Prezident İlham Əliyev: “Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da
Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Pakistan qardaş ölkədir. Bunu ölkə Prezidenti İlham Əliyev səfirlə söhbətində
də qeyd edib. Dövlət başçısı bildirib ki: "Əvvəla mən də sizdən ölkənizin
Prezidentinə və Baş Nazirinə ən xoş salamlarımı çatdırmağınızı xahiş etmək istəyirəm.
Onlarla görüşlərimi xatırlayıram. Cənab Prezidentlə bir neçə dəfə görüşmüşəm.
Onunla son görüşümüzü və onun Bakıda keçirilmiş Qoşulmama Hərəkatının sammitində
fəal iştirakını xatırlayıram. Davosda Dünya İqtisadi Forumunda cənab Baş Nazirlə
də görüşüm xatirimdədir. Biz ölkələrimiz arasında strateji münasibətləri,
qardaş münasibətlərini bir daha təsdiqlədik. Sizin də qeyd etdiyiniz kimi, Ermənistanla
Azərbaycan arasında münaqişənin həlli ilə bağlı ölkənizin Azərbaycana davamlı dəstəyinə
görə sizə minnətdarıq”. Kəşmir problemində Pakistanın yanındayıq. Ölkə Prezidenti bunu səfirlə söhbətində də bir
daha qeyd edib. Bildirib ki: "Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində
həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın
qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz
zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd
etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər
üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti
stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün
böyük potensial mövcuddur”. Dövlətimizin başçısı bildirib ki: "Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri
ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu,
qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır
və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı
çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər
naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat
vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan
Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin
davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını
müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur
və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində
bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun
nəticəsində bir mülki şəxs öldürülmüşdür”. Ölkə başçısı onu da vurğulayıb ki: "Azərbaycan
Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların
müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları
uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və
erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində
qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam
edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya
qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxanlanmışdır və o, ifadələrində
əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi
qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə
hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən
bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması
barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın
açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və
bu, baş verdi”. Dövlətimizin başçısı bildirib ki: "Sentyabrın 27-də onlar müxtəlif
istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar
və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun
ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan
silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan
5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı
var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş
etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs
vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına
başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsində azad edilmişdir.
Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun
uğurlu əks-hücum əməliyyatı davam edir”. Ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Biz öz torpağımızda
döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü
tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün
infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar
mədəni soyqırımı da törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar,
bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər
heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir
edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların
islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi
ideologiyasına çevrilib”. Ermənistanda diktator rejimi var. Bu barədə söhbət açan ölkə başçısı qeyd edib ki: "İki
il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi
ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun
ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və
təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan
rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə
çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki
sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər
həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni
diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən
insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya
vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi
dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan
onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə,
əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata
bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur”. Ölkə rəhbərinin də vurğuladığı kimi: "Minsk qrupunun həmsədr ölkələrinin
prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla
çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik
nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən
tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək
olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri
deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş
nazir deyir ki, Qarabağ Ermənistandır. O, göstərir ki, təkcə ölkə daxilində və
beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni
xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan
dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti
hissəsidir. Sonra o, deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə
danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir.
Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını
bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar
Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini
Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar
xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər
ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir
olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik.
Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan
onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi
bütövlüyünü bərpa edəcək”. Pakistanın Azərbaycana verdiyi dəstək çox
əhəmiyyətlidir. Bunu ölkə başçısının səfirlə olan səmimi
söhbətindən də aydın şəkildə görmək mümkündür. Cənab Prezident qeyd edib ki: "Mən
bir daha Pakistandakı qardaşlarımıza minnətdarlığımı bildirmək istərdim. Biz bu dəstəyi hiss edirik. Biz
əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də
təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın
görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq
şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan”. Türkiyə hər zaman bizimlədir. Bunu ölkə başçısı öz çıxışında da bir daha vurğulayıb. Bildirib ki: "Türkiyə
Prezidenti, qardaşım Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox
qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o,
bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır,
Azərbaycan tək deyil. Mən
qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram!
Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil
mövqe ifadə etdilər. Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda
bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza
minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük,
kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq”. GOYEZEN.AZ
Facebook-da paylaş