Mehriban Əliyeva: "Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır"
Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini
abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Bu barədə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram” səhifəsindəki paylaşımında
bildirilir. Paylaşımda deyilir: "Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın
işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman
əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı
hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni
təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və
inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan
etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına
məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ
bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl
bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün
rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb,
yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən
Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir.
Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası
istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə
Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli
sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə
başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici
mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası,
konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində
Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət
yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı,
tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün
Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar
oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Facebook-da paylaş