• Təqvim

  • Maraq



Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır


Ən ədalətli hakim olan tarix bu gün öz sözünü deyir, öz hökmünü diktə edir. Böyük Turanın birliyi başlayır, böyük Turan əsrinin ilk illərini yaşayırıq. Minilliklər öncə arzular olaraq formalaşmış Böyük Turan iki türk lideri – Türkiyə Azərbaycan dövlətlərinin rəhbərləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən gerçəkləşir. Bəli, XXI əsr Türk dünyasının əsridir. XXI əsr türk xalqlarının öz müstəqilliyi uğrunda, milli müqəddaratlarının təsdiqi uğrunda yaratdıqları Turançılıq ideologiyasının   əsridir. Və bu əsrə gedən yolu Azərbaycan Türkiyə qardaşlığı istiqamətləndirir. Qədimlərdə şahə qalxmış türk atları ilə deyil, lacıvərd səmalarda şahin kimi şığıyan bayraqdarlarla. Bəli, bu gün Qara dəniz Türkün bayrağına baxıb çırpınır, bu gün Azərbaycan Türkiyə qardaşlığı bütün türklüyə şan qatır. Min illərə söykənən bu dostluq, qardaşlığımız Dədə Qorquddan Koroğluya, Mövlanadan Nəsimiyə, Nuru Paşadan Çanaqqaladan Bakıya “Azərbaycanın kədəri, kədərimiz, sevinci sevincimizdir” deyən Atatürkdən “Bir millət, iki dövlət” deyən Heydər Əliyevə, nəhayət 44 günlük Vətən savaşında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyən Ərdoğandan, “Türkiyə bizim qardaşımızdır” deyən İlham Əliyevə qədər böyük, şanlı, şərəfli, tarixi bir yol keçmişdir. Yaxşı günlərdə də, çətin günlərdə də daim bir-birinin yanında olan Türkiyə Azərbaycan münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf etməklə dünyaya türkün birliyini, türkün gücünü nümayiş etdirir. Ulu Öndər tərəfindən möhkəm təməl üzərində qoyulmuş bu qardaşlıq, müttəfiqlik, tərəfdaşlıq münasibətləri ilə daha da inkişaf etməkdədir. Və bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə Azərbaycan ilə Türkiyənin münasibətlərini dünyaya bildirən bir mesajdı. İki ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi olan Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin bütün müstəvilərdə davamlı inkişafın təminidir. Sülhə və inteqrasiyaya yol açan bu Bəyannamə iki qardaş xalq arasında siyasət, beynəlxalq, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə etməklə hərbi əməkdaşlıq, regional iqtisadi layihələr fonunda gələcəyimizi müəyyən edir. Qarabağda Türkiyənin varlığını sübut edəcək və dünyaya verilən siyasi, diplomatik bir mesaj olan Şuşada konsulluğun açılmasının isə  iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. 


Bəyannamənin imzalanması tarixinin böyük rəmzi mənası var. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir...” Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri təkcə iki qardaş ölkə üçün deyil, eyni zamanda, bütünlükdə türk dünyası üçün əhəmiyyətli bir tarixi akt, Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir. Necə ki, Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirində söylədiyi kimi:

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.


Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.


Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.


Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.


Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə     

Ceyhunə HÜSEYNOVA

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru 



Facebook-da paylaş