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar
ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni
arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Siyasi
partiya rəhbərləri rəsmi Yerevanın militarist bəyanatlarını da pisləyirlər. Ermənistanın
siyasi elitasının məsuliyyətsiz bəyanatlarının Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllini mümkünsüz etdiyini bir daha qeyd edirlər. Siyasi
partiyaların rəhbərləri birgə bəyanatlarında dövlət başçısının fikrini dəstəkləyir
və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər. Azərbaycan
ədalətli və məsuliyyətli mövqe nümayiş etdirir. Bu siyasi partiyaların birgə bəyanatında
da qeyd olunur. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Respublika
Prezidenti İlham Əliyevin: "Bizim Ermənistan torpağında siyasi və hərbi
maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe
tutması haqqında xəbər verir. Sülhü
və beynəlxalq hüququ rədd edən Ermənistan bunu atdığı hər bir addımda açıq şəkildə
nümayiş etdirir. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana
qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar
qalmasına səbəb olur. Ermənistanın
təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq
riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında
Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını
qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər. Azərbaycan
xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin
50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında
olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.
Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat
ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin
yaradır. Bu
gün Azərbaycanda xalqı birləşdirən siyasət yürüdülür. Azərbaycanın haqq və ədalətli
mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə
kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə
xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə
düşmənin yanında duranlardır. Müsavat
Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə
bilmədilər. Özlərini xalqın, millətin
yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi
Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın
işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına
digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə
həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl
simalarını göstərir. Onlar bu addımları ilə Vətən
müharibəsinə etinasız qaldılar. Azərbaycan
xalqının son 30 ildir ki, səbirsizliklə gözlədiyi Vətən müharibəsinin
başlamasının ilk günündə Müsavat və Azərbaycan
Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən
torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına
su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş
Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər. Bu isə o deməkdir ki, siyasi
dialoq çağırışlarına cavab verməyən siyasi partiyalar beşinci kolonu təmsil
edir. Prezident İlham Əliyevin son
zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata
yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və
Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli
günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf
doğurur. GOYEZEN.AZ
Facebook-da paylaş