Prezident İlham Əliyev: “Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də
Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya
Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib. Dövlətimizin başçısının müsahibə zamanı səsləndirdiyi fikirlərdən bir
qismini təqdim edirik. Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edir. Ermənistan
yeni əraziləri işğal etməyə hazırlaşırdı. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan
yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər
səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Hərbi əməliyyatlara
Ermənistan başlayıb. Sentyabrın
27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb.
Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna
bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf
edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına
qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi
və bu qrupun başçısı saxlanıldı. Ermənistan dinc əhaliyə
qarşı terror törədir.Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı
var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə
dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri
razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam
edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10
nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Ermənistan
ordusunun itkiləri çoxdur. Döyüş meydanında itkilərə gəldikdə erməni tərəfin itkiləri Azərbaycanın
itkilərindən xeyli çoxdur. Azərbaycan hərbi qulluqçular arasındakı itkiləri
münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcək. Hərbi əməliyyatlar
uğurla davam edir. Döyüş
əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin
dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl
rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti,
strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar
Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi
bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir. Azərbaycanda
xaricdən gələn muzdlular yoxdur. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda
100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm
bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan
istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv
edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə
ixtisası və belə texniki imkanları yoxdur. Pilotsuz zərbə
uçuş aparatlarından məharətlə istifadə edilir. Azərbaycan təkcə pilotsuz zərbə uçuş
aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi
texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun
potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil.
Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur. Azərbaycan işğal edilmiş torpaqlarını düşməni sülhə məcbur etmək yolu
ilə alacaq. Azərbaycan prinsiplərə sadiqdir. Minsk qrupu çərçivəsində əldə
edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın
əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində
çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda,
xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf
siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Paşinyan hökuməti əldə
edilən prinsipləri qəbul etmədi. Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi
o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik,
danışıqların formatını dəyişməyə, qondarma "Dağlıq Qarabağ Respublikası”nı
danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk
qrupunun həmsədrləri tərəfindən rədd edildi. İşğal altındakı
torpaqlarımız geri qaytarılmalıdır. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli
şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin
cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan
arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli,
bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində
yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki
yaşayış yerlərinə qaytarılmalıdır. Köçkünlər
Şuşaya qayıdacaq. Azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə
qaytarılmalıdır. BMT TŞ-nin qətnamələri
yerinə yetirilməlidir. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe
həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan
ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin
yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın
mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan
variantlar bunu aşkar göstərir. Vətən Müharibəsi bəşəri dəyərlər olan ədalətin və haqqın bərpası
uğrunda aparılır. Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Azərbaycan xalqı üçün bu müharibə
azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün
gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma
"Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi
Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları
tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə Ağdama, Füzuliyə,
Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. Azərbaycan
Prezidenti İlham Əliyevin əsas amalı xalqının etimadını doğrultmaqdır. Prezident İlham Əliyevin əsas amalı Azərbaycan
xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri
yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin
etməkdir. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə
şübhəsiz yüksək dəyər verir və verəcəkdir. Azərbaycanın ərazi
bütövlüyü "qırmızı xətdir”. "Qırmızı xətlərə” gəldikdə isə Azərbaycan çox dəqiq bəyan edib və
Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü
heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç
bir şərtlə razılıq verməyəcək. Tarixi həqiqət Azərbaycanın tərəfindədir. Kürəkçay müqaviləsində
ermənilərin adı keçmir. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ
xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində
çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan
bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu
müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Ermənilərin
Qarabağa kütləvi köçürülməsi XIX əsrdə başlayıb. Erməni əhalisinin bu regiona kütləvi şəkildə
köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra
başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin
Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti yaradıldıqda Qarabağ Azərbaycanın tərkibində idi. 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti
onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi
Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci
ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi
Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması
haqqında qərar qəbul etdi. Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar. Bu tarixi faktları Rusiya
ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycan və Rusiya çoxəsrlik
dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar. Heç bir qüvvə
buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən
etimadsızlıq yaratmaq cəhdləri var. Lakin Rusiya və Azərbaycan rəhbərliyinin
ardıcıl siyasəti sayəsində münasibətlər nəinki geriləmir, irəliyə gedir. Bu gün
Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırırlar. GOYEZEN.AZ
Facebook-da paylaş