Prezident İlham Əliyev: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev oktyabrın 2-də "Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Ermənistan müharibə istəyir. Bu
barədə danışan dövlətimizin başçısı qeyd edib ki: "Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik
işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu
da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi
və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı,
münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr
kağız üzərində qalmaqdadır. Ölkə Prezidenti müsahibə zamanı bununla bağlı da
fikirlərini bildirib. Qeyd edib ki: "1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə
BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz
çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində
qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk
qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd
etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün
vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox
hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə
əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona
qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə
müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın
destruktiv siyasətinin nəticəsidir”. Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların
qərar və qətnamələri baxımından çox geniş dəstək var. Ölkə başçısı çıxışında bu
məsələlərə də toxunub. Bildirib ki: "Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri
baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan
olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb
edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş
Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı,
Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib,
lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz
var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz
burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük.
Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl
qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin
yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri
bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr
uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin
olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”. Ermənistan müzakirələri pozan tərəfdir. Bunu
dövlətimizin başçısı müsahibə zamanı bir daha vurğulayıb. Bildirib ki: "Əgər son iki ildə "inqilab”dan sonra Ermənistanın
nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə
təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar. Bunun səbəbi
danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat
törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz
rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə
və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa
düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücum etdilər. Hərbi
qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi verdi. Bizim 4 hərbi
qulluqçumuz və 76 yaşlı 1 kəndli dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri
görməli idik. Cavab verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri
çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermənistanın
ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və
onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar
dayandı. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan
ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş
diversiya qrupu dağıdılmış, bu diversiya qrupunun başçısı yaxalanmışdır.
Hazırda o, istintaq altındadır. O, mülki vətəndaşlarımıza və hərbi
qulluqçularımıza qarşı terror aktları törətmək üçün göndərildiyini bildirən
ifadələr verir. Bunu biz etməmişdik, bunu onlar etdilər. Sonra sentyabrın 27-də
baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə, biz onların bəyanatlarına,
söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir
il bundan əvvəl Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” bəyan etmişdir
və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında
olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana
qaytarılmasıdır. Əgər o, "Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə
Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti deyil, buraya bütün işğal
olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri,
bu, danışıqların sonu deməkdir”. Dövlətimizin başçısı bildirib ki: "Onlar danışıqlar
prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna
görə bizi günahlandırmaq və "baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün
deyil” söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də onların
daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri
bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən
iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki
prezident barədə cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistanda
diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin verdiyi bütün vədlər
kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə
əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti
yayındırmaq lazım idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Guya
Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi
hakimiyyətini gücləndirmək istəyir. Beləliklə, onların fikrincə, hər şey çox məntiqlidir,
lakin onlar çox böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl
mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə
hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi”. Ölkə
başçısı mövqeyimizin dəyişməz olaraq
qaldığını da bir daha vurğulayıb. Qeyd edib ki: "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb
etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası”nı
tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra
müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən
sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər.
Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq
hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi
reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal
arenada "əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən
artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə
yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar”. Əslində, danışıqlar dayanıb. Bunu
dövlətimizin başçısı müsahibə zamanı bir daha vurğulayıb. Bildirib ki: "Əslində, danışıqlar dayanıb. Çünki onun "Qarabağ
Ermənistandır” ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını
dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni
olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən
xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim
ki, yaxşı, gəlin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz
uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin
danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə
görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O,
mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə,
əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə
qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə, bundan sonra nədən danışmaq
olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız
olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız
yoxdur”. Ölkə Prezidenti bildirib ki: "Əslində,
Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən,
düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün
yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini bizə və Minsk
qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki,
Azərbaycan "Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz
yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində
hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və
Azərbaycan arasında aparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli
sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o,
danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanmasını
istəyirdi. Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan
imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar
yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri
ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks
halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt
deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu
prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq
prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə
çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və
indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə
gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki
Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi
davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün
məsuliyyət onun və onun hökumətinin üzərindədir”. Ölkə
Prezidenti qeyd edib ki: "Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu
başa düşür. Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onların
ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə
davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək olmaz. Digər bir təxribat
Azərbaycanın qədim Şuşa şəhərində qondarma "Dağlıq Qarabağ lideri”nin qondarma
"andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma "Dağlıq
Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların
hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma "Dağlıq Qarabağın
parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün?
Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan
olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş
etdirirlər. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və burada
məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey
danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların
aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə
və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər
ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən
azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət
daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına
müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı
ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə
erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab
edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların
nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan
bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar
"Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz
baxarıq”. Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bunu
ölkə başçısı çıxışında da vurğulayıb. Qeyd edib ki: "Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu
günlərdə mənə zəng vuran liderlərə bu mesajı çatdırmağa çalışıram ki, başlayan
Azərbaycan tərəfi olmayıb. Biz özümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə
etdiyimiz kimi cavab verməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə
itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Bu səhər mən məlumat aldım ki, mülki
şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlarımız
arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox
evə ziyan dəyib və ya tamamilə dağılıb. Onlar bizim kəndlərə, insanlarımıza
hücum edir, bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər. Dünən
onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar.
Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə
çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi
günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər.
Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları
müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər. Atəşkəs
– yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən
çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar,
qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən
təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə
ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə
torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə
istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində
toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl
olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və hərbi
təxribatlar barədə dediklərimi nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə
ağlabatandır”. Azad
edilən ərazilər haqqında fikirlərini
bölüşən ölkə başçısı bildirib ki: "Çünki bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır.
Bu ərazilər bizim insanların əsrlərboyu yaşadığı ərazilərdir və onlar ermənilər
tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər
və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı
internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin
olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə
olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu
güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz
heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən
güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30 ildir bir arzu ilə, bir
amalla yaşayır – geri qayıtmaq. Mən sizə 2016-cı ilin aprelində yenə də erməni
təcavüzü nəticəsində əks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə
bağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biri ermənilər tərəfindən
dağıdılmışdı və azərbaycanlılar geri qayıda bilmirdilər, çünki ermənilərin
mövqeləri dağlarda idi. Biz qaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o
torpağı görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya
qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir
və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız
indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri
qayıdacaq. Geri qayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir
tikili belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri
yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Çünki ermənilər bizə
qarşı mədəni soyqırımı törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri
dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir
edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdiriblər. Bütün
adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni
hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail
olacağıq”. Ölkə başçısı bildirib ki: "Beynəlxalq hüququn
Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki,
orada ərazi bütövlüyü prinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq
hüququn mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMT Nizamnaməsinə,
Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin
ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi
bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə
bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə
ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni
xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti
var. Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar, onlar
Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar.
Qoy, onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə
məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına
görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası
necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır - gəlmək, dəstək
istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk
xəbərlər hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin
tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə
vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan
ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə
hüququ versinlər. Onda baxaram onların reaksiyası necə olacaq”. Dövlətimizin başçısı vurğulayıb ki: "Biz bu münaqişənin
regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək
istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı
feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər.
Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə
üzləşdikləri bir vaxtda, onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə
çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun
olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin
maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya,
İran region ölkələridir. Digər ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur.
Onlar region ölkələri deyil. Onların danışıqlara şərait yaratmaqla bağlı
mandatı var, çünki bu, 1992-ci ildə baş verib. Biz, şəxsən mən Minsk qrupunun
belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait
yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik,
əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən konkretləşdirmək istəmirəm, lakin bəzi
ölkələrin qərəzli davranışı səbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə,
biz, xüsusilə region ölkələrinin münaqişədən kənar durması, heç bir halda
münaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və Ermənistana xəbərdarlıq
etməliyik – işğalı dayandır. İşğalı dayandır və onda siz xeyrini görəcəksiniz.
Onda siz uzun illər ərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı
məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində regional
layihələrə inteqrasiya edəcəksiniz. Beləliklə, biz bu münaqişənin mümkün qədər
tez bir zamanda dayanması, həllin mümkün qədər tez tapılması üçün əlimizdən gələni
etməliyik. Biz "bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım
edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə
eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll
olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə,
yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk
edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah,
bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk
edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox
ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.
Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb.
Bunu ölkə başçısı çıxışında da bildirib: "Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla bağlı artıq bəyanatlar
vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən,
ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident
Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış
sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın
yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk
qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin
Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada
yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi
Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut
yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə
baş verdiyini görə bilər. Mən təəccüblənirəm, niyə Minsk qrupunun həmsədr ölkələri
– Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət
bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət
etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir”. Ölkə başçısı Ermənistanın
Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittiham etməsi
barədə də danışıb. Qeyd edib ki: "Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus
F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya
uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa
çırpılıb”. Prezident bildirib ki: "Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan
deyil, əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa prezidenti də bəyanat
verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış
olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil
versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma
demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin
iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə, özümüz edirik.
Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət
qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı
təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə,
bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan
əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın
Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri
deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya
qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu
kimi döyüşməyə gəlirsə, bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu
ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya
qoyulmasını tələb edirik”. Ermənistanın
gətirdiyi əcnəbi muzdlularla bağlı fikir bildirən ölkə başçısı qeyd edib ki: "Bizdə artıq bəzi kəşfiyyat
məlumatları var və bundan əlavə dünən mənə göstərdilər ki, internetdə videolar
var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların
formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə
oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm ki, bu, yetərlidir.
Onlar buna görə məsuliyyət daşımalıdırlar”. Dövlətimizin başçısı yekunda bir daha diqqətə çatdırıb ki: "Mən artıq
demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən
vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın
ərazi bütövlüyünü bərpa etməliyik, - diplomatiya işləyə bilər. Yeri gəlmişkən,
Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl biz danışıqlar masasındakı
məsələləri müzakirə edəndə ilk bənd o idi ki, münaqişə Azərbaycanın ərazi
bütövlüyü əsasında həll olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz
budur və düşünürəm ki, bunu tələb etməyə haqqımız var”. Bu gün bütün dünya
dövlətləri yaxşı bilir ki, Azərbaycanın konstruktiv mövqeyinə zidd
olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin
format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz "yeddi şərti” tərəfimizdən rədd
edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı
qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Çünki bütün
dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. GOYEZEN.AZ
Facebook-da paylaş